Daş ürək - Esselər

08 Sentyabr 2020 11:04    1453 Baxış   
Daş ürək -  Esselər
Dominant.az Gülnarə Acalovanın esselərini təqdim edir.

Qeyd edək ki,Gülnarə Acalova 1967-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında doğulub. Bolnisi rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsini bitirəndən sonra ailə vəziyyəti ilə bağlı Rusiyanın Belqorod şəhərində yaşayır.

G.Acalovanın "Nar Çiçəyi” imzasıyla həm Azərbaycan, həm də rus dillərində yazdığı şeir, hekayə və esseləri müxtəlif ölkələrdə, o cümlədən respublikamızda vaxtaşırı işıq üzü görməkdədir. Qürbət eldəki yaşadığı şəhərdə Azərbaycan icmasının ən fəal üzvlərindən biridir.

DAŞ ÜRƏK

Aydın bir yay gecəsi idi. Gülnar həyətdəki günlüyün altında oturub saçlarına tumar çəkən sərin mehdən xoşallanırdı. Dincələnlərin bir qismi çay içə-içə bir-biri ilə söhbətləşir, digərləri televizorda xəbərlərə baxırdılar. Qaranlıq qatılaşdıqca yorğunluq duyanlar yavaş-yavaş öz otaqlarına çəkilirdilər. Gülnar tək qalmışdı. O, tənhalığı sevməsə də, hərdən tək qalıb düşüncələrə dalmağı sevirdi. Belə anlarda öz aləminə qapılıb şirin xəyallar səltənətinin qonağı olurdu. Ətrafdakı sakitliyi cırcıramalar öz şən nəğmələri ilə pozurdu. Elə bil Yaradan onları gecənin özünəməxsus qaranlıq, lal aləminin cansıxıcı olmaması üçün yaratmışdı. Gülnar cırcıramaların xoruna qulaq asır, təbiətin bu gözəl mənzərəsindən zövq alırdı.
Üzüm talvarının tən ortasında böyük bir çıraq asılmışdı. Asta-asta əsən külək onu hərəkətə gətirir, işığa uçub gəlmiş pərvanələr isə çırağın başına fırlanırdılar, sanki cırcıramaların çalıb-oxumağı gözəl rəqs havasına rəqqaslar çırağın ətrafında süzürdülər. Gecə bir xeyirxah sehirbaz kimi Gülnarın tənhal qalmasını istəmədiyi üçün ona öz möcüzələrini göstərib qüssələnməyə, qəmlənməyə imkan vermək istəmirdi və tilsimli, valehedici aləminə qonaq eləyirdi. Həmişə pərvanələrin özlərini işığa qurban verdiyini görəndə ürəyinə qüssə qırovu çökən Gülnarın içində bir çavabsız sual doğurdu: “Niyə?..

Dünyanın açılmamış sirlərinin qabağında acizliyini hiss elədiyi üçün sualına cavab istəyirdi. Ona elə gəlirdi ki, bu gün ona möcüzələr göstərən gecə sirrini verəcək. Amma…

Küçədə qəh-qəhə çəkib gülən cavanların səsi Gülnarı xəyallardan ayıltdı. Onlar yəqin ki, kluba, əylənməyə gedirdilər. Qalxıb darvaza qapısından çölə çıxdı. Bir az aralıda dəniz görünürdü. Ürəyindən sahildə oturub qürub edən Günəşə baxmaq keçdi. Ətrafa göz gəzdirdi, gec idi, amma elə bil onu hansısa bir ilahi qüvvə var gücü ilə çəkib dənizə sarı apardı. Daxildən gələn hisslərinin əsiri olmuş kimi asta-asta dənizə tərəf yönəldi. O, günortadan isinmiş qumun üstüylə asta addımlarla gedir, sanki onun nəhayət gəlib çıxmasına sevinən ləpələr yalın ayaqlarını öpür, arxasınca qumun üstündə saldığı izləri yuyurdu. Günəş artıq tam qürub eləmişdi. Bu mənzərə gözəl də olsa, nədənsə Gülnarın aləmində həyatın sonu kimi qəlbinə kədər kölgəsi salırdı. Üfüqün görünməz davamı isə yeni bir həyat idi...

O, isti qumun üstündə dizlərini qucaqlayıb oturmuşdu. Həmişə qəribsəyib qəlbində tənhalıq hissi duyanda beləcə oturub başını dizlərinə qoyardı. İndisə onun baxışları dənizin ümmansızlığına dikilmişdi. Dəniz sakit idi, hərdən-bir sahilə gələn balaca bir dalğa Gülnarın ayağına qum atır, sonra da yuyub aparırıdı, elə bil körpə uşaq kimi onunla oynamaq istəyirdi. Yenə Aslan gəlib durmuşdu gözlərinin önündə. Neçə illərdən bəri itirdiyi yeganə məhəbbəti, yeganə istəyi...

Onu yadından çıxarmaq istəsə də, yaddaşı məhəbbətinə vəfalı yar olub, unuda bilmirdi. “Görəsən hardadı? Necədi? Yadına düşürəmmi barı?..” Sual- sualın dalınca gedirdi. O, dalğalara baxır, sanki dalğalardan bir cavab gözləyirdi.

Gözlərindən axan yaş damcıları dənizin suyuna qovuşdu. Bir dərin ah qopdu sinəsindən. Pıçıltı ilə, sanki dalğalarla danışırmış kimi sakitcə: "Hardasan?" - dedi.
Bu an bayaqdan onun ayaqlarını yuyan ləpələrin içində parıtı gördü. Gözünün yaşını əlinin arxası ilə silib baxanda bağ fındığı boyda bir "Ürək" gördü. Yam-yaşıl, içərisində sanki qırovun almaza bənzər parlaq izi düşmüş daş ürək. Bu Dənizinmi payı idi, yöxsa Göylərinmi hədiyyəsi? Bəlkə möcüzəsi, sirri ilə Gülnarla düşüncülərini bölüşən Gecənin onun sualına cavabı idi?...



XATİRƏ DƏFTƏRİNDƏN

Uşaqlıq illərimdən bir xatirə yadıma düşdü... O zaman fərqinə varmadığım, amma zaman keçdikcə əvəzsizliyinin və vacibliyinin heç bir dünya malıyla ölçülə bilməyən dəyərini duydum.

Hərdən yazda, qanın qaynayan çağında ağır qış paltarlarından canımızı qurtarıb, anam demiş "çılpaqlanmağa" başlayanda soyuq dəyərdi. Çöldə Günəş şüaları ağaclara, kollara sığal çəkib, yaşıl otlar yenicə oyanmıs torpağın təbəssümütək gözlərimi oxşayanda qızdırma içndə, öksürməkdən səsi batmış boğazı sarıqlı, yorğan-döşəyin ixtiyarında ixtiyarsız olmaqdan çəkinsəm də, "qorxan gözə çöp düşürdü".

İndi o xatirələr mənə yenicə qaysaq bağlamış yaranın yavaş-yavaş qoparıldığı ağrını yaşadırdı. O zaman qorxduğum o “yaz azarı" üçün burumun ucu göynəyirdi. "Azar" üçün yox, nasaz olduğum zaman yaşadığım hıssər üçün...

Gecə uzunu neçə dəfə babam yuxusuna haram qatıb oyanardı, indi anlayıram ki, heç yuxulamırdı da. Yatağıma yaxınlaşıb məni yuxudan oyatmamaq üçün ehtiyatla dodaqlarını alnıma toxundurub bir neçə saniyə beləcə durardı. Sonra da pıcıltı ilə nə isə deyib barmaqlarının ucunda uzaqlaşırdı.

Yuxuda olmasam da, çox zaman özümü yuxululuğa vururdum. Babamın bu cür istiliyimi yoxlaması mənə məlhəmdən də əvəzsiz idi. Yadıma düşəndə məni kövrəldən xatirələr o zaman sözlə çatdırmaq mümkun olmayan duyğuları yaşadırdı. Dünyada hamıdan çox sevdiyim bir insanın qayğısı mənim də onun sevimlisi olduğumu bir daha təsdiq edir, yasadığım sevinc hissi məni davasız-dərmansız sağaldırdı.

Sonralar mən də balalarımın hərarətini bu üsulla yoxlayanda, illərlə sirli qalan sualın cavabını tapmışam.

Yenə də hər dəfə narahatlığım olanda qayğısına ehtiyac duymuşam. Kiminsə urəyimə, ruhuma doğma insanın da mənim diqqətimə, qayğıma ehtiyacı olduğunu istəmişəm. Necə də qəribə istəkmiş dodaqlarının istisi ilə, dualar pıçıltısı ilə bu təmasdan yaranan doğmalıq, əzizlik duyğusu yaşayıb yaşatmaq ...

GÖRÜŞ...

Göyün üzünə yavaş-yavaş şərin qara toru cəkilirdi. Günəş bu dəfə də sevgilsinin yolunu gözləməkdən yorulmuş kimi, sanki hamıdan və ilk növbədə özündən küsüb dənizdə gizlənməyə calışırdı. Həmişə dənizin sahilində oturub Günəşin qürub etməsinə böyük məftunluqla baxmışam. Bü mənzərənin gözəlliyi məni həm heyran edib, həmi də dərin bir kədər hissi yaşadıb.

Bu gün də uzun zamandan sonra dənizlə görüşə gəlmişdim. Amma nədənsə sahilin mənə bağışladığı rahatlıq qarışıq sevinc hissini həyacan və narahatçılıq əvəz etmişdi .

Gözlərimi Günəşin dəniz dalğalarında rəqs edən əksinə zilləyib durmuşdum. Xəzri küləyi gah saclarıma sığal cəkir, gah da etinasız dayandığımı görüb onları qarışdırırdı. İcərimdəki təlatüm məni sıxır, elə bil ki, hansısa bir xəbəri eşitmək də istəyirdim, eşitməmək də. Bu qarışıq fikirlərdən məni bayaqdan gözlərini üzümdən cəkməyən Pərvizin birdən-birə qabağıma keçib əllərimdən tutması ayıltdı. O, sanki baxışlarımı baxışlarına bənd elemək istəyirmiş kimi düz gözlərimin içinə baxaraq - "Mən səni cox istəyırəm" - dedi. Pərvizin titrək səsində bir qətilik, ümid dolu nida var idi. Bu baxışların zəhmi məni tutduğundan gözlərimi yerə dikdim. “Ayağınız islanacaq” - deyərək araya düşən ağır bir sükutu pozmaq istədim. Pərviz, "Olsun" - deyib gülümsədi.

Sahil boyu xeyli gəzindik, ancaq nədən danışdığımızı hec yadıma sala bilmirəm. Təkcə xeyli aralıda hərəkətsiz durub qarmağı izləyən balıqcılardan və bir gənc cütlükdən savayı sahildə hec kəsin olmadığı yadımdadı.

Pərviz bayaqdan ovcunun içində kilidlədiyi əlimi dodaqlarına yaxnlaşdırıb pıcıldayırmış kimi, "Mən səni coxdan gözləyirdim, axır ki, gəldin!" - dedi.
Astaca əlimə toxunan dodaqarın hərarətindən bütün varlığımda qəribə bir istilik duydum. Həm həyacan, həm rahatlıq verən bir istilik. O, məndən cavab gözləyirdi. Əlimi ehtiyatla əllərindən çəkib dənizə sarı getdim. Mənə elə gəlirdi ki, ürəyimdə elə bu an dəniz boyda ocaq qalanıb. Çöməlib əllərimi sahildəki qumlarla gizlənpaç oynayan dalğalara uzatdım. Dənizin sərin suyu ələrimə toxunub geri çəkildi. Pərvizin əllərinin, dodaqlarının təmasından sonra dalğaların təması cox soyuq, biganə və duyğusuz gəldi mənə. Pərviz mənim nə etdiyimi anlamaq istəyirmiş kimi heyrətlə üzümə baxırdı. “Mən səni sevirəm, dənizim, amma sən məni qucsan, sularında boğulub məhv olaram. Mən isə ... mən isə səni qucmaq istəsəm də, bu, mümkünsüzdü!” - dedim.

Özüm öz səsimi tanıya blmirdim, səsimdə kovrəklik, ümidsizlik və acizlik var idi. Sanki səsim də bayaqdan küskün -küskün boylanan Günəsin əksi kimi dalğalarda qırılıb itirdi...Bu sözlər kimin ünvanına idi, hec özüm də bilmirdim. Həmin anlarda sevinc və kədər çələnginin seçimi qarşısında qalan ürəyimdən gələn ancaq bu sözlər oldu...



YUXUYA BƏNZƏR GERÇƏKLİK, YOXSA...

Görəsən gerçəklik yuxudumu? Yoxsa, yuxu gerçəlikdimi?.. Görəsən insanlar niyə sadə, axarıyla gedən həyat yolunda eniş, yoxuş, çınqılıq, tikanlıq arayıb bir yuxu omürlərini mürəkəbləşdirirər? Görəsən niyə gerçəklikdə əlçatmaz xəyal sandıqları "nağılı" yuxuda elə gerçək nağıl kimi yaşayırlar? Görəsən... görəsən...

Suallar “gölündə” burulğana düşmüş saman çöpü qədər aciz olarmış insan övladı cavabsız tərəddüdlər qarşısında.

Bilmədim yuxuydumu, ya gerçəklik, amma nağıla bənzər bir yaşantıydı gördüyüm. Sonu “ağ çalmalı” uca dağların ətəyinə qovuşan bir cığırın yorulub əldən düşmüş tənha musafiri idim. Mən dağlara yaxınlaşdıqca, sanki onlar məndən uzaqaşırdı. Heç bilmədim Günəş necə məndən gizləndi, hava necə qaraldı. Başımı qaldıranda azacıq aralıda, dağın ətəyində balaca bir koma göründü. Komaya yaxınlaşdım. Səliqə-səhmanlı həyət-bacanın düz ortasında, şaxlı-şəvəlli tut ağacının kölgəsində çay dəstgahı düzəldəndən sonra, taxtın üstundə uzanan ağbircək qarı bir az aralıda samavara köz salan, başı dağların qarı kimi dümağ ağarımş qocasına baxaraq, astadan zümzümə eləyirdi.

Qoca, "Yenə yuxarıya qalxmısan haa, gülüm, çay gələndə ağıya düşə bilməyəcəksən" - deyə qarısına yaxınlaşıb sağ əli ilə onun solğun yanağını sığalladı. Qarı, "Bəs, sən nədən ötrüsən, səni verənə şükür, çay gələndə kömək edib, düşürərsən... " - deyib illərlə vərdiş elədiyi bir ədayla üzünü qocasının ovcunda gizlədirmiş kimi aşağı əyilib onu öpdü.

Kim idi bu qocalar? Niyə bu qədər doğma və yaxın gəlirdilər mənə? Səsləri, söhbətləri, hətta sanki qarının züzümə elədiyi havaya “rəqs edən” samavarın tüstüsü belə mənə kimisə, nəyisə xatırladırdı.

Görəsən yuxuydu, ya gerçək? Bəlkə... həyat gerçəkliynin sonuydu bu yuxu? Bəlkə yaşadığım həyat da elə bir yuxudu hə?..

ANALI ÖMRÜMÜN SON GÜNÜNÜN XATİRƏSİ ...

...Evdə təkcə özümüzünkülər qalmışdılar - bacılarım, atam, bibim və kürəkənlər. Kənardan baxan olsa, elə düşünərdi ki, bu iki otaqlı mənzildə hərlənən insanlar yaddılar, bir-birini elə indicə görüblər. Heç kəs dinmirdi. Sanki araya düşən ağır süktu pozmağa çəkinirdilər. Bu gərginlik məni sıxır, elə bil divarlar üstümə gəlirdi. Nəfəsim təngidiyindən otaqda dayana bilməyib, eyvana çıxdım. Hava soyuq olsa da, xoş idi. Göydə ulduz-ulduzu çağırırdı. ( Həmişə sayrışan ulduzlara baxmaq mənim ruhuma rahatlıq gətirib!) Ürəyim çox narahat idi, döyüntüsü, hətta bir -birini qova-qova ötüşən maşınların səsinı belə batırırdı, elə bil vücudum ona darlıq edirdi, elə bil indicə yerindən qopacaqdı ...

Həmişə narahat anlarımda üzümü göylərə tutub Yaradanla içimdəki acıları bölüşər, ondan məsləhət istərdim və eşidildiyimi duyacaq bir işarə görərdim. İndi isə nə Onunla danışa, nə də ağlayıb ürəyimi boşalda bilirdim. Yalnız nə isə arayırmış kimi gözlərimi qaranlıq gecənin vahiməsini əridən parlaq ulduzlara zilləyib yerimdə donmuşdum. Birdən ulduzlardan biri böyük surətlə aşağıya doğru uçmağa başladı və elə həmin anda, sanki öz içimdən anamın səsini eşitdim: “Ay bala, elə rahatam, elə yaxşıyam ki, heç yerim ağramır, nə gözəlmiş rahatlıq...”. Bu həlim səs anamın səsi idi, mən bu səsi milyonların səsindən seçə bilərdim. Anam idi, indi artıq göylərdən məni görən və halıma acıyan anam...

Bilmirəm, səsini eşitdiyim üçünmü, ya ağrı-acılardan qurtarıb, dincliyini, rahatlığını oz varlığımda duyduğum üçünmü, bayaqdan daş asılmış ürəyim yüngülləşmişdi, qəribə bir sevinc hissi yaşayırdım. “Soyuqdu, ay maman ölsün, gəl içəri!” - (mama bizdə atanın bacısına deyirlər) Bibimin səsi məni bu sehirli aləmdən ayırdı...

Artıq gecədən kecmişdi. Hamı yatmağa hazırlaşırdı. Bacılarım öz yanlarında mənə də yer salmışdılar. Təkcə anamın çarpayısının örpəyi açılmamışdı. "Mən burada yatacam" - deyıb anamın yerinə uzandım. Hələ də onun saçlarının ətri gələn balışı bağrıma basıb qoxuyurdum. Bayaqdan qurumuş göz yaşlarım indi leysana dönmüşdü. Eyvanda yasadığım möcüzəli anı bir də yasamaq istədim, alınmadı. Təkcə anamın hələ də içimdə səslənib əks-səda verərək məndən uzaqlaşan səsini eşidirdim: "Heç yerim ağramır, rahatam!"

Neçə vaxtdan bəri yuxusuz qaldığım gecələrin yorğunluğu məni özünə tabe edir, gözlərim qapanırdı, ancaq yata bilmirdim. Ürəyimdə qorxu qarışıq bir həyacan vardı. Səhərin açılmasını istəmidim. Çünki... yeni səhər anasız dünyamın ilk səhəri olacaqdı, çünki hələ də ozümü (iki övlad anası olsam da) uşaq bilib, bu xoşbəxtliyin son gecəsini yaşayırdım, çünki "anasızlıq-yetimlik" biçimində dar köynəyin sahibi olacaqdım, çünki...

Artıq doqquz ildi ki, sən yoxsan ana! Amma ən çətin anlarımda da, ən sevincli günlərimdə də səninlə danışıram, qəlbimdən keçənləri səninə bölüşürəm. Ən böyk ziyarətgahım məzarındır, Ana...





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar