ATU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

12 Yanvar 2021 15:12    123 Baxış   
 ATU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Yanvarın 12-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Videoformatda təşkil olunan tədbirdə hər iki tərəfin məsul şəxsləri ilə yanaşı, Türkiyənin İstanbul Texniki Universitetinin prorektoru Hüseyin Kızıl və digər nümayəndələri iştirak edib.
Sənədi rektor Vilayət Vəliyev və QSC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Fərzəliyev imzalayıb.

Memoranduma əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və tətbiqi nəzərdə tutulur.

Bundan başqa, sənəddə universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətin istehsalat təcrübəsinə cəlb olunması da öz əksini tapıb. İstehsalat təcrübəsində seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların birgə tərtibi, həmçinin fərqlənmiş tələbələrə QSC-nin təqaüd və mükafatlarının verilməsi də nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar