Vüqar Qurbanov Dünya Bankının Texniki Yardım Missiyası ilə görüşüb

13 Oktyabr 2022 09:47    2099 Baxış   
Vüqar Qurbanov Dünya Bankının Texniki Yardım Missiyası ilə görüşüb

Ölkəmizdə işgüzar səfərdə olan Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndə heyəti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) olub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Dünya Bankının səhiyyə üzrə aparıcı iqtisadçısı Driss M. Zine-Eddine El-İdrissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Vüqar Qurbanov Dünya Bankı və Azərbaycan hökuməti arasında səmərəli əməkdaşlıqdan və birgə əməkdaşlıq nəticəsində Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən əhəmiyyətli layihələrdən danışıb.

İcraçı direktor Texniki Yardım Missiyasının təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün tələb olunan qanunvericilik dəyişiklikləri ilə bağlı texniki qiymətləndirmələrinin və tövsiyələrinin ölkəmizdəki səhiyyə qurumlarına təqdim etməsinin səhiyyənin baza prinsiplərinin sağlamlaşdırılması istiqamətində görülən işlərə xüsusi töhfə verəcəyini bildirib.

“2022-2026-cı illəri əhatə edən “Milli Səhiyyə İnformasiya Strategiyası” layihəsi çərçivəsində Azərbaycan hökumətinin təşəbbüsü ilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər dövlət qurumları ilə faydalı əməkdaşlıq edilir. TƏBİB-in tibb müəssisələrində xəstələrin idarəedilməsi alqoritminin və o cümlədən, ilkin səhiyyə sisteminin inkişaf etdirilməsi icbari tibbi sığorta büdcəsinin optimallaşdırılmasına və xəstəxana gəlir dövriyyəsinin qənaətbəxş səviyyəyə çatmasına ciddi töhfələrini verə bilər. Ən əsası isə ödəniş təminatçısının elektronlaşdırılması ilə insan faktoruna bağlı olan xətaların minimuma endirilməsinə nail olmaq olar” - deyə V.Qurbanov vurğulayıb.

Daha sonra çıxış edən Driss M. Zine-Eddine El-İdrissi təmsil etdiyi qurumun Azərbaycanda səhiyyə sahəsinin təməl baza prinsiplərinin inkişaf etdirilməsinə maraqlı olduğunu və bundan sonra da qarşılıqlı əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.

Görüş iki tərəf arasında gələcəkdə həyata keçirilə biləcək mümkün layihələrin müzakirəsi ilə başa çatıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar