Türkiyədə yaşayan azərbaycanlı yazardan Elif Şafaka cavab - LƏNƏT OLSUN!

16 Oktyabr 2020 15:15    807 Baxış   
Türkiyədə yaşayan azərbaycanlı yazardan Elif Şafaka cavab -  LƏNƏT OLSUN!

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə məşhur türk yazıçı Elif Şafak şəxsi “Twitter” hesabından erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşaraq, Ermənistana dəstəyini ifadə etdi.

Türkiyədə yaşayan azərbaycanlı jurnalist-yazar, Erciyes Universitetinin müəllimi Əsli Xəlilqızı (Əliyeva) Elif Şafaka bu addımına görə yazı ilə cavab verib.


Dominant.az həmin yazını təqdim edir:

"Müharibə... Müharibə... Lənətə gəlmiş müharibə... Mən kimsəyə müharibəni canında, qanında, ruhunda yaşamağı arzulamıram... 1993 -cü il... Azərbaycanın bir bölgəsi - Sədərək... Göydən yağan snaryadlar, alazanlar, qradlar, güllələr... Düz 27 il əvvəl 3 yaşlı Tamamın - xalam nəvəsinin, dili topuq çala -çala “Əşli, qaçaq padmala, bomba atıylar” deməsi hələ də qulaqlarımda cingildəyir. Bu qızcığazın qorxudan bərəlmiş gözləri də yaddaşımda həkk olunub... Nədənsə uzaq illərin o tayında qalmış, unuda bilmədiyim başqa bir 3 yaşlı qızcığazın, nə az, nə çox, düz 37 il əvvəl dediklərini də paylaşmaq istədim.

1980-ci il... Döğulub boya-başa çatdığım İrəvan. Vedibasar mahalının Arəzdəyən kəndində bağçada tərbiyəçi işləyirdim. Qrupumdakı 3 yaşlı erməni qızcığazı - Karineni hər səhər qollarıma alıb, başımın üzərində fırlayaraq qarşılayırdım. İsti bir avqust günüdə, səhər- səhər bağçaya gələn Karinenin ağlamaqdan gözlərinin qıpqırmızı olduğunu və şişdiyini görüb düşündüm ki, evdə onu incidiblər. Adətim üzrə Karineyə yaxınlaşıb, qollarıma alaraq onu başımın üzərinə qaldırdım. Karinenin “Yoldaş Əsli, sən türk olma, sən türk olma” deyərək hönkürməsindən və toppuş qollarını boynuma dolamasından sarsılıb baxışlarımı Karinenin anası Larisaya yönəltdim. Larisa “Karine bu gecə təsadüfən sənin türk olduğunu öyrəndi. Bütün gecəni yatmayıb, ağlayıb!” - dedi. Süstəlşmişdim... 3 yaşlı Karinenin mənə olan sevgisi göz yaşlarına qarışıb gözəl yanaqlarından üzü aşağı axırdı... Toppuş qollarını bərk -bərk boynuma sarıyıb hayqırırdı: “Türk olma! Türk olma!”. Mənim türk olduğuma görə hıçqırıqlarda boğulurdu... Mən də boğulurdum... Mənsub olduğum millətə görə həqarət olunmamın kədəri boğazımda tıxanc olmuşdu... Karine məni buraxmaq istəmirdi... Sanki buraxmasaydı, türk olmayacaqdım... Və Karine bir daha mənə əvvəlki kimi yaxınlaşa bilmədi.... Dərs zamanı gözlərini məndən qaçırırdı... Gözlərində yaş gilələnirdi... Elə o gündən mənə olan sevgisi gözlərində gillənmiş yaşa çevrildi...

Bu sətirləri yazarkən 3 yaşlı erməni qızcığazına çəkdirilən o acı hələ də qəlbimi göynədir. Bu nə idiologiyadır, İlahi! Artıq 100 ildən coxdur ki, bu ideologiya erməni xalqının canına zəhər kimi hopdurulur... Bu zəhər hayduk ideologiyadır Elif Şafaq. Bəzi erməni aydınlarının da acı-acı etiraf etdikləri fədailik...

Elif Şafaq, mən də əsla savaş istəmirəm. Ona görə 3 yaşlı qızcığazların – Tamamın və Karinenin hekayəsini anlatdım. Müharibənin qan -qadasına, atəşinə, qasırğasına, tufanına, dəhşətinə, gətirdiyi ağrı-acılara, əzablarına LƏNƏT OLSUN!

Mən də, dünyamızı incə sənətin, gözəlliyin xilas etməsindən yanayam!

Mən bütün müharibələri Cakondanın bir təbəssümünə qurban verməkdən yanayam!

Mən bütün müharibələri yarpaqların pıçıltısına, xəzanın xışıltısına qurban verərdim!

Mən bütün müharibələri axan suyun səsinə, yağan yağışın damcılarına, səpələnən qar dənələrinə, xəyallarımın naxışlarına qurban verərdim!

Mən bütün müharibələri Çaykovskinin “Sonalar gölü”ndəki musiqi sədalarına, mavi paltarlı balerinaların rəqslərinə qurban verərdim!

Mən bütün müharibələri “Leyli”nin, “Karmen”in, “Anna Karenina”nın sevgisinə qurban verərdim!

Mən bütün müharibələri Herman Hessenin “Yalquzağ”ındakı balıqçının, yaşam savaşı üçün göstərdiyi çabaların təsvirinə qurban verərdim. Yaşam eşqi İlahinin insanlara verdiyi doğal haqq... Xocalı sakinlərinə nəsib olmayan doğal haqq...

Mən bütün müharibələri bircə Anadolu türküsünə, Qarabağ şikəstəsinə, Pavarotti, Al Bano, Maykl Cekson, Mirey Matye, Alla Puqaçova, Andrea Boçelli, Dimaş və yüzlərcə adını sadalaya biləcəyimiz dünya müsiqisinin fatehlərinin səs tellərinə qurban verərdim!

Bu siyahını o qədər uzatmaq olar ki...

Mənim üçün qurban verilməyəcək bir şey var - VƏTƏN!!! Bu başqa bir duyğu....Bu başqa bir eşq... Yaşam eşqinin fövqündə olan bir eşq!

30- 35 il öncə oxuduğum bütün zamanların, bütün xalqların klasiki hesab edilən Viktor Hüqonun “93-cü il” əsərinin son cümləsi yaddaşımda həkk olunub. “Gilotinin səsi gələndə, qonşu otaqdan atəş səsi gəldi!” Bunu oxumuş olmanızdan əminəm. Oxumayanlar üçün kiçik bir açıqlama. Üç nəfərdən ibarət qəbul edilən Andlı məhkəmə qərarında 2 səs həlledicidir. Hakimlərdən biri müttəhimin lehinə, digəri əleyhinə səs verir. Son qərar çox önəmlidir. Bu qərar oğlu kimi böyütdüyü qardaşı nəvəsinin taleyini həll edəcək. Ya öləcək, ya yaşayacaq! Hakim VƏTƏNƏ xəyanətdə suçlanan qardaşı nəvəsinə gilotin ölüm cəzasına səs verir! Və bir az öncə yazdığım “Gilotinin səsi gələndə, qonşu otaqdan atəş səsi gəldi!” cümləsi ilə əsər bitir. Bəli, qardaşı nəvəsinə ölüm hökmü verən hakim qonşu otaqda özünü güllə ilə vurur.

Yaşam eşqindən də güclü bir eşq! VƏTƏN EŞQİ! Qarşısı alınmaz bir eşq!!! VƏTƏN TOPRAĞI yabancı tapdağında inildəyəndə təhəmmül etmək mümkünsüz olur!!!

Elif Şafaq, əgər Azərbaycanla Ermənistan arasındakı barışda canım gərəkirsə, of demədən həmən qəbul edərəm. Təki barış olsun! Bitsin qan-qada! Bitsin anaların göz yaşı... Amma düz 30 ildi mənim VƏTƏNİM işğalçıların tapdağı altında inləyir!

Elif Şafaq, Şərqdə ilk opera yazarı Üzeyir Hacibəyovun VƏTƏNİ ŞUŞADAN, pəncərsinin bircə şüşəsi sınmayan, amma içərisi “viranə qalmış” kilsədən işğalçı sənətçinin hüzn şarkısını paylaşıb məmləkətim Azərbaycanı suçlayanda, Xocalını demirəm, elə bu günlərdə Gəncədə sivil insanlara qarşı törədilən terror aktını, yetim qalmış çocuqların acılarını da paylaşıb atəşkəs istəsəydiniz, düşüncələriniz humanizm - qana qarşı bir yazar fəryadı kimi anlaşıla bilərdi. ...Nə yazıq ki, təktərəfli oldunuz... Bir yazarın, bir qələm əhlinin təktərəfli olması... nöqtələr... nöqtələr..."





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar