“Yük maşınları potensial təhlükədir” – Ekspertdən həyəcan təbili

08 Sentyabr 2021 15:39    1036 Baxış   
“Yük maşınları potensial təhlükədir” –  Ekspertdən həyəcan təbili


7 sentyabrda saat 22:00 radələrində Ziya Bünyadov prospektindən üzü “Koroğlu” metrostansiyasına gedən istiqamətdə, “Çermet” körpüsünun üzərində bir neçə avtomobil qəzası baş verib. Belə ki, sözügedən yolda iki yük maşını aşıb. Əraziyə Yol Polisi əməkdaşları cəlb olunub. Elə həmin saatlarda növbəti yük maşını qəza törədib. Maşının sürücüsü qarşıdan gedən minik maşınını vurub. Nəticədə avtomobilin arxa hissəsi tamamilə sıradan çıxıb.

Dominant.az-a bu barədə Minik avtomobilinin sürücüsü, yol-nəqliyyat məsələləri üzrə ekspert Arzu Babazadə məlumat verib. A.Babazadə bildirib ki, avtomobilini vuran yük maşının sürücüsünün üzərində heç bir sənədi olmayıb: “Yoxlanış zamanı yük maşının sürücüsü sərxoş çıxmadı, narkotik vasitə də qəbul etməmişdi. Yəqin ki, ya sürət həddini aşdığından, ya da sukan arxasında telefonla oynadığına görə yük maşınını yığışdıra bilmədi, gəlib mənim avtomobilimə çırpıldı. Yük maşının təhlükəli sürdüyünü ərazidəki Post Patrul Xidmətinin əməkdaşları da etiraf etdilər. Bildirdilər ki, əgər ehtiyatlı tərpənməsəydilər, yük maşını maşını onları vuracaqdı. PPX maşını xəbərdarlıq işıqlarını yandıraraq təhlükədən qurtulub. Həmin anda hadisədən qurtulmaq üçün heç bir imkanım yox idi, qarşıda iki yük avtomobili aşdığından yolda tıxac yaranmışdı, qarşım da dolu idi, solum da. Ancaq avtomobilimi qarşıdakı maşına çırpılmaqdan xilas edə bildim”.

Şikayətçinin sözlərinə görə, Qəza baş verən zaman maşında arxa oturacaqda iki azyaşlı uşaq olub. Onlar psixoloji travma alıblar.

Arzu Babazadə onu da vurğulayıb ki, yük maşınlarının sürücüləri heç bir yol-nəqliyyat qaydalarına əməl etmirlər, qanunvericiliyin tələblərini kobud şəkildə pozurlar: “Təkcə yük avtomobilləri yox, həmçinin nömrəsiz “Nazlifan”lar, taksilər də yollarda potensial təhlükə mənbəyidir. Hündür avtomobilin sürücüsü yolun qırmızıya boyandığını, hərəkətin dayandığını uzaqdan görməlidir. Təəssüflər olsun ki, qayda-qanunu kobud şəkildə pozurlar, baş verə biləcək faciələri nəzərə almırlar. Nəticədə də neçə-neçə evin çırağı sönür. Bunun subutu kimi elə həmin saatlarda sözügedən əraizdə iki yük avtomobilinin aşmasını da subut kimi göstərmək olar”.

Xanlar Əlibəy





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar