Azərbaycan şahmat gedişi ilə Ermənistan adlı dövlətin gələcəyini əlindən aldı
Müharibə başlayanda bəziləri elə düşünürdü ki, burda iki tərəf var. Azərbaycan və Ermənistan. Ancaq istənilən iki ölkənin müharibəsində heç zaman iki tərəf olmur. Hər iki tərəfin yanında olanlar, müharibədə aktiv olmasa da tərəfkeşliyini ortalığa qoyan ölkələr olur. Bu tərəflər hər zaman müharibənin necə sonlanacağını müəyyənləşdirirlər. Elə 45 günlük Vətən müharibəmizdə də, bundan öncəki 90-cı illərdəki müharibədə də müxtəlif tərəflər var idi və nəticə onları qane edirdi.
90-cı ildə Azərbaycanın Qarabağı itirməsində önəmli rol oynayan amillərdən biri də ölkəmizin ortada tək, tərəfsiz qalması idi. Düşmən ölkə və onun havadarları ölkəmiz haqqında müxtəlif informasiyalar yaymaqla həm də əksər ölkələri bizim məğlub olmağımıza razı saldılar. Nəticə də göz önündə idi. O zaman ulu öndər Heydər Əliyevin atəşkəs sazişinə imza atması, təkcə ölkəni paramparça olmaqdan qurtarmağa hesablanmamışdı. Həm də gələcəkdə Qarabağın əbədi Azərbaycan torpağı olmasına hesablanmışdı (Bu barədə geniş bir məqalə yazmaq olar) Lakin bizim məqsədimiz bu haqda yazmaq yox, baş verən proseslər və gələcəkdə nələrin olacağı haqqında nigaran qalanlara düşündüklərimizi çatdırmaqdır.
2020-ci ildə Vətən müharibəsinin başlanğıcı əslində 2016-cı il aprel hadisələri ilə başlamışdı. Aprel hadisələri göstərdi ki, aslan ürəkli əsgərlərimizlə düşməni səngərdə məğlub edə bilərik. Amma burda hadisələrə başqa tərəflər qoşulacaq. Deməli, qarşı tərəfləri də haqq mübarizəsində zərərsizləşdirmək və yaxud ən azından kənarda durmağa məcbur etmək lazımdır. Eyni zamanda silah arsenalında dəyişikliyə getmək, ən müasir silahlarla silahlanmağın vacibliyi ortaya çıxdı. Son dörd il ərzində Azərbaycan istər beynəlxalq aləmdə, istərsə də daxildə bütün gücünü buna sərf etdi. 2020-ci ilin iyul hadisələri (Tovuzda baş verən hadisələr) Azərbaycan üçün göydəndüşmə bir şans oldu. Bu hadisələr bizim beynəlxalq mövqelərimizi daha da gücləndirdi.
Ermənistanın terrorçu hərəkətləri və beynəlxalq layihələrə təhdid yaratması, Azərbaycanın haqlı mübarizəsinə başlaması üçün vacib kart idi. Ancaq bu zaman Azərbaycan beynəlxalq aləmdə onun tərəfini saxlayacaq dövlətlərin kimlər olduğunu da müəyyənləşdirməli idi. Tovuz hadisələrinə beynəlxalq aləmdən gələn münasibətlər də xeyrimizə oldu. Türkiyə bu haqlı savaşda tərəfimizi saxlayan NATO təmsilçisi kimi ilk ölkə oldu. Ardınca İsrailin, Pakistanın, Böyük Britaniyanın, Ukraynanın və digər ölkələrin reaksiyaları haqlı savaşımıza baslamağımızı sürətləndirdi.
27 sentyabrda başlayan müharibədə əslində heç bir ölkənin gözləmədiyi proseslər baş verdi. Qısa müddətdə Azərbaycan ordusunun şanlı zəfər yürüşü başda elə öz ölkəmizin vətəndaşları olmaqla, bütün dünyanı heyrətləndirdi. Rus və fransız hərbçilərinin layihələri əsasında tikilmiş Ohonyan səddinin qısa müddətdə yarılması, Azərbaycan əsgərinin qısa müddətdə Şuşaya bayraq sancması bütün ölkələri təəccübləndirdi. Rusiya əgər bir az da gözləyəcəyi təqdirdə Azərbaycan ordusunun işğal olunmuş bütün torpaqları azad edəcəyini gördüyü üçün, hadisələri qabaqladı. Əgər Rusiya sona qədər gözləmə mövqeyində dursaydı Qafqazda və dünyada öz hörmətini, təkcə hörmətini yox, təsir mexanizmini də itirə bilərdi. Bunu da Rusiya əlbəttə ki, istəməzdi. Ermənistan hökumətinin və Ermənistan tərəfdarı olan bütün ölkələrin səyi (Ermənistanı silahlandırmaq, Azərbaycan prezidentini boğaza yığmaq) heç bir nəticə vermədi.
Azərbaycan həm öz torpaqlarını işğaldan azad etdi. Həm Qarabağla bağlı beynəlxalq status məsələsini həll etdi, həm də Azərbaycana daha çox lazım olacaq Zəngilandan Naxçıvana açılacaq dəhliz məsələsini masaya qoydu və inadkarlıqla buna nail oldu.
Müharibə bitəndən sonra rus sülhməramlılarının döyüş bölgəsinə daxil olması, əksər insanları qıcıqlandırsa da, bir şeyi nəzərdən qaçırdılar. Azərbaycanın illərlə çalışıb vuruşduğu və axır ki nail olduğu NATO ordusu artıq ölkəmizdə. Bu ordu Türkiyə bayrağı ilə olməmizə daxil oldu. Faktiki Türkiyənin Azərbaycanda olması, NATO-nun Azərbaycanda olması deməkdir.
Bəllidir ki, müharibənin nəticəsindən razı qalanlar və narazı olanlar olacaq. Əslində bu müharibənin belə sonuclanmasında bütün tərəflər qazanclı çıxır.
Belə bir sual yaranır ki, Ermənistanın qazancı nədir?
Əgər müharibə davam etsəydi, Ermənistan Zəngəzuru da itirəcəkdi. Düzdür, onların erməni ağlı hələ bu qazancı görməyə imkan vermir. Hələ də İrəvanda buna görə mitinqlər davam edir və əgər bugünkü statusla razılaşmasalar, gələcəkdə daha ağlar günə qalacaqlar.
Azərbaycanın qazancı nə oldu? Əvvəla məğlub xalq və məğlub ordu söhbəti cəhənnəmə getdi. İkinci məsələ 30 illik siyasi danışıqlarda əldə edə bilmədiyimiz 5+2 formatı, Qarabağa status verilməsi məsələsi gorbagor oldu. Üçüncüsü, tarixi torpaqlarımız geri alındı, heç bir itki vermədən, 3 rayon dekabrın 1-ə qədər bizim olur. Bütün torpaqlar Azərbaycanın idarəetməsində olur. Və ən mühüm məsələ, Beynəlxalq tranzit heç bir ölkəyə minnət etmədən öz ərazimizdən keçir. Əslində bu gələcəyə hesablanmış ən böyük uğurdur. Bunu kimlərsə görməzdən gələ bilər. Amma Azərbaycan Beynəlxalq İpək yolunun mərkəzi rolunu alır və müxtəlif təhdidlərdən qurtulur. Bax, bunu necə qələbə hesab etməmək olar? Axı biz bu şahmat gedişi ilə Ermənistan adlı dövlətin gələcəyini əlindən almış oluruq. Belə olmasaydı bu gün erməni siyasətçiləri bir-birlərini sosial şəbəkələrdə qırmazdı, bir-birlərinə Siz Qarabağı yox İrəvanı satdınız ittihamları ilə saldırmazdılar.
Bu müharibədə Rusiyanın və Türkiyənin də qazancı var.
Rusiyanın qazancı ondan ibarətdir ki, Amerikada Baydenin prezident seçilməsi artıq Rusiya üçün böyük bir təhdidin başlanğıcıdır. Rusiya son illər yüksək sürətlə zəifləməyə başlayıb və bölgədəki konflikt getdikcə onun üçün başarğısından başqa heç bir şey vəd etmirdi. Hazırkı sülh şəraiti isə Rusiyanın beynəlxalq aləmdə imicini gücləndirdi. Həm də Qafqazda hələ də söz sahibi olduğunu dünyaya nümayiş etdirə bildi. İkinci tərəfdən Gürcüstandan sonra Ermənistanın Rusiya təsirindən çıxması, Azərbaycanın isə ondan asılı olmayan siyasət yürütməsi Rusiya üçün xoş sayılacaq bir şey deyildi. Nəhayət, Rusiya hər iki ölkənin maraqlarının qarantoru kimi çıxış etməklə, yalnız müharibə yox, sülh gətirən ölkə imici də yaratmış oldu.
Nəhayət, Türkiyə haqqında bunu demək olar ki, qardaş ölkə istər müharibə dövründə, istərsə də sülh şəraitində dünyaya növbəti mesajını vermiş oldu. Dünya beşdən ibarət deyil, biz artıq hər yerdəyik. Türkiyənin son illər Rusiya ilə dostluğu və bu iki ölkənin birgə maraqları həm hər ikisini gücləndirir, həm də Türkiyənin qoca Avropanı artıq arxa plana atmasını səciyyələndirir. Türkiyə Hulusi Akarın dediyi kimi Qarabağda olacaq, həm də öz ordusu ilə...
Bu isə o torpaqlarda bir daha münaqişə yaranmayacağını şərtləndirən ən böyük amildir. Türkiyə həm də Azərbaycan ərazisindən keçəcək tranzit xətlərin növbəti stansiyasıdır.
Beləliklə, demək olar ki, Vətən müharibəsi vaxtında başladı və vaxtında da bitdi.
Bu qələbə Vətənimiz, millətimiz üçün böyük bir uğurdur.
Vətənimizin torpaqları uğrunda şir kimi döyüşərək şəhid olan hər bir Azərbaycan övladına Allah rəhmət eləsin. Yaralananlara Allahdan şəfa diləyir, qazilərimizə isə bu müqəddəs amal yolunda uğurlar arzulayıram!
Elmar Hüseynov