Silva Kaputikyana “xanım” deməkdə ittiham edilən Xəlil Rza məhkəmədə necə bəraət aldı - TARİX

07 Avqust 2020 12:03    1670 Baxış   
Silva Kaputikyana “xanım” deməkdə ittiham edilən Xəlil Rza məhkəmədə necə bəraət aldı  -  TARİX
Xəlil Rza Ulutürk məhkəmədəki son sözündə Lefortovo həbsxanasından müraciətində işlətdiyi “xanım” sözünə necə aydınlıq gətirdi?

Tanınmış şair-alim məhkəmənin hakiminə necə nəsihət verdi?

Məhkəmə davam edərkən Qabil, “Davam edir 37” şeirini günün əhvali-ruhiyyəsinə necə uyğunlaşdırdı?

Nəinki oturmağa, ayaq üstündə durmağa da yer olmayan məhkəmə salonunun qapısı açılan kimi zala səssizlik çökdü. Xəlil Rza, Məhəmməd Hatəmi və KQB təxribatçısı Seyid Tahir Qarabaği salona girəndə Xəlil bəy havada yumruğunu düyünləmişdi. Salondakıları salamlayan kimi vəkili Hacı Rəhmanov onun azad edilməsindən sonra məhkəmənin davam etdirilməsinə dair vəsatət qaldırdı, məhkəmə vəsatəti təmin edincə, Xəlil Rza müttəhimlər üçün ayrılan və onsuz da açıq olan yerdən salona keçdi. Sovet məhkəmələri təqsirləndirlən şəxsləri qəfəslərə salmırdı. Bəzi prosessual suallara cavab verən Xəlil Rza əlini Hatəmi və Qarabağinin oturduğu bölməyə uzadaraq, “Yurdsevər müttəhimlərin oturduğu yer boyda”, - deyə izahat verir, onların da azad edilməsini istəyirdi. Ertəsi gün onlar da salona keçdilər və “müttəhimlər üçün ayrılan yer”dən əsər-əlamət qalmadı.

Qısa yazıram. Prokurorluq istintaqında Moskvadan gələn müstəntiqlərə ifadə verənlərin, demək olar ki, hamısı məhkəmədə o ifadələri geri götürdü. Dövlət ittihamçısının da, hakimin də bundan məmnun qaldığı açıq görünürdü. Çünki ədalətsiz sovet sistemi dağılmaq üzrəydi, heç kim tarixə “Xəlil Rzanın əleyhinə ifadə vermiş insan” kimi düşmək istəmirdi. Yanğınsöndürmə idarəsindən Valeh adlı (soyadını unutmuşam, Xəlil bəy ona Valeh Saleh oğlu deyə müraciət etmişdi) podpolkovnik rusca danışmağa başlayınca salondan etiraz yüksəldi ki, ana dilində danış. Podpolkovnik salona tərəf dönərək, “Mən Silva xanım Kaputikyana müraciətə rusca qulaq asmışam”- deyincə Xəlil bəy əlindəki kağızlara qeydlər etdi. O qeydlərə əsasən Xəlil bəy Valeh Saleh oğlunun “vicdanına” tək sual verdi:

- “Mən xalqlar arasında nifaq salmışam?”

- “Bəli, mən elə görmüşəm”.

- “Valeh Saleh oğlu Mərkəzi Komitənin boşqabının dibini yalayan böhtançıdır”.

Prokuror: “Biz şahidləri güc-bəla ilə buraya gətiririk. Müttəhim Xəlil Rza onları təhqir edir, biz o biri şahidləri buraya necə gətirəcəyik?”

Vəkil Hacı Rəhmanov məhkəmədən fasilə tələb edib Xəlil bəyi və məni dəhlizin o başına çağırır:

- “Sizə bu qədər dəstək verən Yazıçılar İttifaqını, Elmlər Akademiyasını, ictimai təşkilatları niyə təhqir edirsiniz? Axı bu təhqirlərin sizə nə köməyi var?”

- “Yaxşı, bundan sonra heç kimlə işim olmayacaq”.

İçəri giririk, yenə Yazıçılar İttifaqı, Elmlər Akademiyası, digər ictimai təşkilatlar “Mərkəz Komitənin boşqabının dibini yalayan təslimçilər” olur. Çox möhtərəm insan, öz işini əla bilən vəkil Hacı Rəhmanovun xəbərdarlıqları məhkəmənin axırına qədər fayda vermədi.

Bir ay davam edən məhkəmənin bütün iclaslarına getdim. Kimlər gəlmədi k, Xəlil Rzanı ictimai əsaslarla kimlər müdafiə etmədi ki? Sayğılı böyüyümüz, xalq hərəkatının ağsaqqal cəfakeşlərindən şair-professor Qasım Qasımzadə, professor Yaşar Qarayev, Ramiz Duyğun və indi xatırlaya bilmədiyim bir neçə başqa şəxs ictimai əsaslarla müdafiəçilər idi. Fasilələrdə Qabil yaradıcılığını işə salırdı: “Gəlir kabab, gedir qutab; Davam edir yemək-içmək, daha ləziz, daha qəşəng”. Mikayıl Mirzəyev adətinə sadiq qalaraq mütləq kimlərləsə mübahisə edirdi. Əbülfəz Elçibəy gəlib şahid kimi çıxış etdi:

“Məhkəmənin başqa şəhərdə və qapalı keçirilə biləcəyi ehtimalını nəzərə alaraq, istintaqa könüllü ifadə verdim ki,şahid kimi də olsa,məhkəmədə iştirak edə bilim. Sovet rejimi bu gün-sabah dağılacaq. Ona görə də hakimdən xahiş edirəm ki, qanunlara görə yox, öz vicdanına görə hökm versin. Səməd Vurğun da deyib: “Hakimin hökmü-hünəri, onun vicdanıyla qardaş olmalı”. Hər şeyi vicdanınızın tərəzisinə qoyub Xəlil Rzaya bəraət verməyinizi xahiş edirəm”.

Salondakı qadınların çoxu göz yaşlarına boğularkən bir neçəsinin, “Sənə qurban olum, Əbülfəz”, - dediyini eşitmişdim.

Məhəmməd Hatəmi də özünü çox savadlı və məntiqli şəkildə müdafiə edirdi. KQB təxribatçısı 1-2 dəfə şou çıxarmaq istəsə də, həm hakim icazə vermədi, həm də salondan dəstək görmədi.

Şahid ifadələri başa çatana qədər bir tərəfdən Xəlil Rza özünü hərarətli şəkildə müdafiə etdi, o biri tərəfdən vəkil Hacı Rəhmanov və ictimai müdafiəçilər öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəldilər. Dövlət ittihamçısı “Xəlil Rza və o biri müttəhimlərin 10 ay həbsdə qaldıqlarını, o müddətin hər üç müttəhimə cəza kim verilməsini” tələb edəndən sonra son söz növbəsi Xəlil bəyə gəldi:

“Məni ittiham edirsiniz ki, xalqlar arasında nifaq salmışam. Xeyr, mən xalqlar arasında nifaq yox, dostluq korpusü salmış, 300-dən artıq şairin əsərini dilimizə tərcümə etmişəm: Konstantin Simonlu, Qaysın Qulusoy, llya Selvinbəyli... Mərkəzi Komitənin boşqabının dibini yalayan qara saçlı, qara bığılı bir nəfər məni “Silva Kaputikyana “xanım” deməkdə ittiham etdi. İrəvana gedəndə məni evinə aparıb, əri Ovanes Şirazdan təzəlikcə ayrılmışdı, tək yaşayırdı, məni hamama salıb çimizdirib, ona necə “xanım” deməyə bilərdim?”

Xəlil bəylə aramızda 4 metr, qardaşı Məhəmməd Rza Xəlilbəyli ilə 3 metr, Xəlil bəylə Firəngiz xanımın arasında isə 1 metr məsafə var. “Silva Kaputikyana “xanım” deməsinin sirrini açıqlayan kimi Məhəmməd Rza Xəlilbəyli başını arxaya çevirib mənə baxır, özündən böyük qardaşının sözlərindən duyduğu məmnuniyyət baş və göz işarələriylə mənə çatdırır.

Salondan yüksələn uğultu prokurorun və hakimin də qaydaları pozub gülmələrinə səbəb olduğu kimi, baxışların çevrildiyi Firəngiz xanımın gülməkdən başqa çarəsi qalmır.

Məhkəmə prosesinin yekunlaşmasına bir neçə gün qalanda işıqlı xatirəsi önündə həmişə hörmətlə baş əydiyim möhtərəm böyüyümüz, professor Qasım Qasımzadəyə dedim ki, bəlkə hakimi sizin maşınınıza götürək, yolda ona bəzi tövsiyyələr edəsiniz?

- “Səncə, minər?”

- “Mən həll edərəm”.

Xəlil bəyin son sözündən sonra hamı getdi, mən hakimin öz otağından çıxacağı anı gözləyirdim, Qasım müəllim isə maşını işə salmalıydı. Hakim İlqar müəllim (məni bağışlasın, onun da soyadını unutmuşam) yolun o tərəfinə keçən kimi Qasım müəllimə işarə verdim, maşını əks tərəfə döndərib hakimin qabağında saxladı. Mən tez qapını açıb “Buyurun, möhtərəm hakim”- deyəndə tanımadığına görə minməyə tərəddüd etdi. Qasım müəllim özü dəvət edəndə hakim dedi ki, “mən 8-ci kilometrə gedəcəyəm,uzaqdır,sizə zəhmət olar”.

- “Otur, oğlum, hara istəsən, gedəcəyik”.

Azneft meydanına çatanda Qasım müəllim artıq sözə başlamışdı: “Oğlum, tarixi günlər yaşayırıq. Bizi əsarətdə saxlayan sovet rejimi dağılır. Xəlil Rza tarixdir, ona 1 dəqiqə də cəza vermək olmaz, yoxsa, bu qədər xoş niyyətinizə baxmayaraq, tarixdə başqa cür qalarsınız. Xəlilə mütləq bəraət verməlisiniz”.

- “Sizin köməyinizə çox ehtiyacım var. İctimai müdafiəçilər daha fəal olsunlar. Mən hökmü bir neçə gün yubadacağam, daha çox yerdən dəstək məktubları gətirin, ictimaiyyətdən mənə teleqramlar göndərilsin”.

Bir hakim bundan düzgün hansı yolu göstərə bilərdi? Xəlil Rzaya dəstək məktubunu hansı şəxs, hansı təşkilat əsirgəyərdi? Qasım müəllimin sözündən kim çıxardı?

Əslində, Qasım müəllimlə mən hökmün nəticəsin əvvəlcədən bilsək də, bunu “Məryəmin dördüncü sirri” kimi saxladıq. Çünki Xəlil bəy nəsə hiss etsəydi, bu məsələ o anda sirr olmaqdan çıxacaqdı.

Ona bəraət verəndən sonra hamı getdi, möhtərəm böyüyümüz Qasım müəllimlə hakimi gözlədik, Qasım müəllim minnətdarlıq edib dedi ki, Xəlil Rza nə qədər tarixdirsə, bundan sonra siz də o şərəfli tarixin səhifələrində öz yerinizi aldınız.

Sovet rejiminn hakimində gördüyüm vicdan və cəsarəti heç vaxt unutmadım, özümə örnək aldım.

Xəlil bəylə razılaşıb iki gündən sonra iş yerimiz olan Ədəbiyyat institutuna getdik. Otaq-otaq dolaşaraq məhkəmədə bəraət aldığını dedi. Əksəriyyət xəbərdar idi, çoxluq sevindi, laqeyd və soyuqqanlı qarşılayanlar da oldu...

Təbii idi,onu hamının sevməsi onsuz da, mümkün olmadığına görə, bəraətinə laqeyd yanaşanları da Xəlil bəy normal qarşıladı...

Mayis Əlizadə



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar