Gəncə, Bərdə və Beyləqanda yerləşən sehrli məkanlar - FOTOLAR

29 İyun 2021 19:56    2238 Baxış   
Gəncə, Bərdə və Beyləqanda yerləşən sehrli məkanlar -  FOTOLAR

Tanınmış Gəncə, Bərdə və Beyləqan ziyarətgahları
Gəncə "İmamzadə ziyarətgah" kompleksi​ Gəncə şəhərinin təqribən 7 kilometrliyində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir.
Kompleksin içərisində xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan türbə var. Ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilən türbədə beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Memarlıq quruluşuna görə, türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal olunur. Türbənin günbəzinə mavi kaşıdan üzlük çəkildiyi üçün “Göy günbəz” adını alıb. İmamzadə kərpicdən tikilmiş, rəngarəng kaşılı, kərpic örtüklü günbəzə malikdir. Ətrafında isə məscid, sərdabə və digər türbələr inşa olunub.

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan İmamzadə ziyarətgahı 1946-cı ildən İmamzadə piri kimi fəaliyyət göstərib. 1970-ci illərdə İmamzadənin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilib. Müxtəlif vaxtlarda, hətta sovet dövründə, xüsusilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə İmamzadədə tarixi abidə kimi təmir-bərpa işləri aparılıb. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub. Dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib.
Bərdədə yerləşən​ Seyid Ağa ziyarətgahınıda​ ziyarət etdik. Dini​ kompleks 2013cü ildə Azərbaycan respublikasının prezidenti Canab İlham Əliyevin tapşırığına əsasənin inşa edilib.

Ocaqda və ziyarətgahda memarlıq üslubunda yenidənqurma işləri aparılmış, park salınıb, yeni türbə tikilib. Geniş zallar, namazgah, qurban kəsilməsi üçün otaqlar tikilib, buraya ​ gələnlər üçün lazımi şərait yaradılıb.

Seyid Yusif ağaya aid olan bütün əşyalar ocaqda səliqə ilə qorunub saxlanılır.

Seyid Yusif ağanın həm ocağında, həm ziyarətgahında çətin günlər, faciəli anlar yaşamış insanlara, şəhid ailələrinə, əlillərə lazımi yardım edilir.
Bu missiya da böyük oğlu Hacı Seyid Hüseynin və nəvəsi Hacı Seyid Səbuhinin üzərinə düşüb. İnsanların ürəyində müqəddəs məkana çevrilən “Seyid Yusif ağa ocağın”da daim gur işıq yanır, ziyarətçilər olur.

Sonuncu dayanacağımız "Cərcis Peyğəmbər" ziyarətgahı oldu. Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4​ km şimal-şərqdə,​ Şəfəq qəsəbəsi ərazisində yerləşir.

Ziyarətgah​ İsa peyğəmbərdən​ sonra, təxminən, III-IV əsrlərdə yaşamış və 77 il ömür sürmüş əslən Fələstindən olan Cərcis ibn Anaq adlı peyğəmbərin adı ilə bağlıdır. Dini rəvayətlərdə onun İsa peyğəmbərin həvarilərindən birinin şagirdi olduğu və bütün​ Tanrı​ elçiləri kimi tövhidi (təktanrılığı) təbliğ etdiyi bildirilir. Onun adı​ Yunan​ mənbələrində "Corcios" kimi göstərilir. Lakin dini-əfsanəvi rəvayətə əsaslanaraq "Cərcis" sözünün​ farscadan​ "Cahar cur", yəni dörd dəfə ölüb dirilən mənasına gəldiyini bildirənlər də var.

Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Hal-hazırda bu ziyarətgah​ Azərbaycanın​ bütün bölgələrindən, eləcə də​ Gürcüstandan və​ Dağıstandan​ gələn müsəlmanların inam və səcdə yeridir. Ziyarətgahın yanında Həzrəti Cərcis Peyğəmbər məscidi yerləşir.

Bizə bu turu təşkil elədiyinə göre başda Hacı İntiqam olmaqla,​ "Müctəba" tura öz təşəkkürümüzü bildiririk ​ (watsapp (055) 5888838). Allah hər kəsin ziyarətini qəbul etsin!

Günel Həsənova





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar