İllərlə həyatda qalmaq uğrunda mübarizə aparsa da, koronavirusa yenildi - Video

09 İyun 2021 20:23    2564 Baxış   
İllərlə həyatda qalmaq uğrunda mübarizə aparsa da, koronavirusa yenildi -  Video

Xalq artisti, professor, Şöhrət ordenli incəsənət xadimi Ramiz Əzizbəylini itirdik. Ramiz Əzizbəylinin adı bir neçə obrazla assosiasiya olunurdu - bacarıqlı kinorejissor, teatrda və kinoda müxtəlif xarakterli rolların mahir ifaçısı, mahnıları özünəməxsus, qulağayatımlı, yanğılı avazla ifa eləyən duyğusal sənətkar, ürəyinin pıçıltılarını məharətlə kağıza köçürən yazar, neçə-neçə rejissora, aktyora sənətin incəliklərini öyrədən müəllim, səsi ilə minlərlə izləyicini radioya kilidləməyi bacaran aparıcı, həmçinin ictimai fəal.

1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olan Ramiz Əzizbəyli Mirzağa Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyətə başlayıb. 1987-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. Rejissorun 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi isə müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. 2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi isə Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran həllindən biri hesab olunur.

Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb. "Hacı Zeynalabdin Tağıyev", "Qızıl Buta" mükafatları laureatı olan Xalq artisti, həmçinin müəllimlik edib, Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri olub. Sevilən sənətkarın yolu radiodan da keçib, Azərbaycan radiosunda "Gəl, səhərim" verilişinin aparıcılarından biri olub. Yaradıcılıq işləri ilə yanaşı ictimai işlərlə də məşğul olan Ramiz Əzibəyli, çox sayda ictimai təşkilatın üzvü və rəhbərlərindən biri olub.

Arzusu, istəyi dünyalara sığmayan, öz içində Yer kürəsi boyda məhəbbət dolu ürək gəzdirən Ramiz Əzizbəyli öz müşahidələrini, arzu-istəklərini, hiss və həyəcanını kağız üzərində də əbədiləşdirib. Özünü şair və yazıçı kimi təqdim etmək məqsədi güdməsə də, "Cızma-qaralar"ını dostlarının təkidi ilə elə bu adla da kitab halına salıb. İllər boyu ürəyində qətrə-qətrə cilalanan, sonra da şeirlə, ya da nəsrlə qələmə alınaraq həyata, insanlara üz tutan aforistik fikirlər həmin kitabda ipə-sapa düzülüb.

Tanrının ən sevimli bəndəsi kimi on barmağında on məharət olan Ramiz Əzizbəyli yaradıcılığının ən məhsuldar dövründə öz istedadını sərgiləməkdən məhrum oldu. Gənclik illərində bəxti üzünə gülən, əlini atdığı bütün işlər üzük qaşı kimi parlayan sənətkarın ömrünün son illəri üzünü güldürmədi. 2009-cu ildə 61 yaşlı sənətkarın səhhətində problemlər yarandı, spantilitin xəstəliyinə tutuldu. Mədəniyyət və Turizm Nazirliyinin o zamankı rəhbərliyinin ögey münasibəti, biganəliyi ilə üzləşən Xalq artisti aylarla yataqda qaldı, dörd divar arasına məhkum oldu. Elə həmin ildən də onu bir neçə xəstəlik təqib etməyə başladı. 2013-cü ildə, doğum gününə 18 gün qalmış iflic oldu, ard-arda 3 dəfə insult keçirdi. Yüksək qan təzyiqi və şəkər 2018-ci ildə ayağının amputasiya edilməsinə səbəb oldu. Bütün bunlar azmış kimi Xalq artisti 71 yaşında COVID-19-a yoluxdu. Xəstəxanaya yerləşdirilib süni tənəffüs aparatına qoşulsa da, elə oradaca infarkt keçirdi, damarları tromblaşdı. İncəsənətin, mədəniyyətin bir çox sahələrində istedad və bacarığını sərgiləməyi bacaran Ramiz Əzizbəyli amansız virusla bacara bilmədi. İllərlə həyatda qalmaq uğrunda mübarizə aparsa da, koronavirusa yenildi. Bəlkə də onu səhnədən, sənətdən ayrı düşmək belə tez öldürdü. Axı özü də deyirdi ki, yaratmamaq, rol oynamamaq Ramiz Əzizbəyli üçün ölüm deməkdir. Elə bir şeirində də dediyi kimi, torpaqdan yaranan sənətkar, torpağa qovuşdu:

Eşqim, məhəbbətim, arzum, diləyim,
Dünənim, bu günüm, xoş gələcəyim,
Səninlə bağlıdır, varsa hər nəyim,
Sənin torpağından yoğrulan bu can
Sənə qayıdacaq, can - Azərbaycan!



Hazırladı: Rumiyyə Miraslan



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar