Sabir Rüstəmxanlının “Qarabağa dönüş”ü İsa Həbibbəylinin təqdimatında

11 Yanvar 2021 12:38    204 Baxış   
Sabir Rüstəmxanlının “Qarabağa dönüş”ü İsa Həbibbəylinin təqdimatında

Vətən savaşının ilk poemasını yazmış Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında milli ruhun və yüksək vətəndaşlıq mövqeyinin böyük ədəbiyyatını yaratmış görkəmli sənətkarlardan biri kimi qəbul olunur. O, qan yaddaşının poeziyasını yaratmaqla, soykökə və qəhrəmanlıq tariximizə işıq salmaqla yeni tarixi epoxanın vətənpərvərlik-vətəndaşlıq ideallarına dəstək vermək missiyasını şərəflə və məsuliyyətlə yerinə yetirməyi özü üçün müqəddəs borc, ali vəzifə hesab edən şair-vətəndaşdır. Sabir Rüstəmxanlının yaradıcılığındakı Gəncə qapısı – Cavadxan motivi Xətai yurdu – Meydan hərəkatı notları milli-azadlıq hərəkatı mövzusunda meydana qoyulmuş ən yaxşı əsərlər sırasındadır.

XX əsrin səksəninci illərinin ikinci yarısında meydana çıxmış məşhur “Ömür kitabı” geniş mənada Azərbaycan ədəbiyyatının milli istiqlal kitabına çevrilmişdir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının istiqlalçılıq və vətəndaşlıq salnaməsində Sabir Rüstəmxanlının mühüm yeri və böyük payı vardır.
“Qarabağa dönüş” poeması Sabir Rüstəmxanlının yaradıcılığındakı milli-vətəndaşlıq ənənəsinin uğurlu və yaradıcı davamından ibarət olan qiymətli bədii əsərdir. Bu, eyni zamanda vətəndaş şairin vaxtilə Meydan hərəkatından başlanaraq Dağlıq Qarabağ uğrunda apardığı mübarizənin poetik təbii bir əks-sədasıdır. Şairin hələ iyirmi beş il bundan əvvəl itirilmiş torpaqlara qayıdışa dərin ümid və inam duyğuları ilə yazdığı bir şeirin “Qarabağa dönüş” poemasının epiloqu kimi verilməsi də təsadüfi olmayıb, onun yaradıcılığında bu mövzunun davamlı yer tutduğunu göstərir.

Bundan başqa, “Qarabağa dönüş” poeması 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlanan gündən Sabir Rüstəmxanlının dövri mətbuatda, radio və televiziyada, sosial şəbəkələrdə müstəqil Azərbaycan dövlətinə və ordumuzun hərbi yürüşlərinə dəstək vermək məqsədilə etdiyi çoxsaylı çıxışların, verdiyi müsahibələrin, çap etdirdiyi şeir və məqalələrin məntiqi yekunudur. Nəhayət, bu poema Sabir Rüstəmxanlının şair-vətəndaş kimi müstəqil Azərbaycan ədəbiyyatı qarşısındakı borcunun bədii ifadəsidir, növbəti hesabatıdır.

Sabir Rüstəmxanlı “Qarabağa dönüş” mövzusuna həm bədii-fəlsəfi və həm də mövcud reallıqlar baxımından yanaşmışdır. O, Dağlıq Qarabağın və ətraf ərazilərin işğal edilməsinə də yalnız torpaqlarımızın düşmən tapdağına çevrilməsi kimi yox, bütövlükdə milli-mənəvi varlığımızın böyük bir parçasının itirilməsi miqyasında baxdığı üçün “Qarabağa dönüş” hərəkatını da geniş mənada parçalanmış ruhumuzun bütövləşməsi hadisəsi səviyyəsində poetikləşdirmişdir. “Qarabağa dönüş” həm ərazi baxımından, həm də milli-mənəvi cəhətdən doğma Vətənin bütövlüyünə qovuşmasının poemasıdır. Bu, ümumiləşdirilmiş şəkildə bütün yönləri ilə Bütövlük haqqında poemadır, milli-mənəvi və inzibati-coğrafi bütövlüyün uğurlu poetik təqdimatıdır.

“Qarabağa dönüş” poemasının Meydan hərəkatının təsviri ilə başlaması sadəcə Sabir Rüstəmxanlının tərcümeyi-halında həmin dövr hadisələrinin xüsusi yer tutması ilə əlaqədar olmayıb, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimiz uğrunda mübarizənin həmin hadisələrlə qırılmaz surətlə bağlı olmasından irəli gələn obyektiv reallığın ifadəsidir. Sabir Rüstəmxanlının poemada müstəqillik tariximizin qanlı səhifəsi olan “20 Yanvar” və Xocalı hadisələrini yada salması da onun Qarabağ mövzusuna xalqın azadlıq mübarizəsinin, müstəqillik taleyinin üzvü tərkib hissəsi kimi baxmasının obyektiv təzahürləridir. Bu mənada “Qarabağa dönüş” poemasında səslənən aşağıdakı mübariz misralar dövlət müstəqilliyimizə qəsd etmək, azadlığımıza, inkişafımıza mane olmaq üçün Dağlıq Qarabağ kartını dövriyyəyə daxil etmiş məkrli qüvvələrə, haqsız güc nümayiş etdirmək istəyənlərə ciddi ittiham kimi səslənir:

Dünya özü də bilmir istəyi nədir bizdən,
Otuz il qara duman donubdur üstümüzdə.
Sanki görmür kor gözü Vətənimdir burası,
O millətlər birliyi, bu dövlətlər şurası!

Bununla belə, Sabir Rüstəmxanlı Qarabağa yurdumuzun söz-sənət beşiyi kimi yanaşaraq, bu torpaqlara tarixdə yaşamış böyük şəxsiyyətlərin və hətta müasiri olmuş alim-şair dostlarının taleyinin güzgüsündə nəzər salması unudulmaz qılınc və qələm qəhrəmanlarına ehtiramın ifadəsi olmaqdan başqa, həm də nələri itirdiyimizin, nəyi qaytarmağa borclu olmağımızın diqqət mərkəzinə çəkilməsinə xidmət edir. Qarabağın görkəmli ədəbi-tarixi simaları haqqındakı xatırlatmalar nəticə etibarilə torpağımızın dəyəri, yurdumuzun əhəmiyyəti haqqında poetik ümumiləşdirmələr səviyyəsində təqdim olunur:

Tələs, igid əsgərim, havalar soyuqlaşır,
Təpələr çallaşmada, bir azdan qış gələcək.
Süleyman Rəhimlidən hər il bir yeni roman,
Adına neçə eldən neçə alqış gələcək.

Qaraoğlu Əlinin qələmində “Qəhrəman”,
Zəngəzurdan nə yazsa, millətə xoş gələcək.
Endirib Balayana tərsşapalaq şeirini,
Dilində lətifəsi Eldar Baxış gələcək.
Azıx tarixə giriş – ağız açıb çağırır,
Hər kurqan sirrə pərdə, demə, adi təpədi
Bu gücüm, bu ilhamım Füzuli yadigarı,
Diri dağlar ucalsın, diriliyi əbədi.

…Bəhmənlə Məmməd Aslan ilhamları tükənməz,
Bir ağız da mən deyim, dedikləri az olsa,
Gözümdə bu dağların hər qayası altındı,
Qızıl nəyimə gərək, insanları qızılsa.

“Qarabağa dönüş” poeması Azərbaycanın Vətən müharibəsində işğal olunmuş torpaqlarımızın yağı düşməndən qəhrəmancasına azad edilməsinin poemasıdır. Əslində, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla aparılmış Vətən Savaşında itirilmiş şəhər və kəndlərimizin geri qaytarılması Qarabağa dönüş mövzusunda bədii əsər yazmaq üçün əsas istinad nöqtəsidir. Son vaxtlar Vətən müharibəsinin gedişi prosesində Şuşanın alınması və Zəfər qazanılması günlərində, Zəfər Paradının keçirildiyi tarixi anlarda Qarabağ uğrunda mövzusunda kifayət qədər şeirlər və publisistik məqalələr yazılıb çap olunmuşdur. Bu bədii yaradıcılıq nümunələri daha çox səfərbərlik, çağırış, tərənnüm şeirlərindən və müharibə həqiqətlərinin gedişatını xalqımıza çatdırmağa xidmət edən publisistika nümunələrindən ibarətdir. Vətən müharibəsi mövzusunun daha dərindən mənimsənilməsi, əhatəli şəkildə təsvir və tərənnüm edilməsi üçün bir qədər zamana ehtiyac vardır. Lakin bədii yaradıcılıq sahəsində özünəməxsus təcrübəsi ilə yanaşı, həm də uzun illərdən bəri ictimai-siyasi proseslərin qabaq sıralarında olması Sabir Rüstəmxanlının Dağlıq Qarabağ hadisələrini tam halda, bütün yönləri ilə dəyərləndirib qiymətləndirməsinə, Vətən müharibəsi reallıqlarının hadisələrin gedişatı prosesində dərk olunmuş şəkildə mənalandırmasına imkan yaratmışdır. Bu cəhətdən Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması Vətən müharibəsi, onun gedişi və nəticələri haqqında geniş planda yazılmış ilk poema kimi mühüm əhəmiyyət kəsb edir. Poemada Qarabağ mövzusunun ədəbi-tarixi ənənələri zəminində müasir dövrün hərbi-siyasi hadisələri düzgün müəyyən edilmiş, şair-vətəndaş və ictimai xadim mövqeyindən təsvir olunmuşdur. Dağlıq Qarabağ probleminin tarixi kökləri və səbəbləri haqqında aydın siyasi mövqedən obyektiv poetik mühakimələr irəli sürən müəllif, eyni zamanda Vətən müharibəsi səngərlərində gedən döyüş səhnələrini, cəbhə hadisələrini də isti izlər əsasında bacarıqla poetikləşdirmişdir. Poemada öz əksini tapmış bir çox döyüş cəbhəsi hadisələri: əsgərlərimizin ən çətin məqamlarda yaralı yoldaşlarını darda qoymayıb onları xilas etmələri, situasiyaların mürəkkəb olmasına baxmayaraq, geri çəkilmədən şəhidlərimizi öz qüvvələrimizə çatdırmaları kimi detallar həm də müharibənin tarixi salnaməsinə daxil edilmək üçün seçilmiş real təfərrüatlardır. Şuşa şəhərinin alınmasında Azərbaycan əsgərinin əlbəyaxa döyüşlərdə göstərdiyi qəhrəmanlıqların tərənnümü də Vətən müharibəsi mövzusunun ədəbiyyatda hansı bucaqdan təqdim edilməsinə istiqamət verən detallardır. “Qarabağa dönüş” poemasında Şuşa qalasının alınması uğrunda gedən gerçək əlbəyaxa döyüşlərin əsl poeziya nümunələri olan obrazlı misralarla tərənnüm edilməsi Sabir Rüstəmxanlının mühüm yaradıcılıq nailiyyətidir:

…Əsgər asılıb tordan qalxır hörümçək kimi
Sarmaşıb qayalara yazağzı çiçək kimi.
Hər daşda bir kəpənək,
Buz daşları isidən, qəzəbdən yanan ürək…
…Nə qədər sərt olsa da, bu qayalar, bu daşlar
Övladını tanımış, yol verib qaldıracaq.
Duman görünməz edib, bu gecə əsgərlərim
Bir qoyun sürüsünə Qurd kimi saldıracaq.
Boynunu qucaqlayan dostu deyil, qanaddır,
Soyuq payız gecəsi əsgərim yanıb gedir.
Nə sınmaz bir dəyanət, nə sarsılmaz inaddır,
Yaralı dost yük deyil, yenə dırmanıb gedir!..
Üzeyirin “Cəngi”si birdən gəlmişdi dilə,
Xanın, Seyidin ruhu “Heyratı” çaldırırdı.
Şəhid qəhrəmanlarım öz ruh əlləri ilə
Adsız qəhrəmanları Qalaya qaldırırdı!

Sabir Rüstəmxanlı düşmənin obrazını onların qeyri-insani yaramaz sifətlərinin təqdim olunması və qorxaqlığı ilə əlaqəli şəkildə oxucuya çatdırır:
Dabanına tüpürüb generalı, zabiti,
Tankın, topun üstündən tullanaraq qaçırlar.
Arvad-uşaq qatili dözmür ər döyüşünə,
Tülkü texnikasını qullanaraq qaçırlar.

“Qarabağda dönüş” poemasında Vətən savaşında Azərbaycana dəstək verən ölkələrin və xalqların xidmətlərinə yüksək poetik qiymət verilmişdir. Bu məqamda millət vəkili, siyasətçi Sabir Rüstəmxanlı ilə şair-vətəndaş Sabir Rüstəmxanlı bir-birini tamamlayır. Poemada Vətən müharibəsi sınaqlarında Azərbaycanın haqlı davasına münasibətdə birmənalı şəkildə etibarlı mənəvi dəstək nümayiş etdirmiş Türkiyə və Pakistanın mövqeyinin qiymətləndirilməsi siyasi cəhətdən obyektiv reallığın ifadəsi olmaqla bərabər, həm də poetik baxımdan da obrazlı dəyərləndirilməsi ilə səciyyələnir:

Ey qoca Azərbaycan! Haqq nazilir, qırılmır,
Sənin Zəfər gününə yazıram yeni dastan.
İki bitməz nəğməsi olmalı bu dastanın
Birincisi Türkiyə, ikincisi Pakistan.

Ədalətdir yolumuz, bunu Allah görürdü,
Ədalətə söykənən verməz namərdlərə can!
Bu namus savaşında, səsimə səs verirdi
Ankaradan Türkiyə, Kəraçidən Pakistan!

Qarabağ müharibəsi kimi aktual mövzuya həsr olunmuş poema sənətkarlıq baxımından da orijinal bədii əsər nümunəsidir. “Qarabağa dönüş” poeması liro-epik poema janrının yüksək tələblərinə tam cavab verir. Bu, lirikanın aparıcılığı ilə yazılmış şair-vətəndaş mövqeyinin monoloqu təsiri bağışlayan orijinal poemadır. Əsərdəki epik əlamətlər poetik mühakimələri həyati hadisələrlə təsdiq edib əsaslandırmaq üçün zəruri məqamlarda müraciət olunan təzahürlərdir. Poemada bir neçə məqamda istifadə olunmuş lirik bədii haşiyə poetik təhkiyəni yeni çalarlarla zənginləşdirir və əsərin emosional təsir gücünü daha da qüvvətləndirir. Poemanın əvvəlində “Vur” əmri və nidası ilə ifadə olunan misralar “Kitabi-Dədə Qorqud” dastanlarındakı “Çal qılıncını…” arzusunun yeni tarixi şəraitdəki orijinal bədii ifadəsi təsiri bağışlayır:

Vur, qəhrəman əsgərim, “Xocalı” bağırıb vur,
Yad əllərdə inləyən torpağın xətrinə, vur.
Min-min evim dağılmış, kəndlər qalmış viranə,
Daşları buz bağlamış ocağın yerinə vur.
Köstəbək yuvasında gizlənməkdir əlacı,
Dağıt bu son deşiyi, mərmini dərinə vur!
Ziyarətgah zirvələr gözləyir gözü yolda,
Bu işğalı bitirib, zülmün məhvərinə vur!

Sabir Rüstəmxanlı “Qarabağa dönüş” poemasından əvvəl yazıb müstəqil bir şeir kimi çap etdirdiyi “Qələbə tvitləri” şeirini lirik haşiyə kimi əsərinə daxil etmişdir. Siyasi ovqatda və lirik tərzdə yazılmış “Qələbə tvitləri” şeiri “Qarabağa dönüş” poemasının ideya-məzmunundan doğan bədii parça kimi həm Vətən müharibəsində qazanılan zəfərlərin mahiyyətini poetik cəhətdən mənalandırır, həm də əsərdəki torpağa dönüş ritmini qüvvətləndirməyə xidmət edir. Sabir Rüstəmxanlının təqdimatında Ali Baş Komandanın qələbə tvitləri “çürüyən bütləri” yıxıb sökən, məkrli oyunları dağıdan, “quduzlaşan itləri” öz yuvasınadək qovan hərbi-siyasi bəyanatlar kimi səsləndirilir:

Bu bizim haqq işimiz, ədalət savaşımız,
İntiqam ala-ala dikələcək başımız.
Vur, əsgərim, vur! – deyə əmr eləyir Komandan,
Qoy bir də yurdumuza tökülməsin nahaq qan!
Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,
Başımızın üstündə üçrəngli bayrağımız!..
Qovur öz yuvasına quduzlaşan itləri,
Ali Baş Komandanın qələbə tvitləri!
Poemada Qarabağ – Vətən müharibəsinin Baş Komandanı müzəffər Prezidentimiz İlham Əliyev “milləti oyandıran”, “hər ürəkdə ümiddən çilçıraqlar yandıran”, “yol gözləyən yurdların harayını” xalqın mübarizəsi ilə birləşdirən, “on milyonun tək səsi” kimi çıxış edən, “dünyaya qələbə tvitləri yayan” idrak və ilham mənbəyi kimi məharətlə ümumiləşdirilmişdir.

“Qarabağa dönüş” poemasının aparıcı obrazı isə “adsız qəhrəman” kimi təqdim olunan Azərbaycan oğullarıdır. Sabir Rüstəmxanlının adsız qəhrəmanı Qarabağ müharibəsində xalqımıza böyük qələbə qazandıran Azərbaycan əsgəridir. Şair adsız qəhrəman adlandırdığı Azərbaycan əsgərinin simasında xalqımızın bütün tarix boyu yetişdirdiyi qəhrəmanların ən səciyyəvi xüsusiyyətlərini özündə cəmləşdirən yeni vətənpərvər nəslin igid, basılmaz nümayəndəsinin ümumiləşdirilmiş bədii obrazını yaratmışdır. Bu, Azərbaycan ədəbiyyatında Vətən müharibəsi mövzusunda yazılacaq bədii əsərlərdə meydana çıxacaq neçə-neçə adlı qəhrəmanların ilk ümumiləşdirilmiş proobrazıdır:

Adına qurban olum, ey adsız qəhrəmanım!
Ruhundakı tilsimə heyran olub durmuşam.
Siz Vətən fədaisi! Qəlbimdə hərənizə
Neçə ləqəb düşünüb, neçə ad uydurmuşam.
Yürü, yürü, Mete xan, burda da sərkərdəsən,
Arxanca qanadlanıb Qazanla, Beyrək gəlir.
Cürşad saraylar yığır qırx igidi başına,
Özgürlük deyə-deyə Xürrəmi Babək gəlir!
…Yaxud da Dədəm Qorqud dilləndirib qopuzu,
Türkün ölməz ruhundan verər sözə yeni can.
Deyər ki, ayırmıram sizi bir-birinizdən,
Şuşa fatehlərinin bir adı var: Qəhrəman!

“Qarabağa dönüş” poeması Azərbaycanın ədalətli müharibəsinin, otuz il işğal altında qalmış torpaqların azad edilməsi uğrunda apardığımız haqlı mübarizənin “bu birlik mahnısını qitələr eşidəcək” sözləri ilə torpaqları düşmən əsarətində olan başqa xalqlar üçün də örnək olacağına ümid və inam duyğuları aşılayır. Haqlı olaraq xalqın möhtəşəm birliyinə nail olmaq Qarabağ müharibəsinin əsas yekunu kimi təqdim olunur:

Tarix qatarlarını saxlamaz öz yolundan,
Kiminsə hədələri, kiminsə öləcəyi.
Azərbaycan içindən doğulur, diqqətlə bax,
Xalqın ruhu bütövsə, bütövdür gələcəyi!
Xalq şairi Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması Azərbaycanın ədalətli Vətən müharibəsinin ədəbiyyatda təqdimatına həsr olunmuş geniş həcmli bədii əsərlərin yazılmasına başlanmasının ilk uğurlu paroludur. Bu, Sabir Rüstəmxanlının yaradıcılığında əhəmiyyətli ədəbi hadisə olmaqla bərabər, müasir Azərbaycan ədəbiyyatını zənginləşdirən və istiqamətləndirən bədii əsər kimi də qiymətlidir.

İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, akademik

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar