Günnütdən Şuşayadək yürüyən komandir

05 Dekabr 2020 09:59    1067 Baxış   
Günnütdən Şuşayadək yürüyən komandir

Müharibələr, real döyüş şəraiti bir ölkənin hərbi elitasının formalaşıb ortaya çıxması üçün həmişə tarixi fürsət, “qızıl imkan” sayılıb.
Çünki məhz real döyüş şəraiti təkcə əsgəri öz komandirinə və ya komandiri öz əsgərinə yox, həm də komandirin özünü özünə çox yaxşı tanıdır, bişirib bərkidir.

Və təcrübə də göstərir ki, real döyüş şəraitində ilk növbədə özünə qalib gəlməyi, özünü yenməyi və hissləri üzərində hökmranlıq etməyi bacaran komandirlər daha çox uğura imza atır, gec-tez, mütləq düşmənini də məğlub etməyə müvəffəq olurlar!

44 günlük Vətən Savaşı bizə həm də bu sarıdan - real döyüş şəraitində özünü əsl komandirlər kimi təsdiqləmiş zabit korpusumuzun üzə çıxması, gələcək hərbi elitamızın formalaşması baxımından çox gərəkli oldu!

Mən şübhə etmirəm ki, uzun illər rus-sovet hərb maşınının tör-töküntülərinin, agenturasının çirkləndirdiyi, sürətli inkişafının önünü kəsdiyi Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin rəhbər heyətində çox yaxın gələcəkdə bizim milli hərb məktəblərimizin qəhrəman məzunlarını - bu 44 günlük savaş müddətində özünü əsl komandirlər kimi təsdiqləmiş ləyaqətli hərbçilərimizi görə biləcəyik.

Çünki döyüş meydanında ölümün üzərinə yeriyərək bu savaşı misilsiz şücaətləriylə bizə qazandıran məhz onlar oldular!

Əlbəttə, ona da şübhə etmirəm ki, dövlətimizin indi daha yaxşı görən “Göz”ü bu 44 gündə kimin, hansı hərbçinin özünü necə apardığını, nəyə layiq və qadir olub-olmadığını çox yaxşıca müşahidə edə bilib və şübhəsiz, gələcək təyinatlarda, kadr seçimlərində, təltif və mükafatlandırmalarda bu imtahandan uğurla çıxmışların haqqı da kimlərəsə yedirdilməyəcək.

Ancaq biz də - üzərində ictimai məsuliyyət yükü olan kəslər də bu prosesdən kənar durmamalı, bu 44 günlük savaşın təvazökar, şöhrət əsiri olmayan, populizmdən uzaq, sakitcə ona verilmiş tapşırıqları yerinə yetirməklə məşğul olan gerçək qəhrəmanlarının, peşəkar hərbçi heyətin cəmiyyətə layiqincə təqdimatından və bir çox həqiqətlərin dilə gətirilməsindən qətiyyən çəkinməməliyik.

Mənim qənaətimcə, bu 44 günlük savaşda cəmiyyət özü Ordudakı zəif yerlərimizi, Prezidentin sözləriylə desək, “bəzi istiqamətlərdəki ləngimənin" səbəblərini tam aşkarlamaqla yanaşı, ən yaxşı nəticələri də hansı qoşun birləşmələrimizin və komandanlarımızın göstərdiyini açıqca müşahidə edə bildi.

Deməli, zəiflikləri aradan qaldırmalı, güclü olan tərəflərimizi isə daha da inkişaf etdirməliyik.

Tərəddüdsüz deyə bilərik ki, bu 44 günlük savaşda iki komandanın - general-leytenant Hikmət Mirzəyevin rəhbərlik etdiyi Xüsusi Təyinatlı Qüvvələrimizin, eləcə də general-polkovnik Kərəm Mustafayevin komandanlıq etdiyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş zonasına göndərilmiş Xüsusi Təyinatlı Birləşmələrinin yüksək peşəkarlıqları və döyüş hazırlıqları daha çox diqqət çəkdi, daha qürurverici oldu.

Göründü ki, bundan sonrakı mərhələdə Ordumuzun bu birləşmələrində olan yüksək nizam-intizam, peşəkarlıq, döyüş əzmi və ruhu mütləq şəkildə digərlərinə də daşınmalıdır...

İzləyənlər bilir: döyüşlərin ilkin vaxtı general Hikmət Mirzəyevin fotosunu yaymış, bu gözəgörünməz qəhrəmanımızı xalqımızın tanımasını, bilməsini istəmişdim.

Həyat sübut etdi ki, yanılmamışam: general-leytenant Hikmət Mirzəyev bütün Qarabağ cəbhəsi boyu savaşan, idarəetməni, koordinasiyanı qüsursuz həyata keçirən və bu savaşı öz dəmir intizamı, cəsarətiylə sonda qalibiyyətə çevirən əfsanə komandirimiz oldu!

Bu gün isə sizə daha bir gözəgəörünməz qəhrəmanımızın fotosunu təqdim etmək istəyirəm: Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Qarabağa gətirilmiş ilk Xüsusi Təyinatlı Birləşmələrindən birinin komandirini – əslən gözəl Qubadlımızdan olan polkovnik Haqverdi Dadaşovu!

O Dadaşovu ki, 2018-ci ilin məşhur “Günnüt əməliyyatı”nın icrası da məhz ona tapşırılmış, o da bu tapşırığı qüsursuz yerinə yetirmişdi!

... Mən Haqverdi Dadaşovu çoxdan – zabit kimi həqiq hərbi xidmətdə olduğum 2003-2005-ci illərdə, ortaq bir zabit dostumuzun vasitəsi ilə tanımışam (onda Haqverdi kəşfiyyatçı idi) və ilk gündən də o qənaətdə olmuşam ki, əgər vurmasalar, sıradan çıxarmasalar, bu zabit mütləq Ordumuzda öz sözünü deyəcək. Çünki hərbçi ləyaqətini büsbütün özündə cəmləmiş, yüksək intizamlı və əsgərinə də ata qayğısıyla yanaşan əsl zabit təsiri bağışlamışdı mənə.

Düşüncələri, yanaşmaları ilə “rus praporşik şineli"ni ay-ulduzlu milli mundirimizlə əvəzləmiş qartımış, yekəqarın, başıboş və xaraktersiz “zabit”lərdən köklü şəkildə fərqlənirdi...

O fərqli düşüncəsinin də Haqverdinin zabit həyatını və karyerasını büsbütün dəyişəcəyi qənaətindəydim və şükür ki, yenə yanılmadım.

Bir də eşitdim ki, bizim Haqverdinin bu keyfiyyətləri kadr sərrafı olan general Kərəm Mustafayevin diqqətini çəkib və onu Naxçıvana - Əlahiddə Ümumqoşun Ordusuna aparıb...

Və nə yaxşı da, aparıb! Çünki Haqverdi Dadaşov məhz orada – Naxçıvanda özü ola, öz işini hamıya göstərə, tanıda bildi. Onun yetişdirdiyi Naxçıvan xüsusi təyinatlıları elə özünün rəhbərliyi altında 2018-ci ilin mayında Günnüt zəfərini, 2020-ci ilin noyabrında isə yenə də özünün iştirakıyla, Hikmət Mirzəyevin komandanlığındakı digər xüsusi təyinatlılarımızla birgə Şuşa, Qarabağ zəfərini bizə bəxş edən qəhrəman döyüşçülər oldular!

...Bəli, Sən bu millətin Qürur və Şərəf tarixini öz cəsarətin, iradən və dürüstlüyünlə yazan gerçək qəhrəmanlarımızdan oldun, cənab Polkovnik Dadaşov!

Səni tanıdığıma və zənnimdə yanılmadığıma çox sevinirəm! Sən heç vaxt ucuz şöhrət hissinin əsiri olmadın və daim təvazökarlığınla, peşəkarlığınla seçildin, fərqləndin!

Şöhrətpərəstlərdən fərqli olaraqsa, dürüst və təvazökar insanları həmişə Allah özü ucaldar!

Həmişə Allahın qoruyub ucaltdıqlarından olasan!

Elxan Şükürlü



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar