“Harda ki redaktor ölür, orda qəzet də ölür” - Region mətbuatının PROBLEMLƏRİ

21 Dekabr 2021 14:05    6893 Baxış   
“Harda ki redaktor ölür, orda qəzet də ölür” -  Region mətbuatının PROBLEMLƏRİ

Azərbaycanda region mətbuatı paytaxtla müqayisədə inkişafdan geri qalır. Əksər rayonlarda yerli qəzetlər mövcuddur , ancaq bir çoxları işıq üzü görmür. Regionlarda fəaliyyət göstərən qəzetlər əhalinin tələbatına cavab vermir. Bunun səbəbi böyük ehtimal ki, internet dövrünün olmasıdır. Artıq sosial şəbəkələr və internet sayıtları anında baş verəni hadisəni yayımladığı üçün, cəmiyyət də qəzetə çox müraciət etmir.

Region mətbuatının vəziyyəti necədir, hansı problemləri var, bu problemlərin əsas səbəbləri nədir? Bakıda çap olunan qəzetlər niyə rayonlara gec çatır?

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az-a deyib ki, region mediasının qarşılaşdığı çətinlik paytaxt KİV-lərinin qarşılaşmadığı çətinlikdən çox olub:

“Region mediasının paytaxta nisbətən çətinlikləri həmişə çox olub. Çap mediasının region mətbələri yoxdur. Əksəriyyəti məcburdu ki, paytaxta üz tutsun. Region mətbuatında yayımın infrastrukuru və informasiyanın əldə olunması ilə bağlı da problemləri var. Əyalət jurnalistlərinin peşəkarlığının artırılması ilə bağlı kurslara, təlimlərə cəlb olunması ilə əlaqədar da məsələlər həmişə olub. Bir vaxtlar bu çətinlikləri nəzərə alaraq, Mətbuat Şurasının tərkibində xüsusi bir kommisiyada yaradılmışdı”.

M.Ələsgərli qeyd edib ki, çap mediasının ümumillikdə geriləməsi prosesi, sosial şəbəkələrin inkişafı region mediasını daha da zəiflətdi:

“Müəyyən sistem yaradılıb, ortada olan yardımlardan faydalanmaq üçün region mediasıın da haqqı var. MEDİA Agentliyinin keçirdiyi müsabiqələrdə bir çox region təmsilçisi də sərbəst şəkildə iştirak edə bilir. Artıq bu sahədə müəyyən səliqə-səhman yaranıb, ümid edirik ki, region mediasının çətinlikləri aradan qalxacaq. Yayım məsələləri artıq internetin üzərinə fokuslanıb, ona görə də əvvəlki texniki problemlər də aradan qalxıb. Zaman və məkan problemi aradan qalxır.

Paytaxda çap olunan qəzetlərin rayona gedib çıxmamasının səbəbi yayımla bağlı ənənəvi strukturun dağılmasıdır. Bu problemin üzərinə çox düşülmədi, çünki bayaq qeyd etdiyim kimi, yayımın forması dəyişib. Bundan sonra da o məsələyə ciddi baxılmayacaq, indi maliyyə rəqəmsal yayıma qoyulur”.

Masallıda çıxan “Cənub xəbərləri” qəzetinin və “Cenub.az” saytının baş redaktoru Zahir Əmənov region mətbuatının həmişə problemlərlə mübarizə apardığını deyib:

“Müstəqillik dövründə paytaxt qəzetləri daha çox şaxələndi. Uzun illər əksər rayonlarda qəzetlər çıxmadı. 2000-ci ilin əvvəllərində regionlarda qəzetlər çox məhdud trajda, 500-1000 arası çıxırdı. İndi birmənalı demək olar ki, region mətbuatı qocalıb. Harda ki redaktor ölür, orda qəzet də ölür.

Konkret faktlar deyim: Yardımlıda qəzet redaktoru var idi, yaşa görə təqaüdə çıxdı, buna görə də Yardımlıda 6 aya yaxındır qəzet buraxılmır.

Astarada qəzetin baş redaktoru Bakıya köçdü, nəticədə qəzet müflis vəziyyətə düşdü. O qədər belə hal var ki, saysaq bitməz.

Masallıda 230000 min əhali var, ancaq qəzet 450 trajla çıxır. Neçə min adama bir qəzet düşür. İcra başçısının mətbuata marağı varsa, həmin rayonda həftədə 2 dəfə qəzet çıxır”.

Baş redaktor onu vurğulayıb ki, region mətbuatının rəhbərlərində birlik də yoxdur.

“Zamanla ayaqlaşmaq lazımdır, bunu da edən yoxdur. MEDİA Agentliyi ilə onlayn görüş keçirdik, ancaq bu problemlərin həlli yolu taplmadı. Tərif yazırsan oxuyan olmur, tənqid yazırsan ciddi təzyiqlər olur. Mən özüm tək bir saytı operativ olaraq işlətməyə çalışıram, ancaq tək olduğum üçün istədiyim nəticə alınmır. Gözümün qabağında qəza olur, zəng edirəm polisə ki, kim kimi vurdu, hadisə necə oldu? Qayıdıb deyirlər ki, “ancaq mətbuat xidməti məlumat verə bilər”. Mətbuat katibinin isə “baş üstə” sözündən 1 ay keçir. Nəticədə biz o məlumatı verənə qədər qəzada ölənin 7-si çıxır. Mətbuat xidmətləri bizlə məmurlar arasında körpü olmaq əvəzinə, hasar olurlar”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar