Rəsmi Bakının təşəbbüslərinə açıq dəstək ifadə edilir

28 İyul 2021 15:02    10288 Baxış   
Rəsmi Bakının təşəbbüslərinə açıq dəstək ifadə edilir

Azərbaycan Prezidentinin strateji xətti dünya miqyasında tam dəstək qazanır. Çünki ölkəmiz bütün tərəfdaşlarla münasibətlərini bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında qurur. Bunun səbəbi düzgün siyasət, dürüst davranış, sözlə imza arasındakı vəhdət və daxili gücdür. Ölkəmizin daxili potensialını yüksək qiymətləndirən beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər rəsmi Bakının irəli sürdüyü təşəbbüslərə daha açıq dəstək ifadə etməyə başlayıblar.

Postmüharibə dövrünün prioritetləri içərisində yer alan ən aktual məsələlərdən biri işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Azərbaycan dövləti Qarabağın 30 illik işğal zamanı dağıdılan sosial-iqtisadi infrastrukturunu, tarixi-dini abidələrini bərpa etmək, bölgəyə həyatı qaytarmaq üçün bütün mövcud resurs imkanlarından yararlanır. Ölkəmizin qlobal təşəbbüslərinə rəğbətlə yanaşan dünya gücləri Prezident İlham Əliyevin çağırışlarına adekvat reaksiya verərək azad edilmiş ərazilərdə gerçəkləşdirilən layihələrə qoşulmaq istədiklərini açıq bəyan edirlər.

Prezident bildirmişdi: “Baxın, indi Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana səfər edib, münasibətlər inkişafdadır. Rusiyaya mənim səfərim olub və müzakirə zamanı – bizim görüşümüz bir neçə saat davam etmişdir – bir dənə də olsun mübahisəli məsələ olmayıb. Bir dənə də olsun narahatlıq doğuran məsələ olmayıb. Türkiyə ilə biz iyun ayında müttəfiqlik haqqında Bəyannamə imzaladıq, əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırdıq. Digər qonşu ölkələrlə - İran və Gürcüstanla dostluq əlaqələrimiz güclənir”.

Prezident İlham Əliyevin yürütdüyü siyasət və Azərbaycanın regional əməkdaşlıq formatlarında fəal iştirakı konkret nəticələr verir. Bu nəticələr özünü Qarabağda bərpa-quruculuq işlərinin getdikcə daha çox platformalarda gündəmə gətirilməsi fonunda açıq şəkildə göstərir.

-Azərbaycan Prezidentinin Rusiya səfəri;
-Avropa İttifaqı Şurası prezidentinin Bakı səfəri;
-Türkiyənin Ədalət və İnkişaf Partiyası rəsmisinin ölkəmizə səfəri;
-Serbiya xarici işlər nazirinin Bakı səfəri;
-Türkiyə və Pakistan parlament rəhbərlərinin Azərbaycana gəlişi;
-AŞPA-nın komitə üzvü, məruzəçi Pol Qavanın respublikamıza səfəri;
-Türk Şurası baş katibinin Macarıstanın XİN rəhbəri ilə görüşü.

Həmin görüşlər zamanı Qarabağda yenidənqurma prosesi bu və ya digər dərəcədə müzakirə olundu, təkliflər səsləndirildi, persepktivlər müəyyən edildi. Hazırda bərpa işlərində Azərbaycanın yanında olan əsas ölkə qardaş Türkiyədir. Prezident İlham Əliyevin qəbulundə olan Türkiyə hakim partiyası sədrinin birinci müavini Numan Kurtulmuş ölkəsinin Azərbaycanı hər vəziyyətdə dəstəkləyəcəyini vurğulamışdı.

Azərbaycan Prezidentinin bildirdiyi kimi, hücum diplomatiyasından hücum siyasətinə keçid Ermənistanın informasiya və siyasi blokadasıını daha da gücləndirir. Rəsmi İrəvanın Avropa İttifaqı başda olmaqla beynəlxalq təşkilatlara və region dövlətlərinə Azərbaycana alternativ olaraq irəli sürdüyü təşəbbüslər perspektivsiz və rentabelsiz olduğu üçün rədd edilir. Halbuki, işğaldan azad edilmiş ərazilərə investisiya qoymaq, burada elektroenergetika, alternativ enerji ilə bağlı layihələrə qoşulmaq istəyən nüfuzlu şirkətlərin sayı getdikcə artır və hətta rəsmi Bakı onlar arasında seçim etmək məcburiyyətində qalır.

Prezident İlham Əliyev bildirmişdi: “Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır. Mən bilirəm ki, indi dünyanın müxtəlif enerji şirkətləri öz prioriteti üçün bərpaolunan enerjini təsbit ediblər. Biz onları da dəvət edirik, gəlsinlər, investisiya qoysunlar. Bizim şaxələndirilmiş enerji şəbəkəmiz var, bizim bütün qonşu ölkələrlə - Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətlərimiz var. Biz istənilən yerə enerjini ötürə bilərik. Məsələn, biz İrana indi ixrac edirik, Rusiyaya həm ixrac edirik, həm idxal edirik, amma daha çox ixrac edirik. Eyni zamanda, Gürcüstana, Türkiyəyə ixrac edirik. Daxili tələbat artacaq. Ona görə bu sahə xüsusi önəm daşıyır”.
Azərbaycan Prezidentinin qəbulunda olan Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin Bakıda verdiyi bəyanatlardan da aydın oldu ki, onun ölkəsi Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq gələcəkdə bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bu maraq Bakıda təşkil edilən Azərbaycan-Serbiya biznes forumu kontekstində növbəti dəfə təsdiqini tapacaq.

Beləliklə, postmünaqişə dövrünün prioritetləri ilə bağlı ağırlıq mərkəzi tədricən quruculuq işlərinə keçir. Azərbaycan “Böyük Qayıdış” prosesini maksimum sürətləndirməyə çalışır. İqtisadi əməkdaşlıq siyasi tərəfdaşlıq tədbirləri ilə sinxron aparılır. Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünün təşkili, üstəlik, qardaş ölkələrin parlament rəhbərlərinin azad olunmuş ərazilərə səfəri Prezident İlham Əliyevin Qarabağa dair strateji xəttinin dünya miqyasında da tam dəstək qazandığını təsdiqləyir.

Azər Qismət



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar