“Ədəbiyyat” qəzeti "Türk əskəri"ni niyə dərc etmədi - Yazıçıya qadağa qoyan Cəfərov kimdir

19 Noyabr 2020 21:10    886 Baxış   
“Ədəbiyyat” qəzeti "Türk əskəri"ni niyə dərc etmədi -  Yazıçıya qadağa qoyan Cəfərov kimdir

Hara gedirik?

Azərbaycan döyüşçüləri haqda romanlar, hekayələr yazdım. Məğlub ordunun, məğlub döyüşçüləri haqda. “Ağrı” romanı ədəbiyyatımızda Qarabağ hadisələrində təkcə müsəlmanların yox, xristian albanların da hansı faciələrə məruz qaldığı, alban keşişin də müsəlmanlarla birlikdə bu barbar tayfaya qarşı döyüşdüyündən bəhs edən mövzuda yazılan ilk roman idi. Çapı üçün pulum yox idi. O torpaqlardan didərgin düşmüş icra başçımıza müraciət elədim. Bir dəfə o torpaqdan necə çıxmalarını danışmışdı. Gözlərim yaşarmışdı. Köməkçisi zəng elədi. Vəsait yox idi. Söhbət, hardasa. 2 min manatdan gedirdi. Öz hesabıma çap elətdirdim. Sonra? Kitab satışımız bərbad. Ciddi ədəbiyyat artıq oxucu marağında deyil.

Mədəniyyət Nazirliyinə məktub yazdım. Heç olmasa, əlli kitab alıb kitabxanalara paylayın. Gənclərimiz oxusun. Bu hadisələr haqda məlumatları olsun. Sabah bu savaşın dinlər arası savaş olduğunu car çəkənlərə deməyə sözləri olsun. Cəfərov soyadlı əməkdaşları cavab yazdı. Vəsaitləri yox idi. Kitabın qiyməti 7 manat idi. yazıçının on illərini verib belə mühüm mövzuda yazdığı kitabı almaq üçün Mədəniyyət Nazirliyinin 350 manatı yox idi.

Məni heyrətləndirən təkcə Mədəniyyət Nazirliyinin belə miskin və kasıb durumda olması deyildi. Cəfərov cənablarının şəxsi idi. Prezidentə də işsiz olduğumla bağlı məktub yazanda məhz bu Cəfərov cavab verirdi. Adamın ancaq bir cavabı olurdu, iş yoxdur, vəsait yoxdur. Mən artıq bu qənaətə gəlmişdim, ölkə rəsmiləri Cəfərov cənabları üçün xüsusi ştat yaradıblar, vəzifəsi də mənim yazdığım məktublara cavab verməkdir. Əgər durub harasa məktub yazardımsa, anındaca Cəfərov cavab verəcəkdi. Sənə deyildi axı, vəsait yoxdur!


İstanbulda kitab sərgisində Azərbaycanın da iştirak elədiyini öyrənib öz stendimizi axtardım. Səbrsizliklə, həyəcanla! Çoxlu ölkələrin, nəşriyyatların təmsil olunduğu sərgidə ölkəmizi necə təmsil elədiklərini görmək, qürurlanmaq istəyirdim! Çox çətinliklə əsas salondan kənarda, qənaətimcə pulsuz verilən dalda-bucaq bir yerdə tapa bildim. Azərbaycandan başqa heç bir ölkənin burda stendi yox idi. Heç adam da yox idi. Mən məcbur idim, axtarıb tapmışdım, yoxsa kimə nə düşmüşdü gəlib buralarda bizim stendi axtara? Bir nəfər stendin qabağında oturub paxlava ilə çay içirdi. Təsəvvür eləyirsinizmi?! Əsas salonda stendlərdən kitab almaq üçün uzun növbələr, ayaq üstə dayanmağa yer yox, burda isə adam qıçını-qıçının üstünə aşırıb türk paxlavası ilə çay içir!

Həm də kim olsa yaxşıdır? Üzünü görmədiyim həmən Cəfərov! Adamı sanki oğurluq üstə yaxalamışdım. Əl-ayağa düşmüşdü. Məlum məsələdir, bilə-bilə ki, bura gəlib-eləyən olmayacaq, niyə burdan yer götürübsünüz, bu stenddə bizim kitablarımız niyə yoxdur, biz Skandinav yazıçılarımıyıq? Biz Türkiyədə öz hesabımıza kitab sərgilərində iştirak eləyirik, bizi az-çox tanıyırlar, bu sahədə təcrübəmiz var, ölkəmizi daha yaxşı tanıda bildiyimiz, Qarabağ ağrımızı yazılarımızla da, sözlə də daha yaxşı çatdıra bildiyimiz halda, bizləri niyə belə sərgilərə dəvət eləmirsiniz? Niyə bizi öz düşməniniz kimi görürsünüz? Niyə əsas dərdimiz, ağrımız olan Qarabağ mövzusunda kitablar yoxdur? Bura dövlətin puluyla yazar həmkarlarımı gətiribsiniz, onlar hardadılar? Onlar indi burda olmalıydılar. Fotolar, video çarxlar nümayiş elətdirərək ölkəmiz, Qarabağ faciəmiz haqda danışmalıydılar. Təsadüfən azıb bura gələnlərə ədəbiyyatımız, kitablarımız haqda məlumat verməliydilər. Sən burda türk paxlavası ilə yox, Azərbaycan şirniyyatları ilə çay içməliydin, həm də qonaqlarla. Və sair bu kimi suallara cavab verə bilmədi.

Nəhs gün imiş. Mənim ucuz yağ və sucuq qoxuyan bu dalana hardansa gəlib çıxmağım adamı çaşdırmışdı. Yarı tutqun salonu məğlub döyüşçülərim kimi tərk eləyirdim. Ölkəm adına xəcalət çəkərək. Kədəriylə, yelçəkənlərdən əsib gələn soyuq küləyiylə, kimsəsizliyi ilə o salon mənim başıbəlalı vətənimin bir parçası idi. Bir tərəfini barbar tayfa işğal eləmişdi, daraşıb talayırdı, bir tərəfinə də bunlar.

Bunlarla gələn həmkarlarım niyə belə rəzilliyə göz yummuşdular? Azərbaycan adına açılan stendin, Azərbaycanı özünə qardaş bilən böyük ölkədə belə urvatsız, ucuz yerdə açılmasına niyə etiraz eləməmişdilər? Bunun ölkəmizə xəcalət, başaşağılıq gətirdiyini bilmirdilərmi? Axı Ermənistan və ya Gürcüstan kimi ölkələr belə bu cür sərgilərdə heç vaxt bu salondan yer götürməzdilər. Necə ki, götürməmişdilər. Hər şeyi başa düşdüm. Bura belə rəzilliyə etiraz eləyəcək adamları gətirməzdilər. Gələnlər isə bunlar kimi daraşıb talaya bilməsələr də, hər halda bəhrələnmək istəyirdilər. İstanbulun rütubət qoxuyan, daşlarından sirr yağan şəhərin yağışlı küçələrində gəzmək, selfilər paylaşmaq, azından alış-veriş eləmək istəyirdilər. Ev əhlinin yanına üzü ağ qayıtmaq üçün. Etiraz eləyəcəkdilər, selfilər, gəzintilər uzaq xəyal, ilğım olacaqdı.

Bəs vətən? Zavallı vətən onu talayanlar üçün nəydisə, onlar üçün də oydu.

Sərgi salonundan çıxdım. Girişdə kafe var idi. Oturub, çiyin çantamı yanımdakı stulun üstünə qoydum. Çay sifariş verdim. Uğursuz cəhd idi. Türk çayı əsəblərə yaxşı gəlmir. O gün yelçəkənlərdən əsən soyuq külək içimdə əsdi. İstanbulun yad yağışı içimə yağdı. Kənd uşaqları soyuq küləyi, yağışı sevməzlər. Heç sevməzlər. Sonralar bir döyüşçü ilə rastlaşdım. Mənə onlarla birlikdə döyüşən türk əskərindən danışdı. Sarsılmışdım. Azından gənc nəsil belə əskərləri tanımalıydılar. “Türk əskəri” adlı hekayə yazdım. Türkiyədə ən çox oxunan, bəyənilən hekayəm oldu. Minlərlə gözəl şərhlər yazıldı. Maraqlananlar FB səhifəmdə baxa bilərlər. Öz oxucularım da oxusun deyə “Ədəbiyyat” qəzetinə göndərdim.

Naftalanda çoxdan yağış yağmırdı. Ətrafdakı neft qoxuyan bozarmış çöllərdən yanan otun, torpağın qoxusu gəlirdi. Həmin axşam isə selləmə yağış yağdı. Yağış qoxusu, qızmış torpaqdan qalxan qoxu hər yeri başına götürmüşdü. Səhər yeməyindən sonra həyətə düşüb hələ də nəmi çəkilməmiş oturacaqda oturmuşdum. Yaxınlıqdakı gölməçədə günəş şüası oynaşırdı. Bircə gecədə yarpaqları yuyulub təmizlənmiş ağaclar üzə gülürdü.

Azər Turan zəng elədi: “Hekayəni verə bilmərik. Orda ideoloji səhv var. Axı bu qəzeti ermənilər də oxuyurlar. Türk zabitinin könüllü olaraq gəlib bizim tərəfdə döyüşməsi, kəşfiyatçılar yetişdirməsi yaxşı səslənməz”.

Heyrətimin sonu yox idi. Ona görə ki, ciddiydi. Ürək sözləriydi, səmimi deyirdi. Yoxsa özü mənə dəfələrlə zəng eləyib yeni hekayə istəyir, göndərən kimi də çap eləyirdi. Qorxurdu. Ermənilərdən. Amma dağların o üzündəkilərdən yox. Hər halda türk əskəri haqda hekayə çap eləyib deyə ədəbiyyatımızın onuncu dərəcəli flaqmanını ballistik raketin hədəfinə götürəsi deyildilər. Belə raketlər boşuna xərclənmir. İçimizdəki ermənilərdən qorxurdu. O da elə həmən həmkarlarım kimi daşları sirr qoxuyan şəhərə getmək, daş döşənmiş küçələrində dolaşmaq, adına beynəlxalq tədbir deyilən yığıncaqlarda çıxışlar eləmək, Türkiyə-Azərbaycan qardaşlığı üçün nələr elədiyindən ağız dolusu danışmaq, qürurlanmaq istəyirdi. Azından alış-veriş eləmək istəyirdi. Azından. Sayıqlığını itirsəydi, bunlardan bir göz qırpımında mərhum ola bilərdi.

Ermənilər dünyanın hər yerindən axışıb gələn, Qarabağda vəhşiliklər törədən, baş kəsən, uşaqları, qocaları, qadınları öldürən terrorçulara şəhərlərində mərmər heykəllər ucaldır, adlarını dərsliklərə salır, haqlarında kitablar yazırdılar, bizim baş redaktor isə türk əskəri haqda hekayəni dərc eləməyə qorxurdu.

İkinci Qarabağ savaşı başladı. Ali Baş Komandan, Azərbaycan Ordusu tarix yazdılar! Qələbə tarixi! Gözlərimiz qarşısında inanılmaz olaylar baş verirdi. Ali Baş Komandan Şuşanın işğaldan azad edilməsini Şəhidlər Xiyabanından xalqına çatdıranda kövrəlmişdi, qəhərlənmişdi, gözləri yaşarmışdı!

Ali Baş Komandanla çiyin-çiyinə informasiya savaşı aparmalı olan qurumlar, illərlə bu ölkəni talayanlar, qanını soranlar isə ölü sükutuna qərq oldular. Səsləri çıxmadı. İtdilər, batdılar, yox oldular. İllərlə savadsız, kitabdan uzaq, bayağı, cismən və mənən xalqa yad olan adamların mediaya, ədəbiyyata, efirə gətirilməsi, sözünü hər zaman deyə biləcək, savadlı, vətənini varlığı qədər sevənlərin isə əzilməsi, sındırılması, susduruluması, azından işsiz qoyulması bizə bu günlərdə ucuz başa gəlmədi. Ali Baş Komandan informasiya cəbhəsində də tək döyüşdü! Tək tənha!

“Türk əskəri” hekayəsi yadıma düşdü. Qənaətimcə, adamın qorxmaq üçün daha bir səbəbi olmamalıydı. Təzədən “Ədəbiyyat” qəzetinə göndərdim. Yazdım ki, Azər bəy, tam məqamıdır, artıq ehtiyat eləmədən verə bilərsiniz. Heç nədən çəkiməyin. Yenə vermədi. Qorxularına bir dəfə yenik düşən əbədilik yenik düşür. Düşündüm. Yox. Adamın bir bildiyi var. Çöldəkiləri qovsaq da, hələ içərimizdəkiləri qova bilmədiyimizi düşünür. Belə olan halda isə perspektivdə yağışlı şəhərə getmək, orda konfrans-filan keçirmək, ən əsası belə çoxlu nəsnələr vəd eləyən kresloyla bircə göz qırpımında vidalaşmaq da var.

Hey, məmləkətim, hey!
Hey, qardaşım, hey!
Hara gedirik?

Mədəniyyət Nazirliyinin əməkdaşlar isə, məlum məsələdir, yenə də isti otaqlarda oturub çay içirlər. Koronanı, savaşı lənətləyirlər. Qəlbləri isə bir an öncə çamadanlarını götürüb yad ölkələrə uçan təyyarələrə özlərini bir təhər yetişdirmək, ölkəmizi yad ölkələrdə təmsil eləmək eşqiylə şiddətlə çırpınır. Məhz şiddətlə!

Xırdalan. AFF park. Yağışlı, soyuq hava. Şam ağaclarından yerə düşən iri yağış damlalarının boğuq tappıltıları qulaqlarımda əks-səda verir. Başı bəlalı dağlarımızda isə bəlkə hələ də qəhrəman əskərlərimizin cansız bədənləri soyuq daşların, qarın içində əbədi uyuyur.

Mənim müqəddəs Azərbaycanım! Səni bütün varlığımla sevdim! Səni həmişə özümə “bir nəfəs qədər yaxın” bildim!

İllər öncəsi yazmışdım. Savaş başlayanda o torpaqlar uğrunda döyüşüb həlak olmuş Azərbaycanın qəhrəman döyüşçülərinin ruhları savaşa atılan əskərlərimizlə birlikdə döyüşəcək. Bu gün də əminəm, Şuşanı alanda o döyüşçülərin ruhları qəhrəman əskərlərimizlə birlikdə barbar yadellilərə qarşı döyüşürdülər. Bunu düşünəndə belə başımda tüklərim biz-biz durur!

Ömür vəfa qılarsa, o döyüşçülər haqda yazacağam. Qəhrəman, məğlub edlməz döyüşçülər haqda! Müqəddəs savaşın müqəddəs əskərləri haqda! Gerisi məni düşündürməz. Mənim vəzifəm yazmaqdır.

Aslan Quliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar