MEDİA rəsmisi "Media haqqında" qanundan danışdı - VİDEO

15 Dekabr 2021 13:57    411 Baxış   
MEDİA rəsmisi "Media haqqında" qanundan danışdı -  VİDEO


AZXEBER.COM-un "Onun 10 cavabı" rubrikasının qonağı Media İnkişaf Agentliyinin (MEDİA) hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimovadır. R.Kərimova "Media haqqında qanun layihəsi" ilə bağlı ölkənin 10 müxtəlif jurnalistini maraqlandıran suallara cavab verib.
- Fəaliyyət qabiliyyəti məhdud olan şəxslərin media fəaliyyəti ilə məşğul ola bilməməsi - media subyekti yarada, jurnalist işləyə bilməməsi ilə bağlı tələb Konstitusiyanın, yaxud ölkəmizin qoşulduğu müvafiq beynəlxalq sənədlərin hansı maddəsinə əsaslanır?

- Öncəliklə vurğulamaq istəyirəm ki, bu, əslində "Media haqqında Qanun" layihəsinin deyil, ümumilikdə, Mülki məcəllə ilə tənzimlənən nəzəri bir məsələdir. Hüquq qabiliyyəti dedikdə biz doğulduğumuz andan öldüyümüz anadək olan zamanda hər birimiz hüquq qabiliyyətli hesab olunuruq. Mülki hüquq qabiliyyəti ilə bağlı məsələ isə bundan fərqli tənzimlənir. Belə ki, mülki hüquq fəaliyyəti qabiliyyətinə görə hər bir şəxs üçün 3 kateqoriya müəyyənləşdirilib. Fəaliyyət qabiliyyəti olmayanlar, məhdud fəaliyyət qabiliyyətli olanlar və tam fəaliyyət qabiliyyətli olanlar. Tam fəaliyyət qabiliyyəti aydın məsələdir, əgər şəxs 18 yaşına çatmışdırsa, bundan sonra o, hər hansı bir hüquqi nəticələr doğuran əqdlər bağlamaq, özü üçün müəyyən vəzifələr yaratmaq və onu icra etmək səlahiyyəti əldə etmiş olur. Bizim məsələmiz digər iki kateqoriya ilə bağlıdır. Birincisi, fəaliyyət qabiliyyəti olmayanlar, hansı ki, onlar 18 yaşına çatmayan şəxslərdir. Biz onları fəaliyyət qabiliyyəti hesab etmirik. Fəaliyyət qabiliyyətli şəxslər dedikdə isə, bu, şəxslər həm 18 yaşına çatmayan məhdud fəaliyyət qabiliyyətli şəxslər hesab oluna bilər, bu, o deməkdir ki, onların müəyyən hüquqları həyata keçirmək və müəyyən vəzifələr yaratmaq və onu icra etmək kimi hüquqları yoxdur. Eyni zamanda onlar əqli imkanlar baxımından öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəklərində hüquqi nəticələrini başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmə qabiliyyəti olmayan şəxslərdir. Bunu mülki məcəllənin 28-ci maddəsi bu cür açıqlayır. Aydın məsələdir ki, hüququn bütün sferalarında hüquqi nəticələr doğuran fəaliyyətlə məşğul olma, hüququ nəticələr doğuran əqdlər bağlama, hüquqi nəticələr doğuran subyektlər yaratma, bunlar isə məhz tam fəaliyyət qabiliyyətli şəxslərə aid olur. Bu yanaşma məhz oradan meydana gəlib.

- Vaxtilə "KİV haqqında qanun"a dəfələrlə dəyişiklik edilmişdi, amma gözlənilən nəticələr əldə edilmədi. Media haqqında yeni qanun layihəsi hansı problemləri kökündən həll edəcək?

- Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanunu 1999-cu ildə qəbul olunmuşdu. Əslində, məncə hamı razılaşar ki, bu qanun dövrün ən mütərəqqi qanunlarından biri idi və uzun illər ərzində icra olunması, həmin qanuna istinad olunması və dəfələrlər dəyişiklik edilməsinə baxmayaraq, bu günədək öz aktivliyini qoruyub saxlaması qanunun mütərəqqiliyindən xəbər verir. Sadəcə hamımız fərqindəyik ki, zaman keçdikcə ictimai münasibətlər dəyişir. Artıq ənənəvi media rəqəmsallaşamağa doğru gedir. Buna görə də həm ictimai münasibətlər xarakter etibarilə dəyişir, həm media sahəsində yaradılan münasibətlərdə yeni subyektlər meydana gəlir və əlbəttə ki, hüququn borcudur ki, həmin münasibətləri də səliqəyə salsın.

Bu, həm də həmin münasibət iştirakçılarının subyektlərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, onların fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş bir fəaliyyətdir. Media haqqında qanun layihəsinin, öncəliklə, əsas meyarı, qarşısına qoyduğu məqsədi media subyeklərinin iqtisadi müstəqilliyinin təmin olunması və jurnalistlərin peşəkarlığının artırılmasıdır. Təsadüfi deyil ki, qanun layihəsində media və media subyektləri anlayışlarının bir-birindən fərqləndirilmiş və dövrün tələblərinə uyğun olaraq müasir yanaşma tətbiq olunaraq onların hər birini ayrı-ayrılıqda anlayıları verilmişdir. İkinci bir tərəfdən qanun layihəsində jurnalistə anlayış verilmiş, onun fəaliyyəti peşəkar səviyyədə təqdim olunmuşdur. Bu anlayışların verilməməsi ciddi problemlərlə nəticələnir. Biz öz fəaliyyətimizdən deyə bilərik ki, hər hansı bir media subyektin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün müəyyən təkliflərlə çıxış etməliyik və həmin təklifləri dövlətə təqdim edə bilməyimiz üçün qurumlarla dövlət orqanlarını razılaşdıra bilməyimiz üçün təkliflərin hüquqi və iqtisadi əsaslandırılmasını hazırlamalıyıq. Belə olan halda bizim ehtiyacımız var ki, bilək ki, Azərbaycanda hansı subyektlər məhz media fəaliyyəti ilə məşğul olurlar ki, biz onların fəaliyyətinə dəstək olaq və kömək göstərə bilək. Eyni zamanda artıq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmız Vətən müharibəsindəki qələbədən sonra biz bir daha gördük ki, müəyyən dərəcədə bizim jurnalistlərimizə dünya arenasına çıxmaq üçün kömək etmək lazımdır. Onların peşəkarlıqlarının daha da artırılmasına və bu istiqamətdə tədbirlərin görüləsinə ciddi zərurət var. Əslində, qanun layihəsinin bütün müddəları, istər media azadlığı haqqında maddəsi, istər jurnalist fəaliyyətinin təminatı haqqında maddələr, istərsə də bunların məntiqi davamı olaraq qeyd olunan digər maddələr məhz media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə, onların rəqabət qabiliyyətliliyinin artırılmasına, dövrün tələbləri ilə çağdaş tələblərlər səsləşməsinə şərait yaratmaq, jurnalistlərin peşəkarlığını artırmaq və onların da dünya mediasında rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə yönəlib.

- Cəmiyyət sosiallaşır, kütləviləşir və artıq hamı ilkin informasiya mənbəyinə çevrilir. Doğrudanmı hesab edirsiniz ki, bu qanun sosiallaşan dünyamıza nizam qatacaq, yoxsa necə?

- Bəli, zaman keçir, ictimai münasibətlər dəyişir. Dünya rəqəmsallaşır. Yəqin ki, hamımız qəbul edərik ki, ənənəvi media yavaş-yavaş öz yerini rəqəmsal mediaya verməyə başlayıb. Amma bununla yanaşı bizim istəyimiz həm də ənənəvi medianın özünü də gücləndirməkdir. Çünki belə bir nəzəriyyə var ki, mediada hər növbəti media növü ondan əvvəlkini əvəz etmir. Onlar hamısı eyni şəkildə, eyni münasibətlər çərçivəsində fəaliyyət göstərməyə davam edir. O ki, qaldı informasiya mənbəyi məsələsinə, qeyd etdiyim kimi artıq rəqəmsallaşan bir mühitdə informasiyanın bu qədər operativ olduğu bir mühitdəyik, əslində peşəmizdən asılı olmayaraq bizim hamımız informasiya mənbəyiyik. Hamımız müəyyən mənada informasiya daşıyıcısıyıq. Eyni zamanda informasiya ötürücüsüyük. Sadəcə, jurnalistləri bu şəxslərdən fərqləndirən cəhət ondan ibarətdir ki, onların informasiyanın toplanılması, hazırlanmasını peşəkar səviyyədə yerinə yetirməsidir. Bizim məqsədimiz odur ki, məhz peşəkar səviyyədə bu işlə məğul olan şəxslərin həqiqi adlarını özlərinə qaytaraq. Çünki informasiya əldə etmək, ümumiyyətlə, beynəlxalq normalara, aktlara uyğun olaraq hər kəsin hüququdur. Bu münasibətləri tənzimləyən artıq kifayət qədər qanunlarımız mövcuddur. Sıravi vətəndaşlar olaraq bizim aramızda yaranan informasiya münasibətləri tənzimləyən normalar onsuz da mövcuddur. "Media haqqında qanun" layihəsi isə peşəkar səviyyədə bu işlə məşğul olan media subyektləri və şəxslər arasında münasibətləri tənzimləyən bir qanundur. Jurnalist etikası adlandırılan bir qətnamə var ki, orada qeyd olunur ki, jurnalistin media azadlığının legitimliyi vətəndaşın informasiya əldə etmək hüququndan asılıdır. Yəni peşəkar səviyyədə jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslər bu qədər geniş hüquqlara malik olmaqla yanaşı, eyni zamanda vətəndaşlar qarşısında obyektiv, dürüst, qərəzsiz olmaq və informasiya yaymaq öhdəliyi daşıyır. Çünki vətəndaşın əsas məlumat aldığı şəxslər jurnalistlərdir.

- "Media haqqında qanun"dan narazı qalan media əhlinə nə demək istərdiniz?

- Bu məsələ barədə dəfələrlə qeyd etmişik, qanun layihəsi Milli Məsclisdə artıq müzakirələrə çıxarılıb. Onun ictimai müzakirəsi davamlı şəkildə təşkil olunmaqdadır. Əlbəttə, bunu edərkən bir məqsədimiz var, təqdim olunan qanun layihəsinin daha da təkmilləşdirilməsi, əgər orada hər hansı təkmilləşməsi, dəyişməsi və ya əlavə edilməsi bir norma varsa, onlar müəyyənləşdirilməlidir. Bu sahədə fəaliyyət göstərən həmin qurumlar, istər media agentlikləri, istər Milli Televiziya və Radio Şurası dəfələrlə jurnalistlərə, media subyektlərinə müraciət edərək bildirmişdilər ki, öz təkliflərini hazırlasınlar, müvafiq qurumlara təqdim etsinlər. Bu sahədə biz münasibətləri tənzimləyən təkmil və yekun, yəni hər kəsin tələbatlarını ödəyən normaları müəyyənləşdirək, əlbəttə, aydın məsələdir ki, bütün tələbatları ödəyən normanın olması qeyri-mümkün haldır. Çünki çoxsaylı insan çoxsaylı fikir deməkdir. Zaman keçdikcə qanun layihəsində dəyişilməyə ehtiyac olan müddəalar olarsa, dəyişiləcək. İctimai münasibətlərin, subyektlərin tələblərinə uyğunlaşdırılacaq.

- Vahid jurnalist vəsiqəsini Media Agentliyindənsə, hansı nüfuzlu QHT versə idi daha yaxşı olmazdı? Bu hansı zərurətdən doğdu?

- "Media haqqında qanun" layihəsində vahid jurnalist vəsiqəsi anlayışı işlədilmir. Media buna sadəcə jurnalist vəsiqəsi deyir. Bu jurnalist vəsiqəsi sizin jurnalist olduğunuzu təsdiq edən bir vəsiqə deyil. Sadəcə reyestrə daxil olduğunuzu təsdiq edən bir vəsiqədir. Jurnalist vəsiqəsinin alınması üçün jurnalistlərin media reyestrinə müraciəti tamamilə könüllü xarakter daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən təqdim olunan jurnalist vəsiqəsinin alınması sizin öz işlədiyiniz media subyektlərinin hər hansı bir vəsiqə almaq hüququnu istisna etmir. Yenə də vəsiqənizi alırsınız və fəaliyyətinizi göstərirsiz. Necə ki, siz hansı media subyektində işləyib, oradan vəsiqə alırsınız və bu da onu sübut edir ki, siz həqiqətən bu media orqanında işləyirsiniz. Medianın İnkişafı Agentliyinin də verdiyi vəsiqə media reyestrə daxil olduğunu göstərən bir vəsiqədir. Jurnalistlərin peşəkarlığını artırmaq üçün biz müəyyən layihələrlə çıxış etmək istəyirik, çünki jurnalistlər bunu bizdən gözləyir və haqlı olaraq tələb edirlər. Biz də onları sayı haqda, bu layihələrin keçirilməsinin hansı iqtisadi yükü var, onların müəyyənləşdirilməsi baxımından düşünürük ki, bu yol bizim hamımız üçün uğurlu olacaq.

- Əhməd İsmayılov mətbuata demişdi ki, böhtan və təhqirə görə maddələr dekriminallaşdırılır. Bundan sonra mexanizm necə olacaq? Faktdır ki, bu jurnalistlərin ən çox əziyyət çəkdiyi maddədir və bir çox hallarda jurnalist fəaliyyətinə maneə törədir. Diffamasiya haqda nə deyə bilərsiniz?

- Medianın İnkişaf Agentliyi indiyə qədər hansı fəaliyyəti görüb, bundan sonra perspektivdə hansı istiqamətdə inkişaf edir, onunla bağlı konsfrans keçirilmişdi. Konfransda bütün media subyektlərinin nümayəndələri iştirak etdilər, fikir mübadiləsi aparıldı. Nəticədə görüş zamanı bu istiqamətdə sual ünvanlandı. Cavab olaraq bildirildi ki, diffamasiya haqqında qanunun qəbulu ilə bağlı məsələlər uzun illərdir müzakirə olunur. Hal-hazırda da bizim tərəfimizdən araşdırmalar, təhlillər aparılmaqdadır. Ona görə də inddən hər hansısa fikir ifadə etmək çətindir, amma biz araşdırmalarımız nəticəsində müəyyən fikirlər əldə etmişik. Məsələn ATƏT-ə üzv olan dövlətlərin dörddə üçündə müstəqil şəkildə diffamasiya haqqında qanun qəbul olmamış, amma deffomasiyanın dekriminallaşdırılmasına, yəni cinayət məcəlləsindən çıxarılnması ilə bağlı müddəalar mövcuddur.

- Bəzi internet televiziyalar lisenziyalaşdırmaya qarşı çıxırlar. Bu haqda nə düşünürsünüz?

- İnternet televiziyalarının lisenziya alması məcbur deyil. Bəzi internet televiziyaları kabel şəbəkələrinə qoşulmaq və peyk yayımı həyata keçirmək istəyirlər. Kabel yayımı həyata keçirən subyektlər o televiziyaları öz proqramlarına daxil edirlər ki, onlar lisenziya almış olsun. Biz əslində internet televiziyalarına hüquq tanımaq məqsədi ilə belə bir norma gətirmişik ki, əgər kabel şəbəkəsinə qoşulmaq və peykdə yayımlanmaq istəyirsinizsə, onda lisenziya ala bilərsiniz. İnternet televiziyaları bu qanun qüvvəyə mindikdən sonra eyni cür fəaliyyətlərinə davam edə bilərlər. Kim peyk həyata keçirmək istəyirsə, o zaman lisenziya almaq lazım olacaq. Bu, tamamilə könüllü bir prosesdir.

- Media subyektlərinə güzəştli kreditlə bağlı hansı yeniliklər gözlənilir?

- "Media haqqında qanun" layihəsində həm media subyektlərinə münasibət, həm də jurnalistlərə qarşı müxtəlif xarakterli güzəştlərlə bağlı baza xarakterli normalar müəyyənləşdirilmişdir. Media subyektlərinin müəyyən müddətdə vergi tətbiq olunması ilə bağlı müxtəlif layihələr təqdim olunmuşdur. Bu artıq müzakirə mərhələsindədir və layihə şəklindədir. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə yönəlmiş bir layihədir. Bundan sonra müxtəlif maliyyə xarakterli güzəştlərin edilməsi və güzəştli kreditlərin verilməsi istiqamətində tədbirlərin görülməsinə bizim hədəflərimiz var. Biz bunun üçün media subyektlərinə müraciət etmişik ki, təkliflərini versinlər. Sonra bu, təhlil olunacaq. Daha sonra media subyektlərinin iqtisadi yükü müəyyənlənləşdirildikdən sonra müxtəlif layihələr təqdim olunacaq.

- Bir çox hallarda saytlarda dövlət dili normalarına riayət edilmir, bununla bağlı hansı mexanizmlər olacaq? Nəzarət proseduru hansı formada həyata keçiriləcək?

- Dövlət dili normalarına riayət etmək artıq digər qanunumuzda, "Azərbaycan Respublikasının Dövlət Dili haqqında" qanununda mövcuddur. Həmin qanunun 18.3-cü maddəsində qeyd olunur ki, KİV dövlət dili normalarının əməl olunmasını təmin etməlidirlər. Bu qanun artıq mövcuddur. Media haqqında qanun layihəsində isə daha da dəqiqləşdirilib. Çünki Azərbaycan Respublikasının Konsitutsiyasının 21-ci maddəsində Dövlət dili adlandırılır. Dövlət dili normalarına əməl etmək bizim hüquqi tərəfdən mənəvi borcumuzdur. Bu istiqamətdə də fəaliyyət göstərən qurum - Dövlət Dil Komissiyası artıq mövcuddur. Bu istiqamətdə tədbirlər görüləcəkdir.

- "Media haqqında qanun" layihəsi hazırlanarkən hansı mənbələrə istinad edilib?

- Bu qanun layihəsi beynəlxalq təcrübəli mütərəqqi xarici praktika nəzərə alınmaqla hazırlanmışdır. İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvesiyasının 10-cu maddəsinin birinci bəndində qeyd olunur ki, hər kəsin fikrini ifadə etmək hüququ vardır. Qanun layihəsi bu ideya üzərində qurulmuşdur. Bu, Azərbaycan Respublikasının Konsitutsiyasında da öz əksini tapmışdır. Hər kəsin qanuni yolla məlumat əldə etmək, ötürmək hüququ vardır. Media haqqında Azərbaycan Respublikasının qanununda bu müddəalar konkretləşdirilib. Çünki müvafiq qanun sahə üzrə sahəvi normativ aktdır və müəyyən məsələlər daha dəqiq şəkildə öz ifadəsini tapmalıdır. Çoxsaylı dövlətlərin təcrübəsi araşdırılmış, onların qanun layihələrinə baxılmış və həm öz cəmiyyətimizlə səsləşən normalarla hazırlanmışdır. Daha təkmin normalar götürülmüş, mövcud normalar isə təkminləşdirilmişdir. Çünki hər cəmiyyətin özünə məxsus xüsusiyyətləri və təlabatları var. Buna uyğun olaraq da cəmiyyətə uyğun olaraq formalaşıb. Beynəlxalq hüququ aktlara, çoxsaylı qanunlara istinad olunmaqla öz cəmiyyətimizin sifarişinə uyğun qanun layihəsi hazırlanmışdır.

Həmin müsahibəni təqdim edirik:





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar