Putinin sözügedən fərmanları Azərbaycanın suverenliyinə, Konstitusiyasına nə dərəcədə uyğundur?

15 Noyabr 2020 18:49    6477 Baxış   
Putinin sözügedən fərmanları Azərbaycanın suverenliyinə, Konstitusiyasına nə dərəcədə uyğundur?

Narahatlıq doğuran məqamlar var.

(Narahatlıq hissi keçirmək istəməyənlər oxumasın.)

Rusiya Müdafiə Nazirliyi Xankəndində Humanitar Reaksiya üzrə İdarələrarası Mərkəz (Межведомственный центр гуманитарного реагирования) yaradır. Mərkəz Putinin 13 noyabr tarixli fərmanına əsasən nazir Şoyqunun əmri ilə 20 noyabra qədər formalaşdırılacaq və fəaliyyətə keçəcək.

Mərkəzdə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar, Xarici İşlər nazirlikləri, Federal Təhlükəsizlik Xidməti (FSB) və digər icra strukturlarının nümayəndələri təmsil olunacaq. Bu gün Rusiya FHN-in operatiq qrupu (150 nəfərdən çox heyət) Qarabağa göndərilib, həkim briqadaları da ezam olunacaq. FSB-nin Sərhəd Xidmətinin qüvvə və vasitələri də Qarabağa göndərilir.

Rusiya MN-in rəsmi açıqlamasında Xankəndinin adı Stepanakert kimi qeyd olunur. Bu, xoşagələn olmasa da, xırda detal kimi qiymətləndirib, əhəmiyyət verməmək olar. Rusiya sülhməramlıları və digər strukturların əməkdaşları istisnasız olaraq Ermənistan vasitəsilə, üçtərəfli Bəyanatın tərəfi olan Azərbaycanın nəzarətindən tamamilə kənar şəkildə, Qarabağa daxil olur, bunu da böyütməyək.

Amma Putinin 11 noyabr tarixli “Dağlıq Qarabağda sülhün dəstəklənməsi tədbirləri haqqında” və 13 noyabr tarixli “Humanitar Reaksiya üzrə İdarələrarası Mərkəz haqqında” fərmanlarında “Dağlıq Qarabağ” coğrafi anlayışından istifadə olunur və buranın Azərbaycan ərazisi olduğu qeyd edilmir. Təəssüf ki, bizim də imza atdığmız 10 noyabr tarixli üçtərəfli bəyanatda da bu, yoxdur. Heç olmasa, bir yerdə, mötərizə içərisində də olsa, “Dağlıq Qarabağ”dan sonra “Azərbaycan Respublikası” yazılmasını təmin etməli idik. Rusiya rəsmilərinin ritorikası da belədir, Azərbaycan və Dağlıq Qarabağı ayrı subyektlər tələffüz edirlər.

Ümumiyyətlə, Putinin sözügedən fərmanları Azərbaycanın suverenliyinə, Konstitusiyasına nə dərəcədə uyğundur? Yumşaq desək, bu mövzuda da suallar var.

Belə görünür, Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarətində olan hissəsini faktiki, yeni yaradılan Mərkəz idarə edəcək. Narahatlıq doğuran məqamlardan biri də budur ki, həmin Mərkəzdə Rusiya Xarici İşlər Nazirliyi də təmsil olunacaq. XİN ölkənin digər dövlətlər və beynəlxalq təşkilatlarla diplomatik və konsulluq münasibətlərini təmin edən icra orqanıdır. Sual yaranır: Rusiya XİN-in əməkdaşları Xankəndinə niyə göndərilir və orada nə iş görəcəklər? Bəs, FSB-yə bağlı sərhədçilər orada nə edəcək?..

Başqa bir xəbər də budur ki, Rusiya Dağlıq Qarabağı tərk etmiş erməniləri geri qaytarır. Dünən və bu gün Ermənistandan Qarabağa 28 avtobus reysi təşkil olunub və 725 nəfər Qarabağa gətirilib. Bu işlər Xankəndində oturan general-mayor rütbəli zabitə (A.Volkov) tapşırılıb. Yerli erməni əhalisinin movcudluğu Rusiyaya öz siyasətini əsaslandırmaq və həyata keçirmək üçün istinad kimi vacibdir.

Heç kimi qorxutmaq fikrim yoxdur, faciə də baş verməyib. Sadəcə olaraq, potensial təhlükələri bilməliyik ki, buna qarşı önləyici tədbirlər görə bilək. Rayonlar birgə Bəyanatda göstərildiyi kimi, bizə qaytarılacaq, buna heç bir şübhə yoxdur. Amma fakt budur ki, Rusiyanın 10 noyabr 2020-ci ilə qədər olan dövrlə müqayisədə Azərbaycana təsir və təzyiq rıçaqları güclənib, risklər artıb. Ayıq-sayıq olmalıyıq.

Şahin Cəfərli

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar