CƏBRAYILDAN - KƏLBƏCƏRƏ

26 Oktyabr 2020 16:07    1376 Baxış   
CƏBRAYILDAN - KƏLBƏCƏRƏ

Dominant.az Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin (Mərcanlı) yei şeirini təqdim edir:

CƏBRAYILDAN - KƏLBƏCƏRƏ

Anam Azərbaycanım,
Ərənləri yenilməz
Şərəflim-şanlım mənim!
Oba-oba qəddini
Dikəldən şah vüqarlı
Qarabağım-Cəbrayılım,
Böyük Mərcanlım mənim!
Hər qarış torpağını,
Daşını-kəsəyini,
Otunu, yarpağını
Əziziləyib öpüm qoy!
Yalını-yamacını,
Çölünü-çəmənini,
Xudafərin biçimli
Ulu sənət tacını
Gözlərimə təpim qoy!
Salam verib Diriyə,
Gəyəndən keçib gedim.
Xan Çinarlı Cəbrayılın
Kəhrizinin dumduru
Suyundan içib gedim.
Ağoğlandan boylanıb
Baxım Tumasa, Teyə.
Qanadlanan sevincim
Sığmasın yerə-göyə.
Çatsın səsim-avazım
Ulu Gordubabaya.
Göz aydınlığı verim
Hər elə, hər obaya.
Sirikdə, İsaxlıda
Qeyb olsun əbədilik
Dərdim, nisgilim, ahım.
Gəlişimə sevinsin
Hacı Qaraman Babam-
Qibləm-Ziyarətgahım...
Xoş günlərə qovuşsun
Zəngilanım, Füzulim,
Ağdərəm, Xocavəndim.
Qubadlıda, Laçında,
Ağdamda, Xocalıda
Dikəltsin qamətini
Heçə şəhərim, kəndim.
Xankəndində, Şuşada
Dil açsın toy-büsatım.
Üz tutsun Kəlbəcərə
Ağır elim-elatım...
Dönsün and yerimizə
Müqəddəs şəhid adı.
Sona çatsın yurdumda
Anaların naləsi,
Körpələrin fəryadı.
Deyim, xoşbəxtik, Vətən,
Sənin zəfər soraqlı
Ali Baş Komandanın,
Ərənlərin var olsun!
Dalğalansın hər yanda
Üçrəngli bayrağımız!
Uca Millətimizə
Ulu Tanrı yar olsun!
25.10.2020



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar