Koronavirusun “omikron” ştamı indiyədək 89 ölkədə aşkar edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qurum qeyd edib ki, “omikron” ştamı artım və yayılma baxımından koronavirusun “delta” variantından xeyli üstündür.
Belə ki, üç gün ərzində yoluxanların sayı iki dəfə artır. Həmçinin “omikron” ştamı əhali arasında immunitetin yüksək olduğu ölkələrdə də yayılır. ÜST hesab edir ki, “omikron” koronavirusun icmadaxili ötürülməsinin olduğu ərazilərdə “delta” ştamını üstələyəcək.
“Omikron”la yoluxma zamanı xəstəliyin gedişatının şiddətinə gəlincə, bu baxımdan məlumatlar hələ də məhduddur. Bu məsələni, eləcə də vaksinlərin və immunitetin xəstəliyin şiddətinə təsirini aydınlaşdırmaq üçün daha çox məlumat lazımdır.