Oxunmuş daş, həyəcan, dil-ağız bağlama duası - Abitüriyentlərin ilginc imtahan "silahları" - FOTOLAR

13 Sentyabr 2020 11:32    1700 Baxış   
Oxunmuş daş, həyəcan, dil-ağız bağlama duası -  Abitüriyentlərin ilginc imtahan "silahları" - FOTOLAR
Azərbaycanda imtahana gəlmiş abitüriyentin cibindən üzərində ərəb əlifbası ilə dua yazılmış daş çıxıb.

Dominant.az-a bu barədə illərdir ali məktəblərə qəbul imtahanlarında müşahidəçi kimi iştirak edən ekspert Elyar İslamoğlu deyib.

Elyar İslamoğlunun sözlərinə görə, müşahidəçi olduğu müddətdə buna bənzər hadisələrlə çox rastlaşıb: “Cəmiyyətin düşdüyü vəziyyət hər birimizi dərindən sarsıdır, o cümlədən də məni. Düşünürdüm ki, biz müasir dövrdə o qədər irəli getmişik ki, Sabirin, Cəlilin qoyduğu yerdən çox-çox irəlidəyik. Ancaq regionlarda keçirilən qəbul imtahanlarını izlədikcə gördüm ki, xeyir, biz elə Sabirin, Cəlilin qoyduğu yerdəyik, hətta bir qədər də geri addımlamışıq. Təsəvvür edirsiniz, abitüriyentin əlinin içinə dua yazırlar və qəbul imtahanına həmin dua ilə göndərirlər. Biz onların əllərini dezinfeksiya edəndə bəziləri imkan vermirdi ki, “əlimə dua yazılıb, silmək olmaz”. Onlara başa sala bilmirdim ki, onların sağlamlığı üçün bu addımı atırıq, əlləriniz dezinfeksiya olunmalıdır ki, imtahan binasına girə biləsiniz. İsrar etsələr belə, əllərini məcburən dezinfeksiya edirdik. Çoxu buna kədərlənirdi ki, “əlimin içindəki dua silindi””.

Müsahibimiz deyir ki, imtahana gələn abitüriyentlərdə, həmçinin həyəcan duası, müəllimin dil-ağzını bağlama duasına belə rast gəlib: “Keçən il bir abitüriyentin üzərində dua vardı, içində ərəb əlifbası ilə nələrsə, üzərində isə latın qrafikası ilə “müəllimin dil-ağzını bağlamaq üçün dua” sözləri yazılmışdı. Mən də ironiya ilə abitüriyentə dedim ki, imtahanın vaxtı 3 saatdı, bu duanı yazdıranda vaxtını 3 saatlıq edin, yoxsa ağzımızı bütün günü bağlayarsız, danışa bilmərik”.


Ekspert deyir ki, belə hallarla ən çox cənub rayonlarda, Şəmkir və Şəkidə rastlaşır, Bakı ətrafı kəndlərdən olan abitüriyentlərin üzərindən isə daha çox Mirmövsüm ağanın şəkli çıxır: “Böyük ehtimalla bunları abitüriyentlər özləri yox, onların valideynləri edir, etdirir. Valideynlər övladlarına elm-bilik vermək əvəzinə, təəssüf ki, molla, cadügər yanına getməyi üstün tuturlar. Təbii ki, rayonlarda belə fırıldaqçılar da geniş yayılıb. İnsanların saflığından, cahilliyindən, təhsilsizliyindən, savadsızlığından istifadə edirlər. Valideynlərdən külli miqdarda pul alaraq onları əmin edirlər ki, övladları imtahanda həyəcanlanmayacaq, yaxşı nəticə göstərəcək”.

Müsahibimiz cahil valideynlərə məsləhət də verib: “Yaxşı olardı, ki, valideyn imtahandan qorxan, həyəcanlanan övladını molla, cadügər yanına yox, həkimə, psixoloqa aparsın. Abituriyent ancaq psixoloq, həkim dəstəyi alaraq qorxusunu, həyəcanını yenə bilər. Yoxsa ki, caduyla, duayla qorxu-həyəcanı yenmək, imtahanda uğur qazanmaq mümkün deyil”.


Aytac Şabili



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar