Şuşa elə şair kimi əyilmədi

26 Martt 2021 17:09    8590 Baxış   
Şuşa elə şair kimi əyilmədi

"Düşük Paşinyan"ın sərxoş olub, yallı getdiyi Cıdır düzündən, Azərbaycan prezidenti dilində "inşallah" kəlməsi öz xalqını milli bayram münasibətilə təbrik edir.

Bildiyimiz kimi ölkə prezidenti, Ali Baş Komandan Novruz bayramı ərəfəsində Şuşaya səfər etdi. Cıdır düzündə tonqal alışdırdı və Cıdır düzündən xalqımızın bayramını təbrik etdi. Bu görüntülər çox qürurverici mənzərədir. Bir vaxtlar Ermənistanın keçmiş liderlərinin səfər etdiyi, eləcə də ölkə başçısının təbirincə desək, "Düşük Paşinyan"ın sərxoş olub, yallı getdiyi Cıdır düzündən, Azərbaycan prezidenti dilində "inşallah" kəlməsi öz xalqını milli bayram münasibətilə təbrik edir. Bu bizim illərdir arzusunda olduğumuz məqam idi. Hər Novruz bayramında, eləcə də digər bayramlarımızda "gün o gün olsun ki, bu bayramı Qarabağda, Şuşada qeyd edək" deyirdik. Şükürlər olsun ki, bu gün artıq bu arzu, dilək deyil, qəbul olunmuş duadır. Elə ölkə rəhbəri də vurğuladı ki, "Allah Azərbaycan xalqının dualarını eşitdi". Bəli, səmimi-qəlbdən dua edərsənsə, Allah nəsib edər.

Ermənilərin dünya tarixində bənzəri olmayan vəhşilikləri nəticəsində təkcə insanların qətlə yetirilməsi deyil, tarixi abidələrin dağıdılması, onların izlərinin itirilməsi istiqamətində də barbalıq həyata keçirilmişdir. Belə etməklə, guya onlar tarixi saxtalaşdıracaq, işağ etdikləri əzəli Azərbaycan torpaqlarını özününküləşdirəcəkdilər. Lakin, bu mənfur niyyətlərini həyata keçirə bilmədilər. Ali Baş Komandanın əmrilə müzəffər Azərbaycan ordusu düşmənin bu arzusunu ürəyində qoydu. Bu torpaqlar bizim idi və onu qorumaq, onun uğrunda ölümə getməyi də yalnız biz bacarardıq, necə ki bacardıq. Bu savaş bizim haqq savaşımız olduğu üçün, biz, qalib gəldik. Ölkənin uğurlu xarici siyasətinin aparılması, iqtisadiyyatının tənzimlənməsi, eləcə də daxildə milli ruhun aşılanması nəticəsində döyüşə hazır, nizami orduyla düşmənin layiqli cavabını verdik. Dövlət-xalq birliyi nümayiş etdirərək, prezidentin və digər rəsmilərin diplomatik müstəvidə, ordunun isə savaş meydanında mücadiləsi nəticəsində, biz, haqqımız olan torpaqlarımıza yenidən sahibləndik.

Heç bir tarixi sübutu olmadan, arxalarında duran xarici KİV-lərin vasitəsilə Azərbaycan torpaqlarının, Şuşanın erməni torpağı olduğuna iddia qaldırır, dünya mediasında təbliğ edirdilər. Bu heç bir əsası olmayan təbliğat idi. Saxta, yalanlar üzərində qurulmuş çürük tarix idi. Buna yalnız Şərqin, Azərbaycanın, Qarabağın tarixindən xəbərdar olmayanlar inana bilərdilər. Tarix isə saxtalığı qəbul etmir. Həqiqət öz əzəmətilə həmişə nahaq olanların qarşısında dayanır. Fikrimizi əsaslandırmaq üçün, kiçik bir araşdırma edək, Şuşanın tarixinə qısa bir nəzər salaq.

Şuşa şəhərinin əsası 1752-ci ildə Cavanşirlər nəslindən olan Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Şuşa ilk yaradılandan bir müddət xanın şərəfinə Pənahabad adlandırılıb. (Pənahəli xan Cavanşir Nadir şahın ölümündən sonra 1747-ci ildə Qarabağ xanlığını yaradıb). Bu yerlərin "Şuşa" adlandırılmasının müxtəlif izahları var. Məsələn, bir mülahizəyə görə, buranın havası təmiz, büllur kimi saf və səfalı olduğu üçün, bu torpağı Şuşa adlandırıblar. Başqa bir mülahizəyə görə, bu şəhər şiş qayalarla əhatə olunduğuna görə "Şişə" adlandırılıb, sonra "Şuşa" kimi təhrif olunub. Eləcə də məhz bu mülahizəyə bənzəyən "şiş - uca, yüksək" mənalarını verən izahlar da var.

O dövrlərdən başlayaraq Şuşada sənətkarlıq inkişaf edib, ticarət formalaşmağa başlayıb. Şuşa sakinləri İran şəhərləri, eləcə də Moskva tacirlərilə alqı-satqı mübadiləsi aparıblar. Şuşada o zamanlar Pənahabadi gümüş sikkə də kəsilirmiş.

Şuşada 17 məhəllə olub. Onlardan Seyidli, Culfalı, Dörd Çinar, Hacı Yusifli, Köçərli, Qurdlar və s. məhəllələrin adlarını çəkə bilərik. Bu məhəllələr "aşağı məhəllə" və "yuxarı məhəllə" olmaqla iki yerə ayrılırmış. "Aşağı məhəllə" Pənahəli xanın dövründə, "Yuxarı məhəllə" isə İbrahimxəlil xanın dövründə salınmışdır. İbrahimxəlil xan Pənahəli xanın oğludur və atasından sonra hakimiyyət başına keçmişdir. Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqif də İbrahimxəlil xanın baş vəziri olmuşdur. Şairin

"Kür qırağnın əcəb seyrangahı var,
Yaşılbaş sonası hayıf ki yoxdur." -

məşhur misralarının yaranma səbəbini də yəqin hamı bilir. Bu şeiri Vaqif seyrangaha çıxan İbrahimxəlil xanı saraya qayıtmağa təşviq etmək üçün yazmışdı. Vaqif Ağa Məhəmməd Şah Qacarın Şuşaya hücumu zamanı 1795-1797-ci illərdə öldürülmüşdür. Elə İran hökmdarı da Şuşa qalasında canından olmuşdur. Sonralar Səməd Vurğun "Vaqif" pyesində Şah Qacarla Vaqifin qarşılaşmasını təsvir edir:

Qacar: Şair, bəs baş əymədin?!
Vaqif: Bəli! Əyilməz vicdanın böyük heykəli!

Bəli, zəmanəmizdə namərdcəsinə düşmən əlinə düşsə də, yenə də sonunda Şuşa elə şair kimi əyilmədi.

Xarici yadellilərdən müdafiə olunmaq üçün, Pənahəli xan 1748-ci ildə Bayat qalası, 1752-ci ildə də Şahbulaq qalasını tikdirmişdi. Şuşa Məhəmməd Həsən xan Qacarın, Fətəli xan Əfşarın, Ağa Məhəmməd şah Qacarın hücumlarına sinə gərmişdir.

XIX əsrin sonu XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzi hesab olunub. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycanın musiqi beşiyi", "Zaqafqaziyanın konservatoriyası" və s. bu kimi adlarla adlandırırlarmış.

Hələ XX əsrin əvvəllərində Şuşada bir neçə dəfə kütləvi qətllər törədən ermənilər, mənfur qonşularımız 8 may 1992-ci ildə işğal etdikləri bu mədəniyyət beşiyinin neçə-neçə musiqi məktəbini, mədəniyyət evini, klublarını, kitabxanalarını, kinoteatr və muzeylərini darmadağın etdilər. Muzeylərdən minlərlə eksponant, eləcə də Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edildi. Erməni vandalları 600 yaxın tarixi-memarlıq abidələrini tar-mar etdilər. Qafqazda yeganə Şərq musiqi alətləri fabriki dağıdıldı. Yerlə-yeksan edilənlər arasında Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi də var. Göründüyü kimi nə ədəbiyyata, humanist dəyərlərə, nə də dini atributlara sayğısı olmayan bu azğınlar, insanlıqdan çıxmış halda, 195 nəfər Şuşa sakinini qətlə yetirdilər. 165 nəfər yaralandı. Onlardan 150 nəfər əlil oldu. 552 körpə valideynini itirdi. 20000 nəfərdən artıq əhali doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. 58 nəfər şuşalının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Bu gün isə, Şuşa azaddır. 8 NOYABR! - Bizim qələbə günümüz bu gündür! İndi Şuşanın dağları dumanlı deyil, olsa belə, o mənada dumanlı deyil. Prezident tonqalı alışdırand da, çıxış etiyi zaman da arxada dağların dumanı çəkilmişdi. Dağlar da sevinir artıq! Dağlar da artıq hiss edib ki, bundan sonra onun qoynunda öz övladları gəzəcək. O düzlərin gülünü öz yurdunun sevgililəri dərəcək. Cıdır düzü məmnundur. Çünki, daha o yerlərdə Qarabağ atlarının üstündə vətən oğulları-qızları yarışacaqlar. Neçə-neçə şəxsiyyətin ruhu göylərdə pərvazlanacaq. Və yenə də Vaqifin məqbərəsi ziyarətgah olacaq, inşallah!

Yusif Nazim Ərəbsoy



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar