Əzrayıl Əkrəm Əylislinin kitabını oğurladığı...

08 İyul 2021 21:08    24659 Baxış   
Əzrayıl Əkrəm Əylislinin kitabını oğurladığı...

Elmar əlindəki son kağızını “Qəbir daşı sexi” yazılan darvazaya yapışdırdı. Elan üçün səhərdən qəbirstanlıqları gəzdiyindən yorulmuşdu. Geriyə dönüb gördü ki, qoca bir kişi elanı oxuyur: “Qəbir daşları üçün gözəl və təsirli şeirlər yazıram. Şair Elmar”

Əslində, şairliklə yanaşı dostu Eminlə Naxçıvandan gətirdikləri “Qavırma”nı satardılar. Bir dəfə günorta vaxtı, ac olduğundan bankalardan birini götürüb, gizlincə soyuducunun arxasına keçərək içindəkindən iki tikə yemiş, üstündən də “Şərur” arağı içmişdi. Bankanı bağlayıb vitrinə qoymuşdu. Bunu bilən Emin onu işdən qovmuş, o da əlacsız qalıb köhnə işinə qayıtmalı olmuşdu. İndi qayğılı idi; növbəti qəbirüstü şeirini yazmaq istəyirdi. Amma qafiyəni o yan-bu yana fırladır, təsirli söz tapa bilmirdi. O, həmişə özündən, öz sevgisindən yazırdı. Bu dəfə isə şeir ölən adamın dilindən olmalı idi. Özünü o yerə qoymağa ürəyi gəlmirdi. Araq şüşəsini əlinə alıb pəncərəyə yaxınlaşdı. Eşikdə zülmət qaranlıq idi. Ac qarına araqdan içdi. Başı gicəlləndi.

Gözünə qaraltı göründü. Qaraltı kölgəyə döndü. Kölgə ağacın üstündən sürüşüb pəncərəyə tərəf gəlirdi. Elmar qorxdu. Bunu hiss edən kölgə sakit-sakit dilləndi.

- Elmar, qorxma, mən Əzrayılam. Gəlmişəm, kömək edim sənə.

Elmar tualetə qaçmaq istədi. Amma ayaqları getmədi.

Qonaq sakitcə, ev adamı rahatlığıyla keçib kresloda əyləşdi. Əzrayıl cavan adam idi. Elmar gözlərinə inana bilmirdi. Elə bildi ki, Yağmur Bartazdan qaçıb gəlib və bununla zarafat edir. Çünki Əzrayıl, az da olsa, dostu Yağmura bənzəyirdi. Az sonra o, qarşısındakının Əzrayıl olduğuna tamamən inandı.

Elmar çay süzüb gətiridi. Əzrayıl üzünü turşudaraq araq istədi. Elmar təəccübləndi:

- Siz tərəflərdə araq günahdır axı. Əzrayıl bezmiş halda cavab verdi:

- Bizdə belə söhbət yoxdur. Araqla camaatı sınağa çəkməyin. Elə sizin şərabçı Vüqar Mikayılov... İnan ki, öləndə cənnətə düşəcək. Həccə gedənlərin tam əksəriyyəti cəhənnəmlikdi. Siz azərbaycanlılar Həcci çevirmisiz Kislovdskiyə. Hər il gedirsiz.

Əlinə araq badəsi alan Əzrayıl aram-aram danışmağa davam edirdi:

– Şair, diqqətlə qulaq as. Mən bəlkə də yüz iyirmi dörd mininci əzrayılam.

– Biz elə bilirdik siz əbədisiz.

Elmarın bu sözünə Əzrayıl qəh-qəhə çəkdi:

– Ay şair... ay şair... Sizin inandığınız peyğəmbərlər də əbədi deyil.

Elmar çay stəkanını kənara çəkib araq süzdü. Suala keçmək olardı:

–Yaxşı, siz indi harda yaşayırsız ?

Əzrayıl arağı içib dilləndi:

- Sizin təbirinzcə desək, göylərdə. Mənim araq içməyimə pis baxma. Həm də mən bütün dinlər üzrə əzrayılam. Başa düşdün də....

Elmar gözlənilməz qonağın səmimiyyətindən istifadə edib yenidən suallara keçdi:

– Bəs siz tərəfdə bizim yazıçı və şairlərdən kimləri tanıyırlar?

Əzrayıl açıq aşkar sualdan yayınırdı:

– Düzünə qalsa... Bu haqda sonra danışarıq...olar da? Əslində, indi kitab oxuyandan çox kitab yazan var. Bunu tərgidin, məncə... Rafiq İsmayılov kitab çap etməkdən yoruldu. Amma nə fayda…

Elmar şübhələndi; əzrayıldı, ayda filan qədər can alır, ama bəlkə də heç mətni duymur, ədəbi duyumu zadı yoxdu.

Əzrayıl sanki onun fikrini oxudu, iti bir nəzərlə Elnarın baxışlarını kəsib tökdü, qalxıb kitab rəfinə yaxınlaşdı. Kitablara diqqətlə baxaraq 4 telefonlu qaqaşlar kimi sual verdi:

- Bunların hamısını sizinkilər yazıb?

Elmarın başı gicəllənirdi. "hə" sözünü birtəhər dedi. Əzrayıl kitab rəfində Sevda Sultanovanın vəkil Elton Quliyev haqqında yazdığı kitabı səhifələyirdi:

– Elton yaxşı adamdır. Amma çoxdandı görə bilmirəm. Çünki o, cənnətdədir. Mənim ora yolum az düşür. Sevdanı isə sevmirəm. Çox ifritə qızdır. Hələ o qırmızıbaş da var. Bir də o biri. Adları nəydi? Əşi, nəsə. "Üç ifritə" deyəlim...

Elmar arağın dəmliyindən Əzrayılı iki görürüdü. Amma qorxu hissi get-gedə itirdi. Əzrayıl kitabları bir-bir baxıb yerinə dürtürdü. Beləcə Şərif Ağın, Mirmehdi Ağaoğlunun, Ramiz Rövşənin, İlqar Fəhminin, Ayxan Ayvazın, Səlim Babullağlunun kitablarını əlləyib yerinə qoydu. Bir az qurdalanandan sonra Elmara sarı çevrildi:

- Şair, gör nə deyirəm... Mən sənə bir bənd şeir hədiyyə edim, cümləyə bax e: şair sənə şeir verim, hahahhaa, necə deyirlər, çörəyi ver çörəkçiyə... hahaha... Əzrayıl gülməkdən öskürəyə keçdi. Boğula boğula:

- Öldürmüsüz, Allahaqqı... Vərəmlətmisiz məni... öhö öhö... Gülə də bilmirəm. Denən, sən Əzrailsən, zarafat eləmək harana yaraşır?.... Hə, şair, deməli mən sənə bir şeir verim, əvəzində burdan bir kitab götürüm. Oxumaq üçün. Göylərdə bizə kitab lazım olur. Əslində, biz də darıxırıq. Orda ancaq Tövrat, İncil və Qurandır. Başqa heç nə. Onu da əzbərləmişik...

Əzrayıl ən yuxarı rəfə boylananda Elmar narahatlıqla qurdalandı. Boğazından kəsib aldığı "dünya klassikası"nın səfini pozmaq istəmirdi. Əzrayıl çiyni üstündən Elmara baxıb gözün qıydı:

- Qorxma, klassikaya dəymirəm. Təsvir oxumağa hövsələm çatmır. Əlimə keçsə, komikslərin tapıb baxacam. Dedektivdən də zəhləm gedir. Ümumiyətlə, özünü ağıllı aparan adamlardan xoşum gəlmir. Dəli Domrulu min Dronqoya dəyişmərəm. Dedektiv yazanı da yazıçı saymıram. Bir taya kitab yazırlar, elə bilirlər... Bildin də,,,

Əzrayıl yenə Elmara baxıb göz vurdu - araba kölgə məsələsi... Bu yerdə Əzrayılın gözü bir fotoya sataşdı. 4 dostun fotosu. Əzrayıl fotonu əlinə alıb sakit səslə şərh etdi:

- Həəə.... Professor , mən hələ də anlamıram ki, 15 il ərzində siz niyə bir televizya rəhbəri olmadız ? Yaxşı əvvəl Əli imkan vermiridi. Bəs indi kim? Sizin üstünüzə Rövşən və hətta Müşfiq eeee, direktor oldu...

Son sözləri Elmar eşitmirdi. Onu artıq yuxu aparırdı. Əzrayıl isə fotoya baxıb sakit – sakit dodağının altında mızıldanırdı:

- Aralarında İstanbullu da var. Oturub-durub bizim işlərə qarışır. Kosmosdan zaddan yazır. Amma insafən maraqlı adamdır. Onunla söhbət etməyə dəyər...

Sərin meh otağa daxil olub içəridə yallı getdi və çıxhaçıxda Elmarın üzünü yüngülcə sillələdi. Əlbəttə, Elmar özü yazsa, belə metaforalarla təsvir edırdi. Həqiqətdəsə, onu yuxudan soyuq havanın qoxusu oyatdı. Otaqda hər şey yerində idi. Beyni aydınlandıqca Əzrayılı axtarmağa başladı. Hey, deyə səslənib, ətrafı dinşədi. Köhnə hekayələrdəki vaxtlar olsa, bu yerdə saat çıqqıldardı. Amma bir qəbiristanlıq şairi kimi Elmarın otağında saat zad yox idi. Kitab rəfinə tərəf getdi. Kitablar yerində idi. Onu maraq bürüdü: görəsən Əzrayıl oralarda oxumaq üçün hansı yazıçını seçmişdı. Gözü rəfdəki kitabların arasından ətəyi çıxan balaca bir vərəqə sataşdı. Bir bəndlik şeir idi.

“Əzrayılı qanlı tutmasın anam
Məni bir kirpiyi peykan öldürür...”

"Plagiat kopp.." söyüşü redaktə edib ürəyindən keçirdi. Gözü kağızın aşağısındakı qeydə sataşdı. Əzrayıl yenə də onun ürəyini oxumuşdu:
"Məni düz olmur. Hamı axırda gəlib məni lənətləyir. Bir də, Dədə Ələsgərdən yaxşı yazmayacam ki. Qəbiristana da sevgi mövzusunu gətirmək lazımdı. Həm də yüksək səviyyədə. Elə adam var ki, əlli ildə bircə şeir oxuyur o da qəbr üstə gedəndə. Nəsə. Naşükür olma, şair, şeir də yazdım, üstündə köşə də. Kitaba görə ayrıca təşəkkür edirəm".

Elmar kağızı götürdü, pəncərəyə tərəf getdi və birdən ağlına gəldi ki, baxsın, bu kağız hansı kitabın yerinə qoyulub? Qayıdıb rəfə boylandı. Bükülünü götürdüyü yerdə Əkrəm Əylislinin “Seçilmiş əsərləri” kitabının boş yeri görünürdü...

Tahir Tahiroviç



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar