Ölkə rəhbərliyi də kadrların tez “çürüməsindən” təngə gəlib

10 Sentyabr 2020 10:03    808 Baxış   
 Ölkə rəhbərliyi də kadrların tez “çürüməsindən” təngə gəlib
İslahatlar milli xüsusiyyətlərə əsaslanmalıdır

Son günlər ölkə KİV-ində çox vacib mövzu gündəmə gətirilib: dövlət idarəçiliyində dərin islahatlara zərurət olması ətrafında müxtəlif fikir və mülahizələr səslənir. Tale yüklü bu rəy və təkliflər mübadiləsində biz də iştirak etmək qərarına gəldik.

Əvvəla, cəmiyyətimizdə sovet dövründən qalan bir sıra stereotiplər, anlayışlar bu gün də bizə mane olmaqdadır. Məsələn, xalqın guya “yaxşı” və “pis” insanlardan ibarət olması uydurmasını əksəriyyət aksioma kimi qəbul edir. Lakin unudurlar ki, istisnasız olaraq Adəm övladlarının hamısının (bu məqalə müəllifinin özü də başda olmaqla!) genetik proqramında, günah virusuna yoluxma səbəbindən, ciddi qüsurlar mövcuddur.

Gündə bir neçə dəfə namaza durub Allaha yalvararaq özümüzlə mücadilə etməsək, mütləq nəfsimiz bizi naqis yola çəkib aparacaq. Bu səbəbdən rəhbər vəzifələrə “yaxşı” insan axtarılması, tamamilə qeyri-qənaətbəxş yanaşmadır. İstənilən insan, hətta hamı tərəfindən “yaxşı adam” kimi tanınan, icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunduqdan bir müddət sonra xasiyyətini və mənəvi simasını bir qayda olaraq dəyişir.
Çünki rayonun polis və prokurorluq sistemi, digər güc strukturları, məhkəmə, KİV-in çoxu, vergi nəzarəti sistemi, rayonun elm- təhsil, mədəniyyət, səhiyyə obyektləri bank-maliyyə sektoru və s. başçının bu və ya digər dərəcədə təsiri altına düşür. Bu böyük imkanların (müvəqqəti də olsa) sahibinə çevrilən zavallı insan özü də hiss etmədən öz ehtiraslarının quluna çevrilir.

Bunların ucdantutma həbsləri ilə problemi həll etmək mümkün deyil: həm dustaqxanalarda yer çatmaz, həm də bu insanların özləri (onlar da axı bizim soydaşımızdır!) bədbəxt olur, ailələri, övladları mənəvi əzablara uğrayır və s. Hiss olunur ki, ölkə rəhbərliyi özü də artıq kadrların tez “çürüməsindən” təngə gəlib: etibar etdiyi şəxslər qısa müddətdən sonra xalqa başabəla olur, dövlətin də nüfuzunu yerə vururlar.

Bu dilemmadan qurtulmaq yolu kimi məsuliyyətin xalqın özünə ötürülməsi təklifi irəli sürülür. İcra hakimiyyəti strukturunu ləğv etmək və əsas idarəçilik səlahiyyətlərini seçkili orqan olan bələdiyyələrə həvalə etmək məsləhət görülür. Təklif daha da cəlbedici görünsün deyə, qardaş Türkiyənin bələdiyyə sistemi nümunə kimi təqdim edilir.

Ancaq nəzərə almırlar ki, Azərbaycanda sovet sistemi bütün yerli özünüidarə ənənələrimizi kökündən yox edib. Sovetlərə qədər şəhərlər məhəllələr əsasında formalaşırdı. Məhəllə camaatı özləri, nüfuzlu şəxslər, ağsaqqallardan ibarət qeyri-rəsmi “məhəllə şurası” yaradaraq onun rəhbərliyini qəbul edirdi. Məhəllənin bütün cari həyatını həmin bu şura tənzimləyirdi. Məhəllədə məscid tikintisi, onların vaxtaşırı təmiri, məhəllə hamamı, qonaq evi, kəhriz-su çəkilişi, arxların, çirkab suların idarə olunması, kasıblara maddi yardımın təşkili, dəfn ya toy mərasimlərinin tənzimlənməsi, kiçik məhəlli bazarın işinin təşkili və s. bu kimi məsələləri məhəllə özü həll edirdi.

Lakin bu gün artıq məhəllələr dağıdılıb, sakinlər bir birini tanımır, qarşılıqlı etibar-inam mühiti yoxdur. Belə vəziyyətdə bizdə bələdiyyə Türkiyədəki kimi ola bilməz. Türkiyədə məhəllə məscidləri icmanı birləşdirir, dini “vakflar” xeyriyyə işlərinə böyük vəsaitlər ayırır, Allah rizasına. Ateizm mühitində yabanılaşmış bizim cəmiyyətdə bütün bunlar real görünmür.

Yəni, İcra hakimiyyəti strukturunun bələdiyyə ilə əvəz olunması vəziyyəti dəyişməyəcək. Bələdiyyəni önə çəkənlər zənn edirlər ki, bu orqan seçkili olduğu üçün daha uğurlu olacaq. Lakin unudurlar ki, seçkiyə yanaşma mədəniyyətini də bizə sovet dövründə unutdurublar. Diqqət edək, sovet “xoşbəxtliyini” görməyən İran və Türkiyədə seçkilər MDB postsovet ölkələri ilə müqayisədə daha demokratik formada keçirilir.

Saxtakarlığa adət etmiş postsovet cəmiyyətində seçkiyə inam yoxdur, əhali bu prosesə ciddi yanaşmır. Bunu dəyişmək üçün müəyyən işlər görülməlidir. Seçki dairələrinin ərazisində yerləşən əmək müəssisələrinin: fabrik-zavodlar, səhiyyə ocaqları, institutlar, digər professional kollektivlərin əməkdaşları arasında sorğu aparılmalı. Sorğunun məqsədi hər bir kollektivin rəyi əsasında həmin müəssisədə 3-4 ən nüfuzlu şəxsi müəyyən etməkdir.

Bütün anketləri analiz edib hər bir ərazidə liderlik xüsusiyyətlərinə malik şəxslərin CV-ləri göstərilməklə “kadrlar fondu” yaradılsın və ictimaiyyətə təqdim olunsun. Bələdiyyə seçkiləri zamanı təsadüfi insanlar deyil, məhz həmin potensial liderlərin müəyyən qrupu namizəd qismində seçicilərə təqdim edilsin (hər yerə 2-3 nəfər - müsabiqə olsun deyə). Təbii ki, bütün sorğu anketləri elektron formada aparılmalı və ictimai nəzarətə açıq olmalıdır.

Yaradılan “kadr fondu” ilə bağlı işlərin təşkili üçün Prezident yanında xüsusi ictimai şuranın təsis olunması zəruridir. Bu şuraya idarəçilik, hüquqşünaslıq, GHT- sektoru və digər müvafiq sahələr üzrə, respublikada tanınmış 12-15 nəfər cəlb oluna bilər. Fondda cəmləşən kadrların istifadəsi, vaxtaşırı yenilənməsi, onların təkmilləşməsinə şərait yaradılması, seçkilərə optimal namizədlərin təqdim olunması və digər məsələləri həmin şura həll etməlidir.

Əlbəttə, bələdiyyələrin bu cür metodlarla keyfiyyətini artıra bilsək, İcra Hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdırmaq olar. Qeyd edək ki, bu struktur sovet dövrünün mirasıdır: SOVİKP baş katibi (Qorbaçov) özünü prezident elan etdi, yerlərdəki partiya katibləri də adlarını dəyişib İH başçısı oldular. Beləliklə biz bu günə qədər sovet dövlət idarə mexanizmlərindən istifadə etməkdəyik. Liberal (azad) iqtisadiyyat prinsipləri ilə bu inzibati-amirlik piramidası bir birinə uyğun gəlmir.

Lakin hazırki məqamda biz tam bu sistemdən imtina edə bilmərik. Hələ vaxt lazımdır cəmiyyətin hazır olmasına, həm də Prezident respublikası modeli əsasında qurulub idarəçilik aparatımız. Sadəcə bu konstruksiyada dəmir-beton ağırlığı alüminium (yüngüllük) və şüşə (şəffaflıq) elementləri ilə əvəz olunmalıdır.

Sovet dövründən qalan və dəyişilməsinə ehtiyac olan məsələlərdən biri də Azərbaycanın inzibati-ərazi bölgüsüdür. Elə də böyük olmayan ərazimiz 80-dən artıq xırda vahidlərə bölünüb. Keçən əsrin əvvəlində; yolların bərbad, avto-nəliyyatın və rabitənin yox səviyyəsində olan vaxtlar, nəzarətdə saxlanan ərazi böyük ola da bilməzdi. Bolşevik hakimiyyəti isə sərt nəzarət rejimi tətbiq etməyə çalışırdı: onların diktəsindən kənar heç bir iş görmək mümkün deyildi. Xırda subyektləri hım də (ixtilaf-ixtisas olarsa) tez ram etmək mümkündür və s.

Lakin artıq 1960-70-ci illərdə Dövlət Planlaşdırma Komitəsi ölkəni (şərti olaraq) təxminən 10 əsas “İqtisadi zonaya” bölməyi zəruri hesab edirdi. Planlı işləri qurmaq belə daha səmərəli idi (burada xırdalamağa ehtiyac görmürük). Bu bölgünün konturlarını biz bu gün bəzən hava haqqında məlumatlarda görə bilirik: məs. “Gəncə-Qazax, Şamaxı-Quba, Zaqatala-Şəki ... və s.). Bu gün artıq rabitənin internet imkanları dövründə, hər kəsdə mobil telefon olduğu vaxtda, nəqliyyatın xeyli inkişaf etməsi fonunda aparatın daha geniş ərazilərə nəzarət etməsi artıq çətin deyil.

Azərbaycan ərazisinin 10-12 inzibati ərazi vahidinə bölünməsi bir sıra problemləri dərhal aradan qaldırar. İdarə aparatının çevikliyi kəskin artar, inzibati strukturun ştat cədvəli, təxminən, 6 dəfə azalar! Nəzarət asanlaşar və s. və i. İdarəçilik sahəsində islahatların başqa aspektləri də şübhəsiz mövcuddur, onların həll üçün müxtəlif təkliflər edilə bilər. Ən vacibi budur ki, bu mövzu diqqət mərkəzində saxlansın və problemlər ətrafında konstruktiv ictimai müzakirələr aparılması davam etsin.

İsmayıl Vəliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar