Xocalıda general Volkov erməniləri necə təqdim edib - Əgər iddia doğrudursa…

03 Martt 2023 20:35    1927 Baxış   
Xocalıda general Volkov erməniləri necə təqdim edib - Əgər iddia doğrudursa…

Bayraq söhbəti indilikdə demoqojidir, ona görə ki, sən təhlilçi, analitik, siyasətçisənsə, anlamalısan ki, bu hələ heç danışıqlar deyil, əslində siyasi gedişdir, diplomatik həmlədir…


Xocalıda Azərbaycan nümayəndə heyəti ilə ermənilər arasında olan ilk görüşə hər iki tərəfdən reaksiyalar gözlənilən idi. Azərbaycanda bu görüşü sərt tənqid edənlər xüsusilə, bayrağımızın masada olmamasını qabardırlar. Bəzi müxalifətçilərin açıqlamalarını oxuyanda isə təəssüf edirsən ki, bu adamlar hələ də içlərindəki qərəzdən qurtulub hadisəyə obyektiv yanaşa bilmirlər. Söhbət hökuməti tənqid etməkdən getmir, onları müdafiə etmək fikrim yox, özləri cavab verə bilərlər.  Hadisəyə yanaşmadakı qərəzi deyirəm. Bayraq simvoldur, amma bunu indi cibində gətirib o masanın üstünə qoysan guya nə dəyişəcək, məqsəd bu dəqiqə o görüşdə bayrağın olmasıdırmı? Ermənilərin dörd bir tərəfində  Azərbaycan bayrağı dalğalanır, 80 gündür də o bayrağın ya altından, ya yanında keçib İrəvana gedib-qayıtmırlarmı? Mənə də qalsa, masada bayrağımız əla görünərdi, amma indi bu görüntü, emosiyalar üçün görüşdürsə, daha masaya oturmayacaqlarsa, elə Bakıdan hərəsinə bir “Makarov” verib göndərək, sıxsınlar ermənilərin təpəsinə beş-altı güllə... Hə, o zaman qəhrəman olacaqlar, bu adamlar? Yox, o zaman bəzi tənqidçilər yenə deyəcəklər ki, “ölkəni biabır etdilər, işimizi çətinə saldılar, gərək danışıqlar davam edəydi” və sairə… Bayraq söhbəti indilikdə demoqojidir, ona görə ki, sən təhlilçi, analitik, siyasətçisənsə, anlamalısan ki, bu hələ heç danışıqlar deyil, düzünə qalsa, hətta siyasi gedişdir, diplomatik həmlədir…



Bu cür söhbətlərin qarşısını almaq üçün nümayəndə heyəti Bakıda mətbuat konfransı keçirə, mümkün olan qədər suallara aydınlıq gətirə bilərdilər. Mən şəxsən hələ indi bildim ki, məsələn, parlamentdə Ağdərədən Ramin Məmmədov adlı deputat var, 7 il Şuşadakı rus məktəbində oxuyub və sairə...Dövlət lazım bilibsə, getsin danışsın… Son aylar dəfələrlə yazmışam ki, biz torpaqlarımızda məskunlaşmış bu alçaq könüllü millətlə danışıqlara getməliyik. Vardanla, ya başqa bir “yan”la...İndi Vardanyan variantı çıxdı ortadan, masada yenə separatçıların təmsilçiləri var. Amma biz kiminləsə danışmalıyıq axı… Hitler SSRİ-də sonadək heç kimlə təmas qurmadı, amma Reyxin generalları ilə masalar, təmaslar vardı. Biz də bilməliyik ki, bu hitlerəbənzərlərin masaya oturtduqları separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Şahramanyanın bizdən umacağı nədir? O kirli qulaqları ilə də bizim şərtlərimizi də eşitməlidir. Bu təmaslar mütləq olmalıdır, diplomatiya üçün dövlətə bu lazımdır, vacibdir. Nəticəsi nə olacaq, görəcəyik...    

      

Ermənilərin də ümumi reaksiyaları təxmini bizdəki kimidir. Bəziləri iddia edir ki, Azərbaycan daha Xocalıyadək gəlib, burdan o yana nə “müstəqillik” var, nə “artsax”... Sadə ermənilər nə düşünür, bunu demək çətindir, amma səsi mediaya çatanların əksəriyyəti gileyli və səksəkəlidirlər. Xankəndidəki qondarma rejim isə ictimaiyyəti sakitliyə çağırır və “heç bir inteqrasiyadan, Azərbaycanın tərkibində yaşamaqla bağlı razılaşmadan söhbət gedə bilməz” deyə, az qala hər gün bağırırlar.

Bu gün isə  qondarma rejimin “təhlükəsizlik şurası”yenə də geniş məlumat yayıb ki, orada əsl narahat olası məqam var. Məlumatda bildirilir ki, sülhməramlı kontingentin komandanı general-mayor Volkov  açılış nitqində iştirakçıları “Artsax Respublikası” və Azərbaycan Respublikası tərəfləri” kimi təqdim edib. Görüşün digər təfərrüatları da var, amma o məlumatların həqiqiliyinə inanmamaq üçün əsaslarımız var. Məsələn, ermənilər iddia edirlər ki, görüşdə Bakının dediyi kimi, “Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanla reinteqrasiyası məsələləri” müzakirə edilməyib, erməni tərəfi buna razılaşmayıb, deyiblər ki, bu beynəlxalq səviyyəli görüşün müzakirə predmeti ola bilər,  görüş yalnız  “blokadanın” götürülməsi və bununla bağlı problemlərin həlli istiqamətində addımların müzakirəsinə həsr olunub. Erməni tərəfi rəsmi nümayəndələrin növbəti görüşünün Rusiya sülhməramlı qüvvələrinin iştirakı olmadan “Gəncədə və ya Ağdamda baş tuta biləcəyi” ilə bağlı deyilənlər də təkzib edib.



Növbəti müzakirələrin Bakıda, Gəncədə və yaxud Ağdamda baş tuta biləcəyi haqda Xocalıda görüşdə iştirak edənlər heç bir fikir söyləməyib. Bunun mümkünlüyü haqda hökumətə yaxın agentliklərdən biri yazmışdı. Əlbəttə ki, daxili auditoriya üçün nəzərdə tutulub, amma siyasi baxımdan tələskənlik idi və ermənilər bundan da  bizə qarşı istifadə edirlər. Biz Xocalıya, Xankəndinə getməliyik, bizim torpağımız da, işimiz də oradadır, ermənilərin Gəncəyə, Ağdama gəlmələri çox tezdir, bəlkə heç bir daha ayaqları buralara dəyməsə yaxşıdır...      

Volkovun dediklərindən isə narahat olmağa dəyər. Ermənilər çoxdandır ki, Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmağa çalışırlar. Volkov belə bir təqdimat edibsə, böyük sayğısızlıq edib, qətiyyən qəbuledilməzdir.  Ermənilərin tərəf kimi tanınmaması deyil, məsələ. Biz ermənilərlə çoxdan qarşı tərəf nədir, düşmənik, bunu bilməyən də yoxdur. Amma bizim nümayəndənin iştirak etdiyi görüşdə ermənilər “artsax respublikası” kimi təqdim edilibsə, bu görüşün davam etdirməyin mənası qalmırdı…

Xocalıda olan nümayəndələr yəqin buna aydınlıq gətirər. Volkovun belə təqdimat etdiyi təsdiqlənərsə... (müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar