“Ermənistana edilən təzyiqlər nəticəsini verəcək” - ŞƏRH + FOTO

15 May 2023 19:31    4129 Baxış   
“Ermənistana edilən təzyiqlər nəticəsini verəcək” - ŞƏRH + FOTO

Mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Şarl Mişel tərəflərin müxtəlif məsələlərdə razılıqla bağlı irəliləyiş əldə etdiklərini, Aİ-nin bu müzakirələrdən məmnun qaldığını vurğulayıb. Aİ Şurasının prezidentinin açıqlamalarında nəqliyyat dəhlizinin açılması, iqtisadi əlaqələrin qurulması, humanitar məsələlərin həllinə vurğu edildiyi göstərilir.

Görüşün nəticələri haqqında Oxu.Az-a danışan politoloq İlqar Vəlizadə düşünür ki, razılaşmalar Azərbaycanın lehinədir. Amma politoloqun fikrincə, Ermənistanın bu dəfə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməyəcəyi sual altındadır:


“Şarl Mişel tərəfindən Brüssel görüşündən sonra səsləndirilən bəyanat çox əhəmiyyətlidir. Bu sənəd göstərir ki, əslində, Azərbaycan tərəfinin bütün tələbləri bu və ya digər şəkildə əksini tapır. Ermənistan tərəfi dəfələrlə deyib ki, Azərbaycan Ermənistanın indiki ərazisini, yəni 29,8 min kvadratkilometr hissəni tanımalıdır. Məntiqlə, Ermənistan tərəfi də Azərbaycanın indiki ərazisini tanımalıdır. Bu zaman isə 86,6 min kvadratkilometr ərazidən söhbət gedir. Ermənistanın təsdiqləyib-təsdiqləməməsindən asılı olmayaraq, Şarl Mişel bəyanatında ərazi problemini vurğulayıb. Bəyanata görə, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü Sovetlər dönəmində ölçülən miqyasda tanıyırlar. Bu, ondan xəbər verir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkibində tanıyır, Azərbaycana məxsus olan Qazax və Naxçıvan istiqamətindəki eksklavları Azərbaycan ərazisi kimi tanıyır. Çünki bu ərazilər Azərbaycanın 86,6 kvadratkilometr ərazisinə daxildir. Şərtə görə, Ermənistan Azərbaycan ərazilərindən birdəfəlik əl çəkməli, ölkəmizin daxili işlərinə qarışmamalıdır”.

Tərəflərin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu diqqətə çatdıran İlqar Vəlizadə Avropanın da buna müsbət yanaşdığını düşünür:
“Zəngəzur dəhlizinə aid olan dəmiryol xəttini, Qərb rayonlarını Naxçıvanla əlaqələndirmək üçün bu dəhlizin bərpasını hər iki tərəf dəstəkləyir. Avropa İttifaqı isə bu durumdan məmnundur, Zəngəzur dəhlizi ideyasına müsbət yanaşır. Hətta bəyanatda göstərilir ki, tərəflər müəyyən cədvəl çərçivəsində işlərə başlamalıdırlar. Burada tikinti, layihə, infrastruktur işlərindən söhbət gedir.

Bu danışıqlar zamanı müzakirə olunan humanitar məsələlər də vacibdir. Azərbaycan tərəfi dəfələrlə Ermənistana müraciət edərək mina xəritələrini və itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edirdi. Bu istiqamətdə də vacib addımlar atılıb. Yaxın gələcəkdə nəticələri görə biləcəyik. Ermənistanın buna necə əməl edəcəyini zaman göstərəcək. Əks halda vəziyyət dəyişilməz qalacaq və gərginlik səngiməyəcək.

Ümidverici haldır ki, tərəflərin növbəti görüşü gələn aya planlanıb. Bu zaman dünənki razılıqlarla bağlı fikir mübadiləsinin aparılacağını gözləmək olar. Zaman azdır, Ermənistan yaxın vaxtlarda öhdəsinə düşəni həyata keçirməyə başlamasa, iyun görüşü də əhəmiyyətsiz olacaq. Lakin Ermənistana təzyiqlər göstərilir və bunun öz nəticəsini verəcəyini düşünürəm”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar