“Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmişdir”

30 Noyabr 2021 11:17    1036 Baxış   
“Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmişdir”


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 28-də İqti­sadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfəri bir sıra məqamları ilə yadda qaldı. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Zirvə Toplantısını açaraq təşkilatın bundan sonra da üzv ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğuladı.

Prezident cənab İlham Əliyev Zirvə Toplantısındakı çıxışının əvvəlində Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, quruma üzv dövlətlərlə münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını diqqətə çatdır­dı. Dövlətimizin başçısı nitqində son 18 il ərzində Azərbaycan iqtisadiyya­tının uğurları barədə də ətraflı söhbət açaraq, ümumi daxili məhsulun üç dəfədən çox artdığnı göstərdi. Ölkə rəhbəri daha sonra dedi: “Geniş­miqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatı­na 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Bizim strateji valyu­ta ehtiyatlarımız xarici dövlət borcu­muzdan 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq”.

Son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri–neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır. 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri–neft büdcə kəsiri, maliyyə–bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranmışdır. Davamlı inkişafı təmin edəcək yeni "avanqard" sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri–ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə–bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaqdır.

Azərbaycan iqtisadiyyatı son 10 il ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymuşdur. Bu müddətdə ölkədə həyata keçirilən iqtisadi siyasət iqtisadiyyatın həcminin əhəmiyyətli genişlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə, sosial–iqtisadi infrastrukturun tamamilə müasirləşdirilməsinə imkan vermişdir. 2004–2015-ci illər ərzində real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilmiş, ÜDM-in nominal həcmi isə 7,6 dəfə artmışdır.7 Dövr ərzində adambaşına ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəltmiş,8 əhalinin sosial rifahı əhəmiyyətli səviyyədə yaxşılaşmışdır. Yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla reallaşdırılması ölkənin neft gəlirlərinin artması ilə müşayiət olunmuş, əldə edilmiş maliyyə imkanları sürətli iqtisadi artımın maliyyələşdirilməsinə imkan vermişdir. 2004–2015-ci illər ərzində neft gəlirlərindən istifadə etməklə reallaşdırılmış iqtisadi artım modeli “aktiv şəkildə əsas kapitala investisiya qoyuluşu” xarakterli olmaqla, dövr üçün qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına zəmin yaratmışdır. Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunmuşdur. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilmişdir. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşmışdır. Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir. Aparılmış iqtisadi siyasət Azərbaycanın dünya ölkələri sırasında adambaşına düşən milli gəlirin həcminə görə nəzərəçarpacaq dərəcədə irəliləməsinə səbəb olmuşdur.



Fərhad Möhbalıyev,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Tədris və Elmi şlər üzrə prorektor, dosent, iqtisad üzrə fəlsəfə doktoru, əməkdar müəllim



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar