Ramiz Mehdiyevin ən qorxunc cəhəti

15 Fevral 2022 16:24    11403 Baxış   
Ramiz Mehdiyevin ən qorxunc cəhəti
Akademik Ramiz Mehdiyev kifayət qədər maraqlı adamdır. Onun istər zahiri görünüşü, istər hərəkətləri, istərsə də danışığı bir az da sirli halə içərisindədir.

Bütün haqlı-haqsız iddialarımıza rəğmən biz Mehdiyev yoldaşı hələ də axıracan tanıya bilməmişik. Şəxsiyyəti ətrafındakı mistik əhval da bununla bağlıdır.
Ölkədə yeganə adamdır ki, susması da hadisə olur.

Müşahidə etdiyim qədər, o, istənilən vaxt ölkə gündəmini dəyişə bilib. Yadımdadır, hələ bir-birinin ardınca şok hadisələr yaşamadığımız çağlarda bir də görürdün, iri bir məqalə ilə çıxış edib aləmi bir-birinə vurdu. Misal üçün, televiziyalar, kino, mədəniyyət, hətta “Ədəbiyyat qəzeti”nin o zaman zəif çıxması ilə bağlı gündəmə bomba kimi düşən fikirlərini xatırlayıram.
Bu dəfə isə onu özü istəmədən gündəmə gətirdilər.
Və istefayacan qovdular.

Haqqında dəhşətli ittihamlar, hətta təhqiramiz fikirlər səsləndi. Kənardan bir yazar gözü ilə vəziyyət xeyli cazibədar, xeyli də komik görünürdü. Onun haqqında xoruz səsi eşitməmiş sözlər deyilirdi.
Məncə, bu ittihamlardan ən ilginci bu idi: Ramiz müəllim heç vaxt musiqi dinləmir!
Şəxsən mən bu ittihamı eşidəndə, türklər demiş, tüklərim dikən-dikən oldu. Çünki özüm bir zamanlar musiqi duyumu olmayan bir tanışım üzərində analoji müşahidə aparmışdım.

O, nəsr yazmaqla məşğul idi. Lakin heç cür alınmırdı. Mənsə onu bir tipaj kimi həssaslıqla izləyirdim. Adam inadla yazırsa, heç olmasa, bir hekayəsi, heç olmasa bir abzası, heç olmasa bir cümləsi alınmazmı? Heç olmasa karıxıb yaxşı bir şey yazmazmı?

Onda heç nə alınmırdı və mən bunun sirrini açmağa çalışırdım.

Xırda hisslərlə yaşayırdı, bilirdim. Adamlara asanlıqla pislik edə bilirdi. Vicdan əzabı onun üçün sadəcə bədii əsər mövzusu idi. İfrat rasional yanaşırdı hər şeyə. Ən irreal mətləblərin də üstünə xətkeşlə gedirdi. Misal üçün, Adəmin yaşını müəyyən etməyə çalışır, qəbrinin yerini axtarır, Yerin kürə olduğunu yazmadığı üçün Quranı mənasız kitab hesab edirdi.

Onun üçün predmet və hadisələrin məcazi mənası yox idi.

Lakin əsl səbəb bu deyildi.

Bəs nə idi?

Sualın cavabını çox sonralar tapdım və əməlli-başlı şok yaşadım.

O, heç vaxt zümzümə etmirdi!

Bu, dəhşət idi!

Ömrü boyu zümzümə etməyən adam təsəvvür edirsiniz?

Lap Patrik Züskindin bədənindən heç bir qoxu gəlməyən Qrenuyu yada düşür. Bu çatışmazlığın əvəzinə Qrenuyda qeyri-adi qoxubilmə hissi vardı. Bəs bizim qəhrəman hansı özəlliyi ilə seçilirdi?

Heç nə!

Onun içi bomboş idi!

Müşahidə etdikcə dəhşətə gəlirdim. Sosial şəbəkə hesablarında musiqi paylaşmırdı. Bir dəfə də kiminsə ifasından və ya oxumasından danışdığını görməmişdim. Onun üçün ritmlərdən və ahənglərdən ibarət bu əsrarəngiz okean mövcud deyildi.

İnsanın beş duyğu üzvü var, amma duyğular beş deyil, milyonlarladır. Yeddi notla sonsuz melodiyalar bəstələnən kimi, beş duyğu üzvü ilə sonsuz hisslər yaşanır. Lakin lap dərindən fikirləşəndə bu hissləri yaşamaq üçün insan bədənində xüsusi mexanizm olduğunu görə bilərik.
O cümlədən musiqi duyumu insanın olmazsa olmaz üstünlüyüdür və onun fitrətində xüsusi proqram kimi yerləşdirilib. Bir çox heyvanların belə musiqiyə həssaslığı elmə məlumdur. Buddistlər təbiətin də eşitdiyinə və təsirləndiyinə inanırlar.

Səmavi kitablarda tanrı xüsusi ahənglə - musiqi ilə danışır.
İlk insan içində ritm tutmasaydı oxunu sərrast ata, ovunu vura bilməzdi. Sonralar bu ritual ahəngə, intonasiyaya çevrilərək təkcə musiqini deyil, bütün sənəti yaratdı.

Bəzən insan öz doğması ilə qucaqlaşmaq, üzünü-üzünə söykəmək ehtiyacı duyur. Dünyanın hər yerində belədir. Amansız kovid pandemiyası da bəşəriyyətə bu unikal adətini tərgitdirə bilmədi.
İnsan insanı qucaqlamaqla, üzünü-üzünə söyləməklə onu daha dərindən hiss edir, duyur, bir növ içindəki səsi eşidir.

Musiqi ilə biz bütün insanları, hətta ölkələri, xalqları bu cür qucaqlaya, üzümüzü-üzünə söykəyə, içindəki səsi eşidə bilirik. Bu hissdən məhrum olanlarla insanlıq arasında keçilməz bir uçurum yaranır. Məncə, musiqi hissiyyatından məhrum olanları nəzarətsiz qoymaq olmaz.

Şəxsən mən belə adamlardan qorxuram.

Şərif Ağayar


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar