ABŞ Prezidenti Donald Tramp "Fox News"a verdiyi müsahibədə İrana qarşı sərt strategiyasını və Yaxın Şərqlə bağlı gözlənilməz planlarını açıqlayıb.
Dominant.az xəbər verir ki, Tramp Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edərək, ABŞ-ın bu strateji ərazidə tam nəzarəti ələ ala biləcəyini və keçən neftin 20 faizini rüsum kimi götürəcəyini bəyan edib. O, İrana ünvanladığı mesajda bildirib ki, boğazın bağlanacağı təqdirdə İranın dövlət olaraq mövcudluğu təhlükə altına düşəcək və iranlılar hətta öz ölkələrinə qayıda bilməyəcəklər.
Prezident danışıqlar üçün 60 günlük bir müddət müəyyən etdiyini və bu vaxtdan sonra istənilən addımı atmaqda sərbəst olduğunu vurğulayıb. Tramp Tehranın provokasiyaları və nüvə fəaliyyətini dayandırmayacağı halda, ötən həftə endirilənlərdən daha güclü zərbələrin vurulacağını əlavə edib. Eyni zamanda, dünya bazarlarında qiymət artımını cilovlamaq üçün gizli əməliyyatla regiondan bir günə 19 milyon barel xam neft çıxardıqlarını etiraf edib.
İsrailin hərbi taktikasına narazılığını bildirən ABŞ Prezidenti, onların dağıdıcılıqdan başqa bir şey bacarmadıqlarını qeyd edib və "Hizbullah" məsələsinin həllini daha peşəkar hesab etdiyi Suriyaya həvalə etməyin mümkünlüyünü istisna etməyib. Qəzza məsələsində prosesin öz axarı ilə getməsini təklif edən Tramp, əsas prioritetin İranın zərərsizləşdirilməsi olduğunu bildirib və vurğulayıb ki, İran problemi həll olunduqdan sonra bir çox digər məsələlər öz yerini tapacaq.