“Tovuza gələnlər, “Qardaş olub Hayıstan Azərbaycan” şüarları səsləndirməyə başladılar”

24 Avqust 2020 10:06    1166 Baxış   
“Tovuza gələnlər, “Qardaş olub Hayıstan Azərbaycan” şüarları səsləndirməyə başladılar”
"Rəhbərlikdə erməniqanlı insanlar təmsil olunursa, Qarabağın azadlığından danışmaq olmaz”

Hazırda Türkiyədə yaşayan tanınmış azərbaycanlı şair Məmməd ismayılın Dominant.az-a müsahibəni təqdim edirik:

- Məmməd bəy, necəsiniz, səhətiniz, işləriniz necə gedir?

- Sağ ol, qızım. Şükür, bir problemim yoxdur.

- Bu yay pandemiyaya görə Azərbaycana gələ bilmədiniz. Necə təsir etdi sizə vətəni görə bilməmək?

- Əlbəttə, yaxşı təsir etmədi. Bir var, getmək imkanın olur, getmirsən, bir də var, vətənin üçün burnunun ucu göynəsə də, bilirsən ki, getmək istəsən də, gedə bilməzsən. Bunlar fərqli-fərqli durumlardır.

- Pandemiya demişkən, bu virus haqqında hərə bir cür düşünür, kimi inanır, kimi yox, siyasi oyun olduğunu hesab edir. Maraqlıdır, siz bu barədə necə düşünürsünüz?

- Pandemiyada şübhə doğuracaq çox şey olsa da, mən pandemiyanın siyasi oyun olduğuna iki səbəbdən inanmıram. Birincisi, dünyada bundan öncə də belə epidemiyaların olduğu bəllidir. İkincisi, lap deyək ki, bu bir siyasi oyundur. Bəs bu oyunun oyunçuları kimlərdir? Dünya liderləri? O dünya liderləri ki, gizli-aşkar bir-birilərinin qanını içməyə hazırdılar. Və belə isə onlar harda və nə zaman dünya nüfuzuna qarşı gizli sazişə gəldilər. Və əgər İngiltərənin Baş Naziri belə, koronovirusa yaluxursa, o zaman bu, necə bir siyasi oyun olur? Pandemiya gözəgörünməzlərin özlərini gözəgörünənlərə isbatlamaq həmləsi də ola bilər…

- 40 gün öncə Ermənistan ordusu cəbhənin Tovuz istimaqətində hücuma keçdi və başda generalımız olmaqla, yüksək rütbəli hərbçilərimizi itirdik. Baş verənlər sizə necə təsir etdi?

- Pis, həm də çox pis! Birincisi, mən tovuzluyam, anamın, əzizlərimin məzarı və ən nəhayət dişimlə-dırnağımla qaranquş yuvası misalı tikdirdiyim, ölkəni yönətənlərin sayeyi kəramətindən inidi qapısını yalnız ağacdələnlərin döydüyü evim də Tovuzdadır. Biz görmüşük, insanlar yetim qalır, mənim evimin misalında evlərin də yetim qaldığı isbatlanmış oldu. Hələ mən Qarabağda yüz minlərlə viran qoyulan, yetim qalan evləri demirəm.

Pis, həm də çox pis niyə deyirəm, Dağlıq Qarabağ hadisələri yeni başlayanda, lap dəqiq desəm, 1989-da sərhəd rayonlarından olan aydınları “dostluq” təbliğatı aparmaq üçün sərhədyanı rayonlara göndərmişdilər. Bizim dəstəyə Nazirlər Sovetinin şöbə müdiri “başçılıq” edirdi. Bu, o zaman idi ki, ermənilər dişinə qədər silahlandırılarkən, bizdə isə ölkəni idarə edənlərin maymaqlığı və ələbaxımlığı sayəsində, hətta kiçik ov tüfəngləri də məqsədyönlü şəkildə yığılır, xalqımız əliyalın buraxılırdı. Başda Nazirlər Sovetinin şöbə müdiri olmaqla, mənimlə Tovuza gələnlərin hamısı durub, “Qardaş olub Hayıstan, Azərbaycan” - şüarları səsləndirməyə başladılar. Adamların qulaqları kar ola bilər, amma iclasın keçirildiyi Tovuz mədəniyyət sarayının, yəqin ki, daş qulaqlarının yaddaşında qalmış olar, çıxışımda dediyim sözlər: “Kim nə söyləyir, özü bilər, ay mənim eloğlularım, ermənidən heç vaxt bizə dost olmayıb, indi də olmaz, bax, demədi deməyin, vaxt itirmədən sərhəd bölgələrində indidən səngər qazmağa başlayın, sonra gec olacaq, çox gec”. Əlbəttə, salondakılar tərəddüdlə də olsa, məni alqışlayacaqdılar. Nazirlər Sovetinin şöbə müdirinün sifətindən isə zəhrimar yağırdı.

Bir sonrakı görüşümüz mənim sərhəddə yerləşən kəndimdə baş tutacaqdı. Bu iclasa öncədən hazırlaşıldığını ondan biləcəkdim ki, 2-3 kənd ağsaqqalı, bilmirəm onlara ağsaqqal demək nə dərəcədə doğrudur, döşlərini qabağa verib, “Gülzarın oğlu (məni nəzərdə tutaraq) kənddən çoxdan çıxıb, bizim ermənilərlə dostluğumuzdan xəbəri yoxdu, ona görə də onlarla dostluğumuzun əleyhinə danışır, erməni ustaları olmasa, bizim evlərimizi kim tikərdi” - və s. danışmağa başladılar. Kəndimizdə də rayon mərkəzindəki çıxışımı təkrar edəcəkdim və onu da əlavə edəcəkdim ki, sabah bu kəndi qoruyan çavanlarımız şəhid olanda cavabını kim verəcək? Nə yazıq ki, dediklərim doğru çıxacaq, o hadisədən cəmi bir-iki il sonra Tovuzun sərhəd bölgələrində onlarla silahsız buraxılan gəncimiz ermənilərlə döyüşdə şəhid olacaqdı.

Azərbaycanda müxtəlif vəzifələrdə işləyəndə, özəlliklə Oğuz (Tovuz) Xeyriyyə Cəmiyyətinin sədri olanda Tovuzun müdafiəsi üçün çox önəmli işlər görəcək, özünümüdafiə dəstələrini silah-sursatla təmin edəcəkdik. 1993-cü ildə siyasi olaylardan sonra Teleşirkətin sədri vəzifəsindən istefa etmək məcburiyyətində qalıb, işsiz-gücsüz buraxıldıqdan sonra kəndə köçəcəkdim. Amma o zaman hiss edəcəkdim ki, sərhəd kəndimizdə müxtəlif şayiələr baş alıb gedir, az-çox imkanı olanlar kəndi qoyub Azərbaycanın daha təhlükəsiz bölgələrinə köçmək istəyirlər. Maddi imkanlarımın çox pis olmasına baxmayaraq, guya evimi təmir etdirirəm deyə, xırda-para işlər gördürməyə başlayacaqdım və bu da təsirsiz qalmayacaqdı. Kənddən çıxmağa hazırlaşanlar fikrindən daşınacaqdılar.

Sonra nə olacaqdı, bilirsənmi, qızım? Sonra da sənin sağlığın. O vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin rayon bölməsimi, Rayon İcra Hakimiyyətimi, bilmirəm, Tovuzda şayiə yayacaqdı ki, Məmməd İsmayıl Tovuzu ermənilərə satmağa gəlib. Bu şayiə həm də o adam üçün yayılırdı ki, Tovuzun müdafiəsində çoxlarından daha artıq zəhməti olmuşdu. Şayiə niyə yayılırdı bilirsənmi? Bu şayiəni yaydıranlar bilirdilər ki, mən rayonda qaldığım müddətdə onların satqınlıqlarını ifşa edəcəyəm...



- Tovuzda baş verənlərin fonunda ölkədə yaşananlar - orduya dəstək mitinqi, xalqın könüllü şəkildə orduya yazılması, mitinqdən sonra kütləvi həbslər və s. hansı təsir bağışlayır qürbətdə olan şairimizə?

- Ölkədə yaşananlar, xüsusilə çox böyük şəxsiyyət saydığım generalın orduda şəhid olması içimi sızlatdı. Bu olayların fonunda ölkəni idarə edənlərin bir-birinə uymayan açıqlamaları, xüsusilə, ölkə sirrini və mənafeini, millətin ovqatını rəncidə edən açıqlamalar təcrübəsizliyin, şəristəsizliyin görüntüsü kimi məni həddindən ziyadə ağrıtdı. Xüsusilə, mitinqdən sonrakı həbslər əsla anlaşılan deyildi. Axı o mitinq və ya yürüşlər kiməsə qarşı təşkil edilməmişdi, orada iştirak edənlər də kimlər tərəfindənsə cəzalandırılsınlar. Əksinə, milli oyanışın işarəsi kimi öz-özünə baş verən bu mitnq-yürüş iştirakçıları vətən coşqusuna, sevgisinə görə təqdir olunmalı idilər…

- Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusu ilə birlikdə hərbi təlimləri böyük səs-küy doğurdu. Və bu təlimlər özüylə bərabər insanların Qarabağla bağlı ümidlərinə, azacıq da olsa, işıq tutdu. Sizin də bu barədə fikirləriniz maraqlı olar...

- Bu hadisə çox böyük tarixi əhəmiyyətə malikdir. Nəhayət ki, Türk dövlət yönəticiləri açıq bir şəkildə Azərbaycanın yanında yer aldıqlarını bəyan etdilər. Əslində, Azərbaycanın ayaqda qalması bütün Türk dünyasının ayaqda qalmasıdır. Amma Azərbaycanda adını deputat qoyan elələri də tapıldı ki, arxasında dayanan gizli güclərin danışan dilinə çevrilib bu qardaş dəstəyinə dil uzatdılar. Görün, xalqın mənafeini Milli Məclisdə müdafiə etməli olanlar hansı sarı simə toxunurlar. Kimdi belələrinə dəstək olan? Nəyə, hansı gözəgörünməz qüvvəyə arxalanıb belə hədyanlar danışılır və bu danışanlar cəsarəti hansı gizli güclərdən alırlar?

- Bu təlimlər fonunda əksər azərbaycanlılar Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda hərbi bazalarının yaradılmasını təklif edirlər. Və düşünürlər ki, ancaq bundan sonra Azərbaycan Qarabağı işğaldan azad edə bilər. Məmməd İsmayıl necə düşünür bu barədə?

- Haqqın yolu birdir. Məmməd İsmayıl başqa necə düşünə bilər ki? Bir zamanlar rusların hərbi bazaları Azərbaycanın çox yerində vardı. Elə isə hər yönü ilə bizə dəstək olan qardaş bir ölkənin bazaları Azərbaycanda niyə olmasın ki?! Burda, bu məsələdə tərəddüdə yer qalmamalıdır. Çünki nicat yolu ancaq budur.

- Sizcə, Qarabağı azad edə biləcəyikmi? Kənardan real görünürmü, yoxsa, biz yenə də boş xəyallara qapılmışıq?

- Qızım, halva-halva deməklə ağız şirin olmur. Qarabağ o zaman azad olacaq ki, ölkəni idarə edənlərlə millət iradəsinin birləşdiyi ideya vətəni xilas etmək ideyası olsun. Bu, olmadığı müddətdə Qarabağın azad olunmasından danışmağa dəyməz. Biz hardasa öz içimizdə iqtidarlı-cəmiyyətli bir-birimizlə ortaq dil tapmırıq, ölkə mətbuatında yazılanları sən məndən də yaxşı izləyirsən. Əgər ölkə rəhbərliyində qarışıq, erməniqanlı insanlar təmsil olunursa və bunu da ermənilər bizdən yaxşı bilirsə, o zaman hansı azadlıqdan söhbət açmaq olar? Bu şürüşkən zamanda el birliyi, düşüncə birliyi olmayan məmləkətlər kompasını qeyb etmiş fırtınalı dənizdə yol almağa çalışan gəmi kimidir.

- Şairlə söhbət edəsən, şeir sovqatı almayasan, bu, lap günah olar. Bizə son şeirlərinizdən ərməğan edə bilərsinizmi?

- Sözün doğrusu, şeir ovqatında deyiləm, amma yenə də olsun:

Biz evdə qalmışıq dünya bayırda
Yazın tüğyan edir çəmən-çayır da.
Ayır da, yaxşını pisdən, ayır da
Üzünə üz tutub ərk edənləri
Yolunu, izini tərk edənləri
Günah havasına bərk gedənləri
Beləmi sınağa çəkirsən, ey haqq?!

Məkkədən, qiblədən sənə sığındıq,
Ruh-ruh, bədən- bədən sənə sığındıq.
Lap elə heç nədən sənə sığındıq.
Niyət edənləri, etməyənləri
Camiyə, kilsəyə getməyənləri
Əli ətəyinə yetməyənləri
Beləmi sınağa çəkirsən, ey haqq?!

Çəmbərə saldığın yerüstü nədi
Şeytanlar varına varisdi nədi
Bu gözəgörünməz virusdu, nədi
Nə sabahı bəlli, nə dünənləri
Görünməz etdinmi görünənləri
Varlıqdan yoxluğa bürünənləri
Beləmi sınağa çəkirsən, ey haqq?

- Zaman ayırdığınıza və suallarımızı cavablandırdığınıza görə təşəkkür edirik!

Dominant.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar