"Azərxalça" daha bir yeniliyə imza atıb

10 Sentyabr 2021 19:43    773 Baxış   
"Azərxalça" daha bir yeniliyə imza atıb

Sentyabrın 10-da “Azərxalça” ASC-nin Lənkəran filialına mediatur təşkil edilib.

Səfərin başlıca məqsədi bu bölgədə modern üslubda toxunan xalça nümunələri ilə tanış olmaq və ümumilikdə xalça istehsalı prosesini izləməkdir.

Jurnalistlərə məlumat verən filialın direktoru Nargilə Qəmbərova bildirilib ki, “Azərxalça” ASC-nin Lənkəran filialı 2018-ci il oktyabrın 15-də açılıb.

Binasının ümumi sahəsi 1249 kvadratmetrdir. Burada 86 toxucu və 9 inzibati-təsərrüfat işçisi çalışır, ən gənc toxucunun 20 yaşı, ən yaşlının isə 62 yaşı var. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir.

Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük verilir.

Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin bölgənin müxtəlif kəndlərindən toplanan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxunma prosesi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxtəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək və yaxud 4 nəfər toxucu birlikdə də toxuya bilir. Xanımlarımızın əl işləri bəyənilən və zövqoxşayandır. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə dərindən yiyələniblər. Toxucular gördükləri işə həvəslə yanaşır, hər kəs daha yaxşı xalça toxumağa çalışırlar.

Emalatxananın fəaliyyətə başladığı gündən kəsilən xalçaların sayının 463-ə çatdığını deyən Nargilə Qəmbərova bildirib ki, toxuduqları ən böyük xalça isə 2 ədəd 24 kvadratmetr ölçüdə olub.



“Son zamanlar “Azərxalça” ASC dünya və yerli bazarı nəzərə alaraq yalnız klassik Azərbaycan xalçalarını deyil, modern tərzdə də xalçalar təqdim edir. Həmin xalçaların dizayn üslubu dəyişilsə də, naxış elementləri, toxunma texnikası olduğu kimi saxlanılır. Yəni ənənəvi naxışlarımız olduğu kimi saxlanılır, yalnız rəng və dizayn üslubu müasir bazara uyğunlaşdırılır. Artıq bir qisim modern məhsullar bazara təqdim olunub və yeni xalçalarımıza duyulan maraq gözlənilən qədər çoxdur. Eyni zamanda, müasir yerli və xarici bazar yüksək keyfiyyət tələb etdiyindən biz hazırda kəmiyyətdən daha çox keyfiyyətə diqqət ayırırıq”, - deyə Nargilə Qəmbərova bildirib.

Xalçaların keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışan emalatxana müdiri bildirib ki, müəssisədə yeni struktur– keyfiyyətə nəzarət qrupu formalaşdırılıb. Qrup birbaşa müəssisələrdə istehsal prosesində keyfiyyətə xəta yetirən hər hansı bir qüsurun yerindəcə aradan qaldırılması ilə yanaşı, hazır məhsul anbara daxil olmamışdan qabaq da istənilən xətanı görüb tədbirini görür. Keyfiyyətə nəzarət qrupu yüksəkkeyfiyyətli texnoloqlar, toxucu və ekspertlərdən ibarətdir. Texnoloqlar keyfiyyətə, iplərin dövriyyəyə buraxılmasına, xammalın hərəkətinə xüsusi diqqət yetirir. Bu proses izafi xammalın yerlərdə, anbarlarda toplanıb qalmasının da qarşısını alır.


Xalça tətbiqi sənət növüdür. Burada ötəri insanların fəaliyyət göstərməsi mümkünsüzdür: “Son məhsul kimi ortaya çıxan xalça ilk növbədə onu toxuyanın simasıdırsa, sonrakı mərhələdə “Azərxalça”nın və təbii ki, ən əsası, Azərbaycanın simasıdır. Ona görə məhsullarımızın keyfiyyətinin yüksəldilməsi imicimizin yüksəldilməsi deməkdir”.

Mediatur zamanı emalatxanada modern dizaynla toxunmuş iki Qarabağ xalçasının kəsim mərasimidə baş tutub.


"Azərxalça" daha bir yeniliyə imza atıb. Artıq "Azərxalça"nın istehsal xalçaların arxasında QR kodlar olacaq. Bu isə o deməkdir ki, istər yerli vətəndaşlar, istərsə də əcnəbi şəxslər "Azərxalça"dan aldığı xalçalar haqqında lazımı məlumatları bu QR kod vasitəsilə əldə edə biləcək.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar