Teymur və Şəhriyar üçün final mərhələ: 100 min dollar üçün mübarizə başlayır

18 Sentyabr 2021 18:58    1074 Baxış   
Teymur və Şəhriyar üçün final mərhələ:  100 min dollar üçün mübarizə başlayır

Onlayn şahmat üzrə Çempionlar Turunun final mərhələsinin iştirakçıları bəlli olub.

Dominant.az-ın xəbərinə görə, 25 sentyabr – 4 oktyabr tarixlərində keçiriləcək yarışın 10 iştirakçısı arasında Azərbaycandan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da var.

Onların yarışdakı rəqibləri təşkilatçı olan dünya çempionu Maqnus Karlsen (Norveç), Vesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Aniş Qiri (Niderland), Vladislav Artemyev (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa) və Yan-Kjıştof Dudadır (Polşa) olacaq.

Bu şahmatçılardan Teymur, Qiri və Karlsen daha əvvəl 3 dəfə keçirilmiş “Major” turnirin qalibi olduğu üçün, So, Aronyan, Nakamura və Artemyev isə yekun turnir cədvəlinə əsasən finalda yarışmaq hüququ əldə edib. Vaşye-Laqrav rusiyalı şahmatçı Yan Nepomnyaşini əvəzləyib. Şəhriyar və Duda isə “wildcard”la (xüsusi dəvət) yarışda iştirak edəcək.

Bunlardan Duda istisna olmaqla, digərləri yarışa əlavə xallarla başlayacaq. Onlara ötən ilin noyabrından başlayan əvvəlki 9 mərhələdə topladığı xallara əsasən bonus veriləcək. Belə ki, Karlsen 16,5, So 12,5, Aronyan 8, Teymur 6, Qiri 5,5, Nakamura 4, Artemyev 3,5, Vaşye-Laqrav 2,5 və Şəhriyar 0,5 xalla yarışa start verəcək.

Avropada yaşayan şahmatçılardan Karlsen, Qiri və Duda turnirin Oslodakı studiyasında oyunlarını keçirəcək. Digər şahmatçılar öz evlərindən yarışa qoşulacaq. Sentyabrın 24-də yarışın açılış mərasimi keçiriləcək. Sentyabrın 30-u yarışda istirahət günü olacaq.

Qeyd edək ki, final mərhələsinin mükafat fondu 300 min dollar olacaq (bütün mərhələlər üzrə ümumi məbləğ 1,6 milyon dollardır – S.M.). Birinci yeri tutacaq qrossmeyster 100 min, sonuncu olacaq şahmatçı 5 min dollar qazanacaq. Yarış dairəvi sistemlə keçiriləcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar