Saçı uzun Suray xanım olmaq istəyirsinizsə, mütləq oxuyun

18 Avqust 2020 12:24    2942 Baxış   
Saçı uzun Suray xanım olmaq istəyirsinizsə, mütləq oxuyun
Təxminən, 50-60-cı illərdə lentə alınmış bir fransız filmi var. Adını xatırlamadığım həmin filmin sujet xətti, təxminən belədir: Bir kişinin yaraşıqlı xanımı olmasına baxmayaraq, xanımın bir əmması olur. Əmma da ondan ibarətdir ki, xanımın burnu sivridir. Dost-tanış kişiyə xanımının görünüşündəki “qüsuru” aradan qaldırmağı təklif edir. İsrarlı təkliflərdən sonra kişi xanımının burnunu əməliyyat etdirmək qərarına gəlir. Burnu əməliyyat olunandan sonra daha da gözəlləşən xanımı əri möhkəm qısqanmağa başlayır və bununla da qadının həyatı “cəhənnəmə” çevrilir.

Leyla Quliyeva (ad, soyad şərtidir) adlı xanım da buna oxşar “bəlaya düşüb”. Belə ki, hər zaman efirdən izlədiyi müğənnilər, aktrisalar kimi uzun, gur, səliqəli saçlara sahib olmaq eşqinə düşərək üz tutub paytaxtda yerləşən gözəllik salonlarının birinə. Salonda ona bildiriblər ki, seyrək və qısa olan saçlarını ancaq saç qaynağı etdirməklə uzatmaq olar və o da buna razılaşıb, tələb olunan məbləği ödəyərək proseduru etdirib. Əvvəllər saçlarının görünüşündən xoşbəxt olsa da, aradan bir ay keçəndən sonra qadının həm qaynaq olunmuş, həm də öz saçları dibindn qopmağa başlayıb. Həkimə müraciət edəndə isə saçına infeksiya düşdüyü bəlli olub.



Bu hadisənin izinə düşərək, saç qaynağı ilə bağlı bəzi araşdırmalar aparmaq və bu proseduru etdirmək istəyənlərə faydalı ola biləcək məlumatlar əldə etməyə çalışdıq. Elə bu məqsədlə də üz tutduq həm işinin keyfiyyəti, həm də qiymətlərin münasib olması ilə tanınan, bu sahədə bir sıra mükafatlar qazanmış saç ustası Şəfəq Abbasovanın məkanına.


Daha çox stilist Şəfəq kimi tanınan saç ustası əvvəlcə saç qaynağı haqqında ümumi məlumat verdi: “Əvvəllər muncuq qaynaq olunurdu və muncuğun da böyüklüyünə görə növləri var idi. Ancaq son illər qadınlar daha çox sokap qaynağa üstünlük verirlər. Artıq 5 ildir ki, sokap qaynağı edirəm. Bunun da özəlliyi kənardan hiss edilməməsindədir. Muncuq qaynaq görünə bilər kənardan, ancaq sokap qaynağı öz saçından seçmək mümkün deyil. Sokapın da düzülüşünə görə müxtəlif növləri var, nazik düzülüş var, qalın düzülüş var. Qalın saçlı müştərilərdə sokapı qalın edirik, yox əgər saç çox nazikdirsə, müştəri istəsə belə, qalın yığmaq olmaz, mütləq zərif işləmək lazımdır. Düzgün və keyfiyyətli qaynaq olunmadıqda saç qırılmaları, hətta saç qopmaları ilə nəticələnər. Sokap qaynağı yığmaq o qədər də sadə proses deyil. Burada usta mütləq peşəkar olmalıdır ki, sonradan fəsadlar baş verməsin. Məsələn, çox xırda yığılmalıdır, saçın nazik, zəif hissələrinə çox ehtiyatla işlənməlidir ki, həmin saçı dibindən qoparmasın”.



Stilist Şəfəq saçı tökülən şəxslərin saç qaynağı etdirməsini məsləhət görmür: “Əvvəlcədən saçın formasına, həcminə baxıb müştəriyə qərarımızı bildiririk, razlaşandan sonra isə işə başlayırıq. Ancaq elə məsələlər var ki, müştəri təkid etsə belə, onun istəyini nəzərə almaq olmaz. Çünki müştəri qısa zaman ərzində öz saçından da məhrum ola bilər. Ona görə də qaynağı edən ustanın saçın xarakterindən xəbəri olmalıdır, müştəri saçı barədə ustaya məlumat verməlidir. Əgər müştərinin saçı seyrəkdirsə, üstəlik tökülürsə, əvvəlcə mütləq saçını müalicə etdirməlidir. Saç tökülməsi dayanandan sonra, əgər yenə də seyrəklik olarsa, o zaman qaynaq etdirə bilər”.


Müsahibimizin dediyinə görə, saç qaynağı etdirmək üçün müxtəlif yaşda və təbəqədən olan xanımlar müraciət edir: “18 yaşından tutmuş, 50-55 yaşına qədər müştərilərim var. Daha çox incəsənət adamları, işləyən xanımlar müraciət edirlər qaynaq üçün. Evdar xanımlar arasında beləsi təsadüfən olur. Məşhur müştərilərim də çoxdur, Məleykə Əsədova, meyxanaçı Samirə, aparıcı Lalə Mustafayeva və s. ilə işləyirəm. İndiyə kimi işlədiyim məşhurlardan mən də razı qalmışam, onlar da mənim işimdən razı qalıblar”.


Saç ustası qaynaq edilmiş saçlara qulluq prosesindən də danışıb: “Qaynaqdan sonra qüsursuz saçlara sahib olmaq üçün yaxşı olar ki, saçlara qulluq edilsin. Azı ayda bir dəfə saç ustasının tətbiq etdiyi qulluqdan faydalanmaq məsləhətlidir. Bu qulluqları ev şəraitində də etmək mümkündür. Bunun üçün saçı qidalandırıcı, canlandırıcı həm hazır maskalardan, kremlərdən, yağlardan, spreylərdən, həm də təbii məhsullardan, evdə hazırlanmış qarışımlardan istifadə etmək olar. Həmçinin qaynaq olunan saçları daramaq üçün mütləq şəkildə xüsusi qaynaq darağından istifadə olunmalıdır. Həmçinin saçları fenləyərəkən feni qaynaq olunan hissələrdən bacardıqca uzaq tutmaq lazımdır. Əks halda qaynaqlar zədələnə və saçı da ciddi zədələyə bilər. Vacib olan məsələlərdən biri də, qaynağı 2-3 aydan bir korreksiya etdirməkdir. Bəzi müştərilər var ki, qaynağı lap 6 aya qədər saxlayırlar, amma bu da zərərlidir, saçın dibləri dolaşar və qırılmasına səbəb ola bilər”.


Stilist uzun və qalın saçı olan xanımlara qaynaq etdirməyi məsləhət bilmir: “Saç qaynağı, bir növ saç seyrəliyinin arada qaldırılması üçün edilən prosedurdur. Seyrək saçlı xanımlar da göəl görünmək üçün qaynaq etdirir. Qalın və uzun saçlı xanımların isə qaynaq etdirməsinə gərək yoxdur. Belə müştərilərimiz olanda da izah edib fikrindən daşındırmağa çalışırıq”.

Qaynaq işinin bilicisi ilə söhbətdən sonra belə nəticəyə gəldik ki, gözəlləşmək istəyən, daha doğrusu, saçı uzun Suray xanım olamaq istəyənlər mütləq işin peşəkarına müraciət etməlidirlər.

Aytac Şabili



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar