"Nazirlər Kabinetinin son qərarı daha çox siyasi məqsədlər üçündür"

31 Avqust 2020 10:04    445 Baxış   
"Nazirlər Kabinetinin son qərarı daha çox siyasi məqsədlər üçündür"
Bu qərar sadə insanların müasir dünyanın texnoloji inkişafından və tərəqqisindən geri qalmasına xidmət edir

Bildiyiniz kimi, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Dəyişiklikdən sonra, sentyabrın 20-dən başlayaraq, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək. Bir sözlə, şəxsən gətirilən mal 800 ABŞ dollarından, poçtla göndərilən mal isə 300 dollardan yuxarı olduqda ondan rüsum tutulacaq. Əvvəllər, belə rüsumlar müvafiq olaraq gömrük dəyəri 1500 və 1000 ABŞ dollarından yuxarı mallardan tutulurdu.

Bu qərarla bağlı müxtəlif şərhlər verilir. Mən də buna dair post yazıb etirazımı bildirmişəm, eləcə də bu məsələyə münasibətdə müxtəlif aspektlərdən olan şərhləri oxumuşam. Bu dəfə isə fərqli bir yanaşma ilə bu dəyişikliyin yaradacağı problemləri sizin diqqətinizə çatdırmaq istərdim.

Öncə qeyd etmək istərdim ki, bu dəyişiklik yalnız fiskal məqsədlərə və inhisarçıların maraqlarına deyil, həm də siyasi mənafelərə xidmət edir. Hazırda pandemiya dövründə səfərlərə tətbiq edilən məhdudiyyətlərə görə ölkəyə fiziki şəxslərin mal gətirməsi onsuz da asan deyil. Odur ki, bu şəraitdə poçt göndərişləri artırdı. Poçt göndərişləri ilə ölkəyə gətirilən mallar arasında elektrotexnika məhsulları üstünlük təşkil edirdi. Çünki tələbələrin dərslərinin onlayn olması, bəzi şirkətlərin işçilərini evdən işlətməsi, xüsusilə də yeni növ kompüter, planşet və telefon avadanlıqlarına tələbatı artırırdı. Ölkədə xariclə müqayisədə telefonların və notebookların həddindən baha olması səbəbindən yaranmış tələbatını xaricdən mal sifariş verməklə ödəmək istəyənlər günbəgün artırdı.

Hazırki qərar belələrini məcbur edəcək ki, bu tip alışlarını bundan sonra oliqarxlara məxsus yerli mağazalardan bahasına ödənişlə həyata keçirsinlər. Buna imkanları olmayanlar isə köhnə telefon və kompüter avadanlığı ilə davam edib, ehtiyaclarını ödəyəcəklər. Bu isə yeni texnika və texnologiyaları çıxışı əngəlləyən hakimiyyətin həm iqtisadi və həm də siyasi maraqlarına xidmət edir. Bundan sonra informasiyanı, əsasən, internetdən əldə edənlərin texnikalarını yeni və sürətli texnologiya ilə əvəz etməsi prosesi ləngiyəcək, müasir texnologiyaları əldə etmək hər kəs üçün əlçatan olmayacaq. Belə olanda da video çəkib yayanlar da, internet televiziyaları izləyib bu hakimiyyətin pis əməllərindən xəbər tutanlar da çətinliklərlə qarşılacaq. Ölkə, ən başlıcası da insanlar müasir dünyanın texnoloji inkişafından və tərəqqisindən geri qalacaqlar. Bu hökümətə lazım olan əsas budur. Onlar yeni texnikaya və müasir texnologiyaya siyasi silah kimi baxırlar.

Qubad İbadoğlu, iqtisadçı-alim



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar