Dönmüşəm dərvişə, haqqı gəzirəm

29 Dekabr 2020 13:21    814 Baxış   
Dönmüşəm dərvişə, haqqı gəzirəm

Dominant.az Elmar Hüseynovun yeni şeirini təqdim edir:

O qədər özümü aldatmışam ki,
Daha başqaları aldatmır məni.
Acı həqiqət yox, şirin yalanlar -
Eşidib küsmürəm, ağlatmır məni...

Dünyanın hər üzün görüb, böyüdüm,
Daha uşaq kimi heyrətlənmirəm.
Layla tək zamanla xəyala dönən,
Nağıl aləminə təəssüflənmirəm...

Nə ad-san gözümdə, nə də ki, mal-mülk,
Çəkilib bir küncə şöhrət gəzmirəm.
Hər şey gözlərimdə adiləşibdi,
Dönmüşəm dərvişə, haqqı gəzirəm...

Həqiqət gəzirəm, gecə çıraqla -
yansın, qaranlıqlar yolu kəsməsin...
Bütün bəşəriyyət nura boyansın,
Nahaq qolu zorlu haqqı əzməsin...

Bir də aldatmasın kimsə-kimsəni,
Analar gözləri yaşlı qalmasın...
Dünyamız uşaq tək nağıla dönsün,
Bircə məzlumun da ahın almasın...



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar