Telişli ekomiqrant icması üçün 4 yeni təsərrüfat yaradılıb

01 Fevral 2021 14:22    624 Baxış   
Telişli ekomiqrant icması üçün 4 yeni təsərrüfat yaradılıb

Avropa Birliyi son illərdə Azərbaycan regionlarında əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun təmin edilməsi məqsədilə 8 layihəni maliyyələşdirib. Onlardan biri "Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri" layihəsidir. “Ruzgar” Ekoloji İctimai Birliyinin təşəbbüsü ilə reallaşdırılan layihə İmişli rayonunun Telişli ekomiqrant qəsəbəsinin sakinləri üçün yeni gəlir mənbələrinin formalaşdırılmasına və yerli icmanın rolunun artmasına hədəflənib. Onun həyata keçirilməsinə Avropa İttifaqı 500 min manatdan artıq maliyyə dəstəyi göstərib.

Layihə barədə mediaya məlumat verən “Ruzgar” Ekoloji İctimai Birliyinin rəhbəri İslam Mustafayev bildirib ki, Telişli icmasının əhalisi 1250 nəfər, ailələrin sayı 276-dır. Əmək qabiliyyətli 870 nəfərin yalnız 70%-i kənddə yaşayır, 30%-i isə qazanc üçün müxtəlif şəhərlərə və xaricə köçüb: “İcma 2 kəndən və ekomiqrant qəsəbəsindən ibarətdir. 2010-cu ildə Kür çayının daşması nəticəsində kənddəki bir çox təsərrüfatlar, evlər yararsız hala düşüb. Sonradan həmin yerlərdə yaşayan ailələr üçün dövlət tərəfindən 104 müasir tipli evlər inşa edilib və ekomiqrant qəsəbəsi salınıb. Orada 104 ailə yaşayır. Su daşqını nəticəsində kənd təsərrüfatı sahələrinin yararsız hala düşməsi sonda kəndlilərin gəlirlərini kəskin surətdə aşağı salıb. Biz onların kənd təsərrüfatı təşəbbüslərini dəstəkləmək qərarı verdik”.



Beləliklə, Telişli ekomiqrant icması üçün gerçəkləşdirilən layihədə 5 fəaliyyət istiqaməti nəzərdə tutulub:

1. İcmaya məxsus otlaqların məhsuldarlığının artırılması, ekoloji təmiz məhsulların istehsalı üçün suvarma sistemlərinin təkmilləşdirilməsi;

2. Tərəkəmə xalçasının istehsalı sexinin yaradılması;

3. Yolüstü servis kooperativinin təşkili;

4. Hələb keçiləri təsərrüfatının yaradılması;

5. Balıqçılığın inkişafı üçün göl təsərrüfatının bərpası.

İ. Mustafayevin sözlərinə görə, layihəni 2017-ci ilin fevralında icma üzvləri yazıb. Layihə çərçivəsində təsərrüfatların yerləşməsi və onun ətraf mühitə təsirlərinin qiymətləndirilməsi aparılıb. Kanalın təmizlənməsi mümkün olub, 2,5 kilometr məsafədə kanalın işi bərpa edilib: “Yeni salınan ekomiqrant qəsəbəsində 30 ailəyə su gəlmirdi və onlar həyətyanı sahələrdə əkin apara bilmirdilər. Həmin ərazilərə 1,8 kilomert uzunluğunda yeni kanal çəkilib. Layihənin bu komponentindən təxminən 66 ailə yararlana bilib”.



Layihənin Hələb keçiləri komponenti çərçivəsində 200 keçinin bəslənə biləcəyi xüsusi suvarma-yemləmə sistemi, tullantıların idarəetmə sistemi ilə təmin edilən müasir ferma qurulub. 20 baş keçi alınıb. 8 ay ərzində onların sayı 45-ə başa çatıb. İ.Mustafayev 1 aydan sonra keçilərin sayının 70 başa çatacağını deyib. Keçilər adətən 2 və 3 bala verirlər. Bu təsərrüfatla məşğul olan icma üzvləri üçün xaricdən dəvət edilən mütəxəssislər müxtəlif treninqlər keçib. Yeri gəlmişkən, hələlik icmadakı 4 ailə keçi təsərrüfatı ilə məşğul olur. İ.Mustafayev kooperativ böyüdükcə 10 ailənin burada işlə təmin olumasına və gəlir götürməsinə imkan olacağını bildirib. Artıq bu ilin sonunda onlar təsərrüfatdan gəlir əldə edəcəklər.

Layihə çərçivəsində yaradılan digər məşğulluq sahəsi xalça sexi olub. Əvvəllər istifadəyə yararsız olan bir binada yerləşdirilib. Təbii ki, təmir edildikdən sonra. Layihə hesabına burada 4 hana qurğusu və toxucu komplekti alınıb quraşdırılıb. Hazırda 2 xalça toxunub, 2-sinin toxunmasına başlanılıb. İ.Mustafayev kənd qadınları bu məşğuliyyətdə aktivlik nümayiş etdirdiklərini vurğulayb: “Tərəkəmələrin həyat tərzində qoyunçuluq əsas yer tutur. Yun çox asan tapılır. İmişlidə fəaliyyət göstərən bir sahibkar xalça sexinə ildə 200 kiloqram yunu təmannasız verəcəyini deyib. Sexdə 15-ə qədər hava qurmağa yer var. Ancaq hamısını biz ala bilmirik. Qalanlarını kooperativ üzvləri özləri təşkil edəcək. Satışının təşkilində isə mütəxəssislər yardımçı olacaq”.

Yolüstü servisdə isə 20-25 nəfərin alver edə biləcəyi piştaxtalar qurulub, sanitar qovşaq tikilib, bağda yaşıllaşdırma işləri aparılır, su çəkilib. Yaxın gələcəkdə hər kəs bostanının kənarında satdığı məhsulları gətirib burada sata biləcəklər. Yolla gedən insanlar da ondan bəhrələnəcək.

Telişlidə balışçılıq nohuru da bərpa edilib. Son 10 ildə həmin nohurun istifadə edilmədiyini deyən İ.Mustafayev əlavə edib ki, hazırda orada ofis binası istifadə verilib. Gölün içərisi təmizlənib. Mart ayında oraya 600 kiloqramlıq körpə balıqların buraxılması təmin ediləcək. İ.Mustafayev yaxın gələcəkdə bu təsərrüfatların hər birinin icmaya gəlir gətirəcəyini deyib.

Xatırladaq ki, Avropa İttifaqı Azərbaycanda kənd yerlərinin inkişafı, kiçik ailə bizneslərinin qurulması və inkişafı, qadınların iştirakçılığının təmin olunması və onların inkişafı, təhsil layihələrini gerçəkləşdirib. 2014-cü ildən ölkəmizdə vətəndaş cəmiyyətinə dəstək üçün 40 milyon manat vəsait ayırıb. Regional və kənd təsərrüfatının inkişafı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın prioritetlərindən biridir. Hazırda Avropa İttifaqı regionların inkişafı üçün 15 qrant layihəni maliyyələşdirir. Bu layihələr eyni zamanda peşə təhsilinin inkişafı, kiçik ailə təsərrüfatlarına yardım, mikrosahibkarlığın inkişafı, məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması, aqroturizm, gənc sahibkarların dəstəklənməsi, inklüziv təhsil və s. kimi sahələrdə həyata keçirilməkdədir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, icma təşəbbüsləri gələn illərdə də davam etdiriləcək: “Biz hökumətlə növbəti 2 il üçün proqramımızı razılaşdırmışıq. Bunun üçün maliyyə vəsaiti ayrılıb. Onun əsas məqsədi pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasına yönəldilib. Ümid edirəm ki, bənzər layihələrə başlanacaq. Bu istiqamətdə işlər davam etdiriləcək”.



Fərqanə Sədirova



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar