Əsrlər sonra qədrləri bilinən, dahi sayılan insanlar - Üç düha, üç fitri istedad

09 Fevral 2021 11:05    1499 Baxış   
Əsrlər sonra qədrləri bilinən, dahi sayılan insanlar -  Üç düha, üç fitri istedad

Biri otağında öldü - kitab dolu rəflər üstünə aşdı və kitabların altında can verdi.

Biri şayiə qurbanı oldu, ən çox inandığı insanın qəzəbinə tuş gəldi, dəhşətli edama məruz qaldı.

Biri huşunu itirdi və onu ölü bildilər, diri-diri basdırdılar.

Üç düha, üç fitri istedad, əsrlər sonra qədrləri bilinən, dahi sayılan və adları kometalara, planetlərə, kraterlərə verilən insanlar.

Dünyanın ən məşhur universitetlərində haqlarında tədqiqatlar aparılan və mühazirələr oxunan üç ulduz.

Bu gün sizə haqlarında çox az yazılan, barələrində məlumatların, mənbələrin və məxəzlərin qıt olduğu üç dahidən bəhs etmək istərdim.

Onlar ərəb nəsrinin "ata"ları sayılır və fikrimcə, bu, gerçəkdən də, belədir.

Ərəb ədəbiyyatı dedikdə ağla ilk gələn şeriyyatdır. İlk gələn və... vəssəlam.

Ərəb nəsri barədə bilgilər azdır.

Halonki...

Ərəblər şeirlərə "ən nəzm", yəni "süslənmiş, bəzənmiş nitq", qafiyə ilə olmayan istənilən ədəbiyyatı isə "ən nəsr", yəni "dağılmış, səpələnmiş nitq" adlandırırdılar.

İslamdan əvvəl Ərəbistan yarımadasında nəsr əsərləri faktiki olaraq yoxdu. Olan bədəvi ərəblərin ocaq ətrafında və ya zifayətlərdə xatırlayıb söylədikləri rəvayətlər, əsatirlər, nağıllar və əfsanələrdi.

Ərəb ədibləri, nəsr dühaları arasında ən məşhuru tarixə "İbn ən Müqəffa" kimi düşən, əsl ad və soyadı Ruzbih Puri Dadoi olan Əbu Muhəmməd Əbd Allah Ruzbiz ibn Daduyadır.

Dünyanın "Kəlilə və Dimnə"nin, yəni sanskrit dastanı "Pançatantra"nın ərəb dilindəki variasiyası olan möhtəşəm əsərin müəllifi kimi tanıdığı İbn əl Müqəffanın çox maraqlı əsərləri var.

Aristotelin "Kateqoriyalar"ını ərəb dilinə tərcümə etmiş İbn Müqəffa "Xəvadey Namaq", "Əyn namə", "Kitab əl tac", "Kitab Mazdak", "Risalə fil sahaba", "Əl ədəb əl kəbir" və "Əl ədəb əl sağir"in müəllifidir.

Atəşpərəst ailəsində doğulan, İslamı sonradan qəbul edən İbn əl Müqəffa ömrünün sonunadək mömin olmadı.

"Bu fani dünya duzlu su kimidir - kam almaq üçün nə qədər içsən, yanğın bir o qədər artacaq" deyərdi Müqəffa.

"Risala fil sahaba"nı yazandan sonra müşriklikdə və küfrdə suçlanan 35 yaşlı dahini həbs etdilər. İbn Müqəffanın özünə dost və hami hesab etdiyi, çox inandığı xəlifə əl Mənsurun əmri ilə onun əvvəlcə qollarını və ayaqlarını kəsdilər. Kəsilmiş qollarla ayaqları hələ sağ olan İbn Müqəffanın gözləri qarşısında yandırdılar. Sonda isə can verən İbn Müqəffanın özünü tonqala atdılar.

Ərəb xilafətində nəsr az qala bütünlüklə risalələrdən, yəni elmi əsərlərlə məktublardan ibarətdi. O dövrlərdə məmurla nəsr yazana əsla fərq qoymazdılar.

Ərəblər deyirdilər: "Onların ikisi də yazırlar, amma şeir yazmırlar, nəzm ustaları deyillər".

Nəsr yazanlar dini ədəbiyyat yazan "üləma"larla dünyəvi mətnlər yazan "ədib"lərə bölünürdülər.

Üləmalarla ədiblər yazılarında mümkün qədər incə ifadələr, təhkiyələrdən və bənzətmələrdən istifadə etməyə çalışırdılar.

Ərəb epistolyar janrı, yəni məktub yazmaq sənəti o dövrlərdə əsl incəsənət səviyyəsində idi.

Təhkiyələr, metaforalar, təşbehlər, hiperbolalar, daxili (bətn) qafiyələri, cümlələrin zərifliyi, ifadələrin ritmi - hər şey bol idi.

Ən yaxşı məktublardan müntəxabatlar hazırlanırdı, onları əzbərləyirdilər, təqlid edirdilər.

Risalə ustaları şairlər kimi məşhurdular. Onların məktublarında və mətnlərində daha çox söz oyunlarına, fonem və morfoloji konstruksiyalara diqqət yetirilirdi.

"Bədü əz Zaman", yəni "Zamanın möcüzəsi" kimi tarixə düşmüş Əbül Fədl Əhməd ibn əl Hüseyn əl Həmadani əsərlərini "İsa ibn Hişam" təxəllüsü ilə yazırdı.

O, fenomenal məktublar müəllifi olub. Belə ki, əl Həmadani tərsinə oxunanda cavabı olan; müəyyən hərflər, durğu işarələri və s. olmayan; və ya təfsirindən, yozumundan asılı olaraq ya tərif, ya da tam əksinə, tənqid saıla bilən məktublar yaza bilirdi.

Onun "Nəhsi şüar" və "Kitab fil risaleyin" adlı məktublar topluları mövcuddur.

Fəqət...

İbn Hallikanın və İbn əl İmadın yazdıqlarına görə, əl Həmadani 39 yaşı olanda qəfil ürək tutmasından hüşunu itirir. Onu ölmüş bilirlər və diri-diri basdırırlar.

Tarixdə "İbn ər Rumi" kimi qalmış ərəb şair Əli ibn Əl Abbas ibn Cüreyc də nəsrdə özünü sınamışdı, amma tez usanmış və niyyətini dəyişmişdi.

Yaqut əl Həmavinin "filosoflar arasında ədib, ədiblər arasında filosof" adlandırdığı Əbu Həyyan Əli ibn Mühəmməd ət Touhidi isə taleyindən şikayətilənirdi.

O, ərəblərin nəsrə diqqətsizliyindən, ədiblərə laqeydliyindən dad deyirdi.

20 kitabın, o cümlədən "Əl İmta vəl munasa", "Əl həvamil vəş şəvamil", "Əl işarət əl ilahiyyə", "Əl müqabəsat", "Fis sadaka vəs sadiq"in müəllifi olan ət Touhidi ölümündən əvvəl 18 əlyazmasını yandırmışdı. 18 kitab beləcə, kül olmuşdu və biz o əsərlərdən bixəbərik.

Həmin dövrün ən məşhur nəsr ustalarından biri Əbu Osman Əmr ibn Bəhr əl Cahiz idi. "Əl Cahiz", yəni "Dombagöz" kimi tanınan düha "Kitab əl buhala", "Kitab əl bəyan vət təbiyin", "Kitab əl həyavan" təki əsərlərin müəllifidir.

Etiqad baxımından mütəzili, fəlsəfi baxışlar sarıdan sofist olan əl Cahiz mümkünsüz və absurd sayılan olaylarla nəsnələri "normal" sayaraq, bunu sübut etməyə çalışırdı.

211 əsərin müəllifi olan əl Cahiz ölümündən iki il əvvəl doğma Bəsrə şəhərinə dönmüşdü. Önün ölümü də absurd oldu: qoca, ahıl əl Cahiz otağında yeni əsərini yazanda divardakı rəflər qəflətən qırıldılar və oradakı kitablar əl Cahizin başına düşdü.

Oğlu səhər saatlarında atasını kitab qalağının altında görmüşdü.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar