Azərbaycanın şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkündür

11 Avqust 2020 19:34    1299 Baxış   
Azərbaycanın şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkündür
“Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır”. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, azərbaycanlı həmkarı ilə görüşdə deyib.

"Vizaları ləğv etdik. Amma bu, kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar.Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik”, - deyə Çavuşoğlu vurğulayıb.

Nazir Ceyhun Bayramovun bu məsələyə münasibətini tapa bilmədim.

Əslində, Azərbaycanın şəxsiyyət vəsiqələri ilə xaricə getmək mümkündür. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun tətbiqi barədə Əsasnamənin 1.3. bəndinə görə xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun hazırlanıb, elektron daşıyıcıya (çip) malikdir. Həmin çipdə vətəndaşın əsas anket məlumatlarından əlavə - valideynlərinin, həyat yoldaşının, uşaqlarının soyadı, adı və elektron imzası da yerləşdirilir. Bu, həm də o deməkdir ki, şəxsiyyət vəsiqələrindəki məlumatlar maşınla oxunur və beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Onu da bildirim ki, Azərbaycanın şəxsiyyət vəsiqəsi blanklarının bir ədədi Ukrayna vətəndaşları ücün hazırlanan şəxsiyyət vəsiqəsi blankından iki dəfə, Gürcüstan vətəndaşları üçün hazırlanan şəxsiyyət vəsiqəsi blankından isə 3 dəfə baha qiymətə hazırlanıb.

Belə olan halda bizim vətəndaşların Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək hüquqları niyə təmin olunmur?

Belə baha qiymətə həmin vəsiqələrin hazırlanmasına nə ehtiyac var idi?

Qardaş ölkənin ikitərəfli yaxınlaşmaya xidmət edən müraciətinə beləmi baxılmalıdır?

Nazirin ilk səfərini alqışlayan mətbuat belə ciddi məsələləri nə üçün arxa plana keçirir?

Türkiyə tərəfinin təklifinə bu vaxta kimi cavab verilməməsi də, yəqin, Elmar Məmmədyarovun ayağına yazılacaq...

Əlövsət Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar