Əki ustanın zarafatı - Hekayə

26 Yanvar 2021 16:17    1976 Baxış   
Əki ustanın zarafatı -  Hekayə

Dominant.az Tahir Tahiroviçin yeni hekayəsini təqdim edir:

“Əki ustanın zarafatı”

Tumbul kəndində toy vardı. Qənbər kişi, böyük oğlu Elşada toy edirdi. Özü də nə az, nə çox, düz üç gün üç gecə. Musiqiçiləri də Aban əmi həll etmişdi. Qənbər kişinin həyətində iki mərtəbəli taxça vardı. Çalğıçıların yerini elə birinci mərtəbədə qurmuşdular. Tavanının alçaqlığından ayaq üstdə dayanmaq mümkün olmadığı üçün musiqiçilər əyilib otururdular.

Klarnetdə Əki usta, nağarada Mais, gitarada Ələkbər, zərb alətində Çıppı çalırdı. Mağar toz- torpağın içində idi. Uşaqlar əllərində çuğun aftafa yeri sulayırdılar.

Toy başlar başlamaz musiqiçilər pivə içməklə məşğul idilər. Əki usta təbii ehtiyacını ödəmək üçün tualet axtarırdı. Həyətin aşağı hissəsində taxta parçalarından düzəldilmiş və üstü örtülməmiş tualeti görüb ora tərəf qaçdı. Ayağını içəriyə qoyar-qoymaz tualet yerindən oynadı. Kişi özünü cəld bayıra ata bildi. Qorxudan onu tər basmışdı. Həyətdə oynayan uşaqlardan biri vəziyyəti görüb dedi ki, bu tualet işləmir, içinə düşə bilərsiniz, təzə tualet həyətin başındadır.

Əki usta gəlib yerinə oturandan sonra nağaraçalan Maisi tualetə necə salmağın planını qurmağa başladı. Uşaqlar tozlu-torpaqlı mağarın meydançasını hələ də aftafa ilə sulayırdılar.

Əki usta Maisə tez-tez pivə verirdi. Toyun qızğın vaxtında Mais Əki ustaya "Əki usta, təcili tualetə getməliyəm" - dedi. Əki usta işləməyən xarab tualetin yerini ona göstərdi. Mais nağarasını yerə qoyub sürətlə tualetə tərəf istiqamət götürdü.

Bəyin atası “Heyvagülü” sifariş vermişdi. Kəndin adətincə Tumbul kəndinin ahıllarının yarısı mağarın ortasında “Heyvagülü” oynayan məqam idi ki, həyətin aşağı tərəfindən “Vay...” – deyə vahiməli bir səs eşidildi. Musiqiçilər əllərini saxladılar. Toy mağarı bir-birinə dəydi. Səsin hardan gəldiyini müəyyən etməyə çalışırdılar. Təxminən 140 kiloluq Mais tualetin çalasına düşmüşdü. Toydakılar hamılıqla tualetə tərəf qaçdılar. İp gətirib Pənahı ordan çıxartdılar. Mais təpədən dırnağa pisə bulaşmışdı. Onu qonşu həyətə aparıb yuyundurdular. Musiqiçilər isə axşama kimi toyu nağarasız yola verməli oldular.

Az keçməmiş Mais təzə paltarda yenidən mağarda göründü. Təzə bəy kimi təzə geyindiyindən hamı ona baxırdı. Uzaqdan Maisin gəldiyini görən Əki usta isə bayaqkı əməlinin zövqündən doymadan, yeni əməliyyatını qururdu. Onsuz da ayaq üstə durmaq mümkünsüz olan taxçada dinc də dura bilmirdi deyəsən. Maisin başına daha bir oyun açmaq fikrindəydi. Abbasın oğlu Fuadı çağırıb tapşırdı ki, taxçanın ikinci mərtəbəsindən yekə bir mismar vursun. Mismar yuxarıdan vurulduqca aşağıya doğru çıxmağa başladı. Əki usta istəyirdi ki mismar Maisin başına girsin. Odur ki, Maisin kətilini düz mismarın altında yerləşdirdi və səs-küyə salıb Maisi orda əyləşdirdilər.

Bayaqkı həngamədən sonra toy yenidən qızışırdı, amma kim Maisə tərəf baxırdısa, özünü gülməkdən zorla saxlayırdı. Bu tualet olayı çətin ki, uzun müddət kənd əhlinin yadından çıxa. Mais özünü itirmişdi, amma özünü o yerə qoymayıb nağaranı elə hey döyəcləyirdi. Adətən klarnet ifaçıları klarneti ayaq üstə çalanda nağaraçalan da nağaranı ayaq üstə dizləri üstə qoyub çalır. Əki usta gözü ilə Maisə nağaranı ayaq üstə ifa etməyi işarə vurdu. Əki usta ayağa durar-durmaz Mais nağaranı qucaqlayıb sürətlə ayağa qalxdı... Və Maisin “Vay...” sədası mağaranı yenidən lərzəyə gətirdi. Mismar yarıya kimi Maisin başına keçmişdi. Bütün kənd əhli biri əlində bal, biri palçıq Maisin başının yarasına sürtürdülər. Maisin ah-naləsi tükənmirdi. Nəhayət, başını sarıdılar, ağrısı bir az keçdi, Mais toy yiyəsinin evində uzanıb yatdı. Əki ustagil toyun birinci gününü yola verib Maisin uzandığı otağa gəldilər. Maisi yuxudan oyadıb, ona keçmiş olsun deyərək yenə pivə içməyə başladılar.

Artıq hava qaralmışdı. Musiqiçilər elə yerdə yan-yana uzanıb yatmışdılar. Mais tualetə getmək istədi. Eyvanın qapısını açanda gördü ki, toya gəlmiş qonaqlar eyvan boyu uzanıb yatıblar, keçməyə yer yoxdur. Qayıdıb pəncərədən tullanmaq istədi, yenə alınmadı. Gördü ki, aşağıda qadınlar dolma bükürlər. Partlayırdı. Eyvanın qapısını açıb barmaqlarının ucunda yatanların arasıyla bayıra çıxmağa çalışdı. Alınmadı, adamlar lap bir-birinə sığınıb yatmışdılar. Gözü qapı ağzında yatmış balaca uşağa sataşdı. Uşağı götürüb aparıb öz yatağına uzatdı. Qayıdıb uşağın yerinə uzanıb təbii ehtiyacını ödədi. Sonra sakitcə onu qucağına götürüb bayaqkı yerinə qaytardı. Qayıdıb öz yerinə uzanmaq istəyəndə birdən Maisdən daha bir “Vay...” fəryadı yayıldı. Hamı oyandı. Mais gecikmədən nağarasını götürüb pəncərədən həyətə tullandı düz dolma qazanın içinə, ordan da arxasına baxmadan küçəyə qaçdı. Sən demə, uşaq Maisin yerinə böyük bayıra gedibmiş...






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar