"Avroviziya - 2021" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndi "Mata Hari" mahnısını ifa etdi. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. "Mata Hari" adlı mahnı birinci dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı erotik rəqqasə Mata Harinin həyatından bəhs edir. Bu, o Mata Haridir ki, birinci dünya müharibəsi illərində Almaniyanın xeyrinə casusluq edib. Erotik rəqslərin əvəzolunmaz ifaçısı və kurtizan qadın olan Marqareta Gertruda Zelle alman kəşfiyyatına xidmət edib. 41 yaşlı Mata Harini fransız kəşfiyyatı edam edib. Sual olunur: hansısa bir Matanın Azərbaycanla, Azərbaycan mədəniyyəti ilə nə əlaqəsi? Yaxud da onun casusluq və Azərbaycan əxlaqına sığmayan davranışlarının bizim ölkə üçün nə faydası olub ki, haqqında yazılan mahnı azərbaycanlı ifaçının təqdimatında beynəlxalq arenaya çıxarılıb? Kimsə irad tuta bilər ki, Avropa yarışması olduğu üçün Avropa standartlarına uymaq, Avropa qəlibinə sığmaq lazımdı. Etiraz etmirəm, olsun. Amma mahnı təqdimatını elə seçmək lazımdı ki, həm Avropa satandartlarına cavab versin, həm də Azərbaycanla bağlı olsun. Məsələn, 2016-cı ildə ukraynalı müğənni Camala "1944" adlı mahnısı ilə müsabiqənin qalibi oldu. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqında idi, üstəlik mahnının sözlərini də Camalanın özü yazmışdı. Avropa qəlibində olan siyasi məzmunlu mahnını tatar musiqiçisi bəstələmişdi.
Bizim müğənnini isə ora göndərən təşkilatçılar belə detalları nəzərə almayıblar. Və Samirə Əfəndi də mahnını cani-könüldən qəbul edərək səhnədə şou yaratmağa cəhd etdi. Amma alınmadı. 20-ci yer Azərbaycanın payına düşdü. Görəsən bu müğənni soyadında daşıdığı əfəndiliyin nə olduğunu bilirmi? Bilsəydi, oturuşunda, duruşunda, geyimində, ifasında məhz əfəndi davranışı sərgiləyərdi. Bəlkə Samirə Əfəndi özünü bu qadın haqqında yazılmış "Casus" romanının müəllifi Braziliya yazıçısı Paulo Cohelho hesab edib? "Mən allahsız bir casusam, mən casusam, sizin bütün sirlərinizi açacağam, məni heç nə saxlaya bilməz..." deyə səhnədə oxuyan Samirə Əfəndinin mahnısı cəhənnəm... baş qoşmamaq da olardı. Amma adamın iliyinə işləyən, beynini tərpədən, ürəyinə ox kimi batan bir məqam var ki, onu deməsəm olmaz. Vətən Müharibəsində qan tökmüş, torpaq uğrunda can qoymuş Azərbaycan Ordusunun gücünə bütün dünyanın şahidlik etdiyi bir vaxtda belə bir mahnıya gərək yox idi, qətiyyən lazım deyildi. Şəhidlərin qanı hələ qurumayıb, qazilərin yarası hələ də sızlayır. 44 günlük savaşdan qalib çıxmış Azərbaycanın Zəfəri haqqında, bu Zəfəri yazan Azərbaycan əsgəri ilə bağlı bir mahnı təqdim etməyin yeri idi. Mənim Şəhidim, mənim igid Döyüşçüm Mata qədər də olmadı?! Bu, bir...
Bayrağımın kölgəsində ölə bilməyənlər
İkinci və əsas məsələ isə Azərbaycan Bayrağı ilə bağlı məqamdı. Üçrəngli bayrağımızın ayaqlar arasında saxlanmasına, sonra isə ayaq altındakı görüntülərinə ürəyim ağrıdı. Əminəm ki, bu bayraq uğrunda can vermiş şəhidlərimizin ruhu sızladı, yarımcan olmuş qazilərimizin canı o dəqiqələrdə daha çox ağrıdı. 8 noyabrda tarixə "dünyanın ən möhtəşəm, ən gözəl bayrağı" damğasını vurmuş Bayrağım nədən urvatsız oldu, Samirə Əfəndi? Deyə bilərsiniz ki, bayrağa o cür hörmətsiz yanaşan bizdən deyildi, ukraynalı idi. Olsun... amma belə çıxır ki, müsabiqədə Azərbaycanı təmsil edənlər bayrağımıza qarşı etinasız olublar ki, hansısa bir xoxol göz bəbəyimizə, baş tacımıza aşağıdan baxmalı olub. Əks halda o bunu dünyanın gözü qarşısında etməzdi.
Müsabiqə təşkilatçıları, sualım həm də sizədi: sizin mata hariniz bizim Bayrağımızdan üstündümü? Siz heç şəhid qanına boyanmış Azrəbaycan bayrağı gördünüzmü? Siz heç Azərbaycan bayrağına bürünmüş şəhid tabutuna çiyin verdinizmi? Siz bayraq şərəfinin bütün şərəflərdən ucada dayandığını eşitmədinizmi? Üç rəngli bayrağımızın toxunulmazlığı haqqında sizin bir bilginiz yoxmu? Onun Quran qədər müqəddəsliyini, toxunulmazlığını, hər bir azərbaycanlının şərəfi, qüruru, vüqarı, əxlaqı, vicdanı olduğunu heç anlamadınızmı?
Yadımdadı beş il əvvəl geyimi və savadsızlığı ilə yaddaşlarda qalan Səmra Rəhimlinin iştirak etdiyi eyni adlı müsabiqədə də bayraq məsələsi olmuşdu. Ermənistanı təmsil edən İveta qondarma "Dağlıq Qarabağ bayrağını" qaldırmışdı. Ermənistan final günü yarışın keçirildiyi "Qloben Arena"nın üstündə təyyarə uçurdaraq İveta Mikuçyanın adı, ürək işarəsi və "Qarabağ" sözləri yazılmış plakat sallamaqla dünyanın diqqətini çəkmək istəmişdi. Halbuki Almaniya vətəndaşı olan İveta bəlkə də Qarabağın harada yerləşdiyini belə bilmirdi. Bakıda yaşayan Samirə Əfəndi və onun bakılı dəstəsi isə Azərbaycan Bayrağını görməzdən gəldilər...
"Biz o bayrağı minbir müşkülatla başımız üstünə qaldırdıq" - bu sözləri Məmmədəmin Rəsulzadə deyib. Nə yazıqlar ki, 100 ildi başımızın üstündə dalğalanan şərəfimiz zaman-zaman ayaq altına atılıb, özü də bunu edən özgə yox, özümüz olmuşuq. Bayrağımızı urvatsız edən təkcə müğənni tayfası deyil ki?! Ölkənin qanını soran, məmləkətin sərvətini talayan, cəmiyyətin özəyinə bit-birə kimi yapışan çoxlu sayda məmur bütün murdar əməllərini Azərbaycan bayrağının altında edirlər. Başlarının üstündən asdıqları üçrəngli bayrağın kölgəsinə sığınıb korrupsiya ilə məşğul olurlar. Oliqarxlar kabinetlərində ən bahalı bayraq asırlar, amma bir dəfə də olsun o bayrağın qarşısında diz çökmürlər, tam tərsinə... o bayrağı başları üstündə gəzdirənləri dizə gətirilər...
***
Sabah 28 Maydı. Sabah Respublika Günüdü. Sabah bu Bayraq altında Vətəni qoruyan kasıbların günüdü. Sabah bu bayraq altında döyüşərək 30 ildi itkin düşmüş torpaqlarımızı bizə qaytaran Şəhidlərin günüdü. Sabah Vətən Müharibəsində yarımcan olan Qazilərin günüdü. Amma əminəm ki, Mata Hari düşüncəlilər bu günün şərəfini, qürurunu anlamayacaqlar. Bu günün şəhdi-şirəsini yenə də korrupsionerlər, oliqarxlar, talanaçılar, yalançı və rüşvətxor məmurlar soracaqlar.
Onlar Bayrağın kölgəsində öləcək qədər uca deyillər...
Züleyxa NADİR