Türkiyənin məşhur müğənnisi, xeyriyyəçilik fəaliyyəti ilə milyonlarla insanın rəğbətini qazanan Haluk Levent Birləşmiş Millətlər Təşkilatından (BMT) mühüm təklif aldığını açıqlayıb.
Dominant.az xəbər verir ki, müğənni sosial media hesabında paylaşdığı məlumatda hazırda ABŞ-də olduğunu, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Kommunikasiya Direktoru Najwa Mekki və onun komandası ilə görüş keçirdiyini qeyd edib.
Haluk Leventin sözlərinə görə, ona BMT nümayəndələri ilə birlikdə müxtəlif böhran və münaqişə bölgələrinə səfər etmək, humanitar sahə fəaliyyətlərində iştirak etmək təklif olunub.
“Bundan sonra müəyyən dövrlərdə BMT OCHA ilə sahədə çalışacağam. Bu mənim üçün böyük şərəfdir. Ölkəmi ən yaxşı şəkildə təmsil edəcəyimə inanıram”, – deyə sənətçi paylaşımında vurğulayıb.
Qeyd edək ki, Haluk Levent Türkiyədə qurduğu Ahbap Dərnəyi vasitəsilə ehtiyacı olan insanlara dəstək göstərir, həyata keçirdiyi sosial layihələrlə diqqət çəkir.
Zəhra