Vaqifin məşhur “Görmədim” müxəmməsində gizlədilən beşlik

05 İyul 2021 14:36    23226 Baxış   
Vaqifin məşhur “Görmədim” müxəmməsində gizlədilən beşlik
M.P.Vaqifin məşhur “Görmədim” müxəmməsi çox məşhur şeirdir. Buna səbəb odur ki, bu şeir ictimai-ədəbi və sosial-siyasi təbliğatdan əlavə həm bədii cəhətdən çox qüvvətli əsərdir, həm də əvvəlki nəsillərin dərsliklərində mütəmadi olaraq yer almışdır. Praktika göstərir ki, dərsliklərdə yer alan şeirlər dillər əzbəri olur. Çünki bütün nəsillər o şeiri yaddaşın ən parlaq vaxtında oxuyur və əzbərləyir. Ataların dediyi kimi “Söz var suya yazılır, söz var daşa”. Gənclikdə daşa yazılanlar yaşlaşanda suya yazılır. Yəni gənclikdə gözünün aldığı, qulağının eşitdiyi mexaniki olaraq yaddaşında qalırsa, yaşlılıqda bu gün oxuduğunu, hətta əzbərlədiyini sabah unudursan. Elə bu səbəbdən də Nizami Gəncəvi deyir:

Çalış, qədrini bil sən cavan çağın,
Yol get ki, güclüdür indi ayağın.

Bu misralar mənəvi və fiziki baxımdan yaşantının gerçəyini ifadə edir. Buna görə də gəncliyimizdən bizimlə yol gələn nə varsa yaddaşımızda saxlanır. M.P.Vaqifin “Görmədim “ müxəmməsi də psixoloji və ədəbi baxımdan özünə yaddaşlarda yer etmişdir. Lakin şairin əksər kitablarında bu məşhur şeirin beş misrası, yəni müxəmməsin bir bəndi dövrün siyasi-ideoloji tələblərindən irəli gələrək insanlardan gizli saxlanmışdır. Özü də gizlədilən bu bənd müxəmməsin şah bəndidir. Biz bu bənddə dini-ruhani məzmunu, yüksək düşüncə tərzini müşahidə edirik. Burada da ictimai-sosial tənqid üzərində qurulan müxəmməsin şah bəndində şair mübarək şəxsiyyətlərin adını çəkərək Allahu-Təalanın sevdiklərini sevməyin məziyyətindən və vacibliyindən bəhs edir:
Ey xoş onlar kim, Məhəmməd-Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər,
Sidqü-ixlas ilə pənc Ali-əbanı sevdilər,
Çardəh məsum tək mükülgüşanı sevdilər,
Dəxi onlardan gözəl, yaxşı cəmaət görmədim ( 16, 187).

(mənası: O kəslər xoşbəxtdir ki, Muhamməd Əleyhissəlamı, Əli Əleyhissəlamı, ali-əbanı, yəni, Muhamməd, Əli, Fatimeyi Zəhra, Həsən və Hüseyni (əleyhimüssəlam) və Həzrət Əli ardıcıllığı ilə gələn on iki imamı sevdilər. Bu sevgi ilə yaşayanlardan gözəl, yaxşı insanlar yoxdur).
Çox təəssüf ki, bu bənd çox məşhur müxəmməs olduğuna baxmayaraq bir çox hallarda diqqətdən kənarda qalmışdır. Bu ideoloji-siyasi yanaşmadan irəli gəlmiş, məşhur müxəmməsin bu bəndi bir çox nəşrlərdə şairin kitablarında yer almamışdır. Halbuki, ilk ədəbiyyatşünaslardan və Azərbaycan ədəbiyyatının toplayıcılarından məşhur ədəbiyyatşünas F.B.Köçərli, müxəmməsi bu bənd ilə birlikdə özünün şöhrətli “Azərbaycan (Türklərinin) ədəbiyyatı” kitabına daxil etmişdir (Köçərli F.B. Azərbaycan ədəbiyyatı, 2 cilddə, I cild. Bakı: Elm, 1978, s. 187).
Eyni zamanda qeyd etmək lazımdır ki, müəyyən çevrələrdə M.P.Vaqifin dünyəvi mövzulara meylliliyi, dini inanc sisteminə laqeydliyi iddia olunur. Hətta gözəli irfandan reallığa endirənlərin başında şairin adı əsas olaraq qeyd olunur. Halbuki müxəmməsdən də aydın görünür ki, hətta ictimai lirikasında şair dini duyğularını ifadə etməkdən çəkinməmişdir.
Ümumiyyətlə bizə məlum olan bir çox məşhur şeirlər vardır ki, onların üzərində əl gəzdirilmiş, siyasi baxış tərzinə uyğunlaşdırılmışdır. Bu da sovet dövrünün materialist-ateist ideolojisindən irəli gəlmişdir. Biz A.Səhhətin məşhur “Vətən “ şeirində gizlədilən beyti də qeyd etməyə bilmərik:

Məni xəlq eyləmiş əvvəldə Xuda,
Sonra vermiş vətənim nəşvi-nüma.

Təbiidir ki, bu şeir də başqa bir araşdırmanın mövzusudur. Hətta bu gün də bu şeir oxunduqda əksər hallarda bu misralar oxunmur. Eyni zamanda onu da qeyd edək ki, ədəbiyyatımızda üzərində əl gəzdirilən onlarla bu kimi məşhur şeirlər mövcuddur. Milli və dini baxımdan hər zaman tariximizə, mədəniyyətimizə və ədəbiyyatımıza ciddi zərbələr vurulmuşdur. Bu kimi məqsədyönlü siyasətdən irəli gələn addımları aşkarlamaq və əsl gerçəkləri topluma çatdırmaq hər birimizin, xüsusilə mütəxəssislərin mübarək vəzifəsidir.

Atif İslamzadə, Filologiya üzrə fəlsəfə doktoru, dosent



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar