Rekonkista hərəkatını iki əsr gecikdirən qələbə: Zəllaqə savaşı

26 Noyabr 2020 10:01    1580 Baxış   
 Rekonkista hərəkatını iki əsr gecikdirən qələbə:  Zəllaqə savaşı

1031-ci ildə Əndəlüs Əməvi dövlətinin süqutundan sonra ortaya çıxan kiçik dövlətlər (müluk-ət-təvaif) arasındakı münaqişələr şimaldakı xristian krallıqları arasında rekonkista (müsəlmanların Əndəlüsdən çıxarılması) hərəkatının güclənməsinə səbəb olmuşdu.

Bu hərəkatı uğurla başa çatdırmaq əzmində olan Kastiliya kralı VI Alfonso bir tərəfdən müsəlman hökmdarları özündən asılı hala salır, digər tərəfdən də torpaq ələ keçirməyə çalışırdı. O, 1085-ci ildə Əndəlüsün strateji baxımdan mühüm Tuleytula (Toledo) şəhərini işğal edir. Bu istila Alfonsonu Əndəlüsün digər şəhərlərini də ələ keçirmək istiqamətində daha da cəsarətləndirir və o, Saraqustanı (Saraqosa) mühasirəyə alır. Daxili muharibələr və xristian krallıqlara ödənilən ağır vergilər səbəbilə güclərini artıq dərəcədə itirən müsəlman əmirlər bu istila dalğasının qarşısını almaq üçün Məğribdəki güclü Murabitlər dövlətindən kömək istəmək qərarına gəlirlər. Əvvəlcə İşbiliyədə (Sevilya), sonra Qurtubada (Kordova) aparılan danışıqlarda müsəlman əmirlərin, təqribən hamısı murabitlərə nümayəndə heyəti göndərilməsi barədə razılığa gəlirlər. Əftasi əmiri Ömər əl-Mütəvəkkilin qələmə aldığı məktub on üç əmirin razılığı ilə Murabit hökmdarı Yusif ibn Taşfinə göndərilir. Yusif ibn Taşfin kömək istəyini müsbət cavablandırır və onun başçılıq etdiyi Murabit ordusu 30 iyul 1086 tarixində Əndəlüsə gəlir. İşbiliyə, Qırnata (Qranada), Maləqa (Malaqa) və Batalyevsdən (Badaxos) gələn əndəlüslü əmirlərin qüvvələri də Murabit ordusuyla birləşir.

Murabitlərin Əndəlüsə gəldiyini xəbər alan VI Alfonso Saraqustanın mühasirəsini dayandırıb Araqon, Qalisiya, Asturiya, Leon və Cənubi Fransadan yığdığı ordu ilə müsəlman ordusunu qarşılamağa çıxır. Müsəlman və xristian orduları Zəllaqə düzündə qarşı-qarşıya gəlirlər. Batalyevsdən 12 km şimal-şərqdə yerləşən bu yerin adı İslam mənbələrində Zəllaqə, xristian mənbələrində isə Saqraxas şəklində qeyd edilir. İki ordunun sayı haqqında müxtəlif məlumatlar mövcuddur. İslam mənbələrində xristian ordusunun, xristian mənbələrində isə müsəlman ordusunun daha böyük olduğu yazılır. Hər bir orduda, təxminən 100 min əsgərin olduğunu söyləmək mümkündür.

Mənbələrdə qeyd edildiyinə görə, Yusif ibn Taşfin savaşdan öncə kral Alfonsoya elçi heyəti göndərərək ya müsəlmanlığı qəbul etməsini ya da cizyə ödəməsini, bunlardan birini qəbul etmədiyi təqdirdə isə savaşa hazır olmasını bildirir. Elçilər kralın hüzuruna cümə axşamı günü çıxır. Alfonso məktubu oxutduqdan sonra yerə atır və elçilərə, “Sultanınıza savaş meydanında hesablaşacağımızı söyləyin” dedikdən sonra cümə gününün müsəlmanlar, şənbə gününün öz ordusundakı yəhudilər, bazar gününün də xristianlar üçün müqəddəs gün hesab olunduğunu söyləyərək bazar ertəsi günü döyüşməyi təklif edir, Yusif ibn Taşfin də bu təklifi qəbul edir. Ancaq Abbadi əmiri Mötəmid Kastiliya kralının əsas məqsədinin cümə günü hücum etmək olduğundan, sözügedən təklifi də məhz bu məqsədini gizlətmək üçün etdiyindən şübhələnərək qarşı tərəfi izləməyə başlayır və xristian ordusunun qəfil hücuma hazırlaşdığını öyrənir. Beləcə Mötəmidin fərasəti sayəsində müsəlman ordusu hazır vəziyyətə gətirilir. Xristian ordusu həqiqətən cümə günü hücuma keçir. Döyüşün əvvəlində üstünlüyü ələ alan xristian ordusunun ardıcıl həmlələri qarşısında tab gətirməyi bacaran müsəlman ordusu qızğın döyüşü öz lehinə çevirməyə də nail olur. Yusif ibn Taşfin ilə VI Alfonsonun özlərinin də vuruşduqları döyüş qaranlıq düşənə qədər davam edir. Yaralanan kral VI Alfonso az sayda əsgərlə döyüş meydanından qaçaraq canını qurtarır və savaş müsəlmanların qəti qələbəsi ilə nəticələnir (23 oktyabr 1086).


Ertəsi gün döyüş meydanının minlərlə xristian əsgərinin cəsədləri ilə dolu olduğu görülür. Döyüşdə müsəlmanların da az itki vermədikləri qeyd edilir. Döyüş o qədər qanlı keçir ki, yerə axan qanın çoxluğundan əsgərlərin ayağının tez-tez sürüşdüyü yazılır. Bu yerə İslam mənbələrində Zəllaqə adının verilməsinin səbəbi də budur. Belə ki, “zəllaqə” sözü ərəb dilində "sürüşkən yer" mənasını verir.

İslam tarixində qəti nəticəli savaşlardan biri olan Zəllaqə zəfəri Yusif ibn Taşfinin göndərdiyi fəthnamələrlə Məğribdəki məscidlərdə xalqa elan edilmiş, özü də şair olan Mötəmid-Ələllah başda olmaqla şairlər zəfərlə əlaqəli qəsidələr yazmışlar. Əndəlüsdə və Məğribdə xalq şükür namazı qılmış, qələbə şənlikləri təşkil edilmişdir.

Ancaq təəssüf ki, Zəllaqədə əldə edilən qələbədən müsəlmanların lazımınca istifadə etdiklərini söyləmək çətindir. Abbadi əmiri Mötəmid qaçan xristian qüvvələrini təqib etmək və daha da irəliləmək fikrini irəli sürsə də, Murabit sultanı Yusif ibn Taşfin gözlənilməz halla qarşılaşmamaq üçün bu fikirlə razılaşmır. Bir məlumata görə, onun bu qərarının səbəbi çox itki verilməsi idi. Deyilənə görə itkilərin çoxluğu onun cəsarətini qırmışdı. Başqa bir məlumata görə isə Mərakeşdə xəstə vəziyyətdə qoyduğu vəliəhd oğlu Əbu Bəkirin ölüm xəbərini qələbənin qazanıldığı gün alması bu qərarı verməsinə səbəb olmuşdu. Təcili şəkildə Mərakeşə qayıdan Yusif ibn Taşfin sırf yardım və cihad məqsədilə savaşdığını göstərmək üçün də qənimətdən pay almamış və əldə edilən bütün qənimətlər əndəlüslülərə qalmışdı. Beləcə xristian ordusu ağır bir məğlubiyyətə uğradılsa da, Kastiliya krallığı geniş ərazi itirməmiş, müsəlmanlar Tuleytulanı da geri ala bilməmişdilər.

Bununla birlikdə Zəllaqə qələbəsinin müsəlmanlara xeyri də danılmazdır. Belə ki, qələbə o dövrdə xristianlar qarşısında güclərini itirən Əndəlüsdəki müsəlmanları yox olmaqdan qurtarmış, xristian təsirinin qarşısını bir müddət almışdır. Bu zəfər əndəlüslülərin mənəviyyatını gücləndirmiş, qismən də olsa özlərinə inanmasına səbəb olmuş, eyni zamanda hələ XII əsrdə uğurla başa çatmağa yaxın olan rekonkista hərəkatını iki əsr gecikdirən mühüm bir dönüş nöqtəsi olmuşdur. Abbasi xəlifəsi Müqtədi-Biəmrillah da bu qələbə münasibətilə Yusif ibn Taşfinə “əmirəlmüslimin” və “nasirəddin” titullarını vermişdir.

Zaur Şüküroğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar