Hindistanın Əmir Xanı, bəs bizim kimimiz var - LAYİHƏ

07 İyun 2020 18:12    612 Baxış   
Hindistanın Əmir Xanı, bəs bizim kimimiz var -  LAYİHƏ
LAYİHƏ: "Karantin günlərində yazılanlar"

Karantin günlərində evdə qalan, cəmiyyətdən təcrid olunan insanlar yeni vərdişlərə, yeni məşğuliyyətlərə öyrəşmək məcburiyyətində qalıblar. Bəziləri isə bu günlərdə vaxtlarını səmərəli keçirmək üçün qələm kağıza və ya kompüterin klavyaturasına sarılıb. Biz də həmin insanları, daha doğrusu, yazdıqlarını dəyərləndirmək üçün Dominant.az olaraq yeni layihəyə başladıq. "Karantin günlərində yazılanlar" adlandırdığımız bu layihəyə sizlər də öz yazdıqlarınızla qoşula və ya başınıza gələn hadisələri, maraqlı xatirələrinizi yazıb bizə göndərə bilərsiniz.

Layihənin ilk yazısını – Nurlan Hüseynin məhz karantin günlərində qələmə aldığı “Bütün insanlar bir ulduzdur, sadəcə olaraq onları kəşf etmək lazımdır” yazısını təqdim edirik:

“Karantin günlərində elə bir adam tapılmaz ki, heç olmazsa. bir film izləməsin. Bəs, siz hansı filmi izlədiniz, deyə sual etməyəcəm, çünki əksər insan "Yoluxma" və ya "Virus" adlı filmi izləyib. Səbəb isə çox sadədir, həmin filmlər bütün sosial şəbəkələrdə reklam olundu. İşin ən pis tərəfi də budur ki, 2020-ci ildə Cənubi Koreya istehsal olan "Parazitlər" filmi ən çox Oskar mükafatı aldı. Burada bir məqama diqət edin: Parazit elə virus yayan mikroorqanizmdir, tam günümüzlə səsələşir. Sanki dünyanın başını alacaq bu bəlanı öncədən hiss etmişdilər…

2020-ci ildə dünyada baş verən hadisələr yavaş-yavaş Qərbdən Şərqə keçərək mərkəz dəyişdirir. Buna görə də Şərqdən - Robindranat Taqorun, İndira Qandinin vətənindən, dünya tolerantlığının mərkəzindən Hindistandan başlamaq qərarına gəldim. Karantin günlərində də izlədiyim ən gözəl filmlər məhz hind filmləri oldu. Hindistanın dünyaca məşhur aktyor və kinorejissoru Əmir Xanın sayəsində! Onun filmlərini izləyən elə bir adam olmaz ki, Əmir Xanı sevməsin. Səbəb sadədir, o, öz şəxsiyyətini qoruyur, insanları fərq qoymadan sevir, daim yaxşılıq etməyə çalışır və bütün filmlərində insanlığın yaralı məqamlarına toxunur.

Əmir Xan Hindistan filmlərini dünyaya sevdirən şəxsdir. İngiltərə müstəmləkəçiliyinə qarşı çəkdiyi "Lagaan" filmi ilə Oskar mükafatına namizəd göstərilib. Film kinotənqidçilər tərəfindən o qədər yüksək qiymətləndirilib ki, İngiltərə kraliçası 2007-ci ildə onu mükafatlandırmaq istəsə də, Kraliçanın mükafatından imtina edən ilk şəxs kimi tarixə düşüb.



Əmir Xanın özəlliyi ondan ibarətdir ki, istər komik, istərsə də tam ciddi rolları çox uğurlu oynayır. Filmləri, əsasən, görünən-güldürən, görünməyən-ağladan tərəflərdən ibarətdir. Bütün filmlərində bəşəriyyət üçün xeyli müsbət mesaj var. Kinotənqidçilər haqlı olaraq onun bir neçə filminə 8-dən yuxarı İMDB xalı veriblər. Bu da həm rejissor, həm də aktyor kimi, Əmir Xan filmlərinin nə qədər güclü təsirə malik olmasından xəbər verir.

"3 İdiot", "PK", "Fanaa-kor məhəbbət", "Talaash", "Yerdəki ulduzlar" kimi filmləri nəinki ölkədə, hətta Hindistanın sərhədlərini aşaraq başqa ölkələrdə də böyük səs-küyə səbəb olub. Amma məndən soruşsanız ki, “Əmir Xanın ən güclü filmi hansıdır”, tərəddüdsüz, "Dangal" filmi deyərdim. Bu film haqqında hələlik danışmaq istəmirəm, bəlkə nə vaxtsa bu barədə ayrıca yazı yazdım. O vaxta qədər istərdim ki, siz özünüz də bu filmə baxasınız, əminəm ki, mənə haqq qazandıracaqsınız. Yalnız bir nüqansı qeyd etmək istəyirəm, Əmir Xanın filmlərində Hindistan bayrağı, vətən sevgisi və onun nə qədər möhtəşəm təsvir olunması xarici ölkələrdə ölkənin reklamı üçün milyonlar xərcləyənlərə bir dərsdir. Əmir Xan filmləri ona görə maraqlıdır ki, gülüşü də mənalıdır, ağlatmağı da bacarır. Buna görə də Əmir Xan filmlərinə baxmağa dəyər.

Söz ardı: İllərdir bizdə də filmlər və seriallar çəkilir. Ancaq bir zamanlar hind filmlərini lağlağı obyektinə çevirənlərin çəkdiyi bu filmlər və seriallar lağlağıdan o tərəfə getmir. Rejissorlarımızın qabartdığı bircə problem var: ailə məişət məsələləri. Nə rejissorlarımız, nə də aktyorlarımız ailə məişət problemlərindən başlarını qaldırıb göydəki ulduzları görürlər ki, yerdəki ulduzları da görə bilsinlər, daha ciddi problemlərimiz haqqında düşünə bilsinlər.

Yazımı Əmir Xanın "Yerdəki ulduzlar" filmindən bir fikirlə bitirmək istəyirəm: "İnsanların hər biri bir ulduzdur, sadəcə olaraq onları kəşf etmək lazımdır!”".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar