Ekspertdən ittiham: Təhsil haqqını ödəyə bilməyən tələbələrə güzəşt edilmir

29 Sentyabr 2021 14:14    360 Baxış   
Ekspertdən ittiham: Təhsil haqqını ödəyə bilməyən tələbələrə güzəşt edilmir

Bu gündən ali məktəblərdə dərslərin ənənəvi qaydada bərpa olunması ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı problemini yenidən gündəmə gətirib.

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələri tərəfindən tələbələrə güzəşt olunmadığını bildirib. O qeyd edib ki, pandemiya dövrü davam edir və insanlar hələ də sosial vəziyyətlərini yaxşılaşdıra bilmirlər:

“Bu səbəbdən düşünürəm ki, ən azından yeni tədris ilinin ilk semestrının təhsil haqqının dövlət tərəfindən ödənilməsi həssas ailə qrupuna daxil olan tələbələrə müəyyən dərəcədə müsbət təsir edəcək”.

Onun sözlərinə görə, ali təhsil ocaqları bu məsələyə ciddi yanaşmır:

“Hətta bunu görməzdən gəlirlər. Bəzi ali təhsil müəssisələri pandemiya dövrünün tələblərini nəzərə almırlar. Pandemiya hələ bitməyib, insanlar gəlirlərini tam şəkildə bərpa edə bilmirlər.

Ali təhsil ocaqlarına 2019-2020-ci illərdə tapşırılmışdı ki, tələbələr təhsil haqqını yarı-yarı ödəsinlər. Amma təhsil ocaqlarının bəziləri bu məsələdə çox səhlənkar mövqe nümayiş etdirdilər. Nəticədə tələbə adını qazananlar təhsil haqqını ödəyə bilmədikləri üçün bu addan imtina etməli oldu”.

Ekspert bildirib ki, Təhsil Tələbə Kredit Fondu hələ də tələbələrə kredit vermir:

“Tələbə Təhsil Kredit Fondu yaradıldı. Prezidentin tapşırıq verməsinə baxmayaraq, Fond hələ də tələbələrə kredit vermir. Bunların fonunda təhsil ocaqları tələbələrə güzəştlər etməli və təhsil haqqının ödənilməsində imkan yaratmalıdır.

Ümumilikdə pandemiya dövründə həssas ailə qrupuna daxil olan tələbələrin təhsil haqlarının ödənilməsi üçün 60 milyon vəsait ayrıldı, 40 minə yaxın tələbənin təhsil haqqı ödənildi.

Pandemiya dövrü davam edir və düşünürəm ki, bu tipli qərarın verilməsinə bir daha ehtiyac var. Ən azından bir semestrlıq təhsil haqqlarının ödənilməsi tələbələrin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına səbəb ola bilər”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar