Kreml İrəvanla gizli təxribat ortaqlığı qurub: Putin Paşinyanla niyə sülh sazişi müzakirə edir

13 Martt 2023 20:07    5206 Baxış   
Kreml İrəvanla gizli təxribat ortaqlığı qurub: Putin Paşinyanla niyə sülh sazişi müzakirə edir

Kreml sahibi “Qarabağda yaranmış problemlər”in üçtərəfli anlaşmaları kobud şəkildə pozan rus sülhməramlılarla təmas qurmaqla, konstruktiv həll edilməsinin vacibliyini vurğulaması tamamilə absurd görünür... Prezident Putin əvvəlcə Ermənistandan erməni separatçı-terrorçulara silah-sursat daşıyan rus sülhməramlılarla təmasların prosesə hansı müsbət təsirinin olacağını da izah etməlidir, Rusiyanın vasitəçiliyi ilə sülh sazişi hazırlanmasının mümkünlüyünə isə Kremldəkilərdən başqa heç kim inanmaz...
Azərbaycan Cənubi Qafqazda situasiyanı nəzarət altına almağa başlayıb. Son vaxtlar regiona kənar dövlətlərin geopolitik proseslərə aktiv müdaxilə cəhdləri rəsmi Bakını o qədər də qane etmirdi. Ona görə də, rəsmi Bakı regional proseslərlə bağlı bütün istiqamətlərdə təşəbbüsü Azərbaycanın siyasi iradəsi altında cəmləşdirməyə üstünlük verir.

Məsələ ondadır ki, hazırda Ermənistan və Rusiya Cənubi Qafqazda hərbi siyasi gərginliyi artıqmağa cəhd göstərir. Rəsmi İrəvan Avropa Birliyinin Ermənistana mülki müşahidə gönədrməsindən sonra nisbətən cəsarətlənmiş kimi görünür və təxribatlara xüsusi həvəs göstərir. Kreml isə Rusiyanın Cənubi Qafqazda mövqelərinin sarsılması ilə barışmaq istəmir. Və bu səbəbdən də, bütün mümkün vasitələrlə silahlı toqquşmaların bərpası üçün münbit şərait yaratmağa can atır.



Təbii ki, rəsmi Bakının həm Rusiyaya, həm də Ermənistana qarşı əks təsir faktorları olmamış deyil və bu, kifayət qədərdir. Xüsusilə də, rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqələri yaratmaq qərarı həm Paşinyan hakimiyyətini, həm də Kremli ciddi şəkildə narahat edir. Çünki bu qərar reallaşdırılacağı təqdirdə, Ermənistan və Rusiyanın Azərbaycanın Qarabağ regionunda göstərməyə çalışdığı fəallıq məhdudlaşmağa başlayacaq.

Digər tərəfdən, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan erməni sakinlərlə müzakirələri də Rusiyanın nəzarətindən çıxartmaqda qərarlı görünür. Belə ki, sonuncu belə görüş Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmişdi. İndisə, Azərbaycanın siyasi dairələri növbəti görüşün məkanını dəyişmək niyyətində olduqlarını qətiyyən gizlətmirlər.

Artıq rəsmi Bakı bu barədə çağırış da edib. Belə ki, Prezident Adminitrasiyasından verilən açıqlamada Azərbaycanın Qarabağ regionunun erməni ictimaiyyətinin təmsilçilərinə ikinci görüşü paytaxt Bakıda keçirilməsini təklif edib. Əgər, həmin görüş baş tutarsa, reintiqrasiya və infrastruktur layihələrin reallaşdırılmasının müzakirə ediləcəyi bildirilib.

Təbii ki, rəsmi Bakının bu çağırışına Xankəndidən veriləcək reaksiya və cavab böyük maraq doğurur. Çünki əgər, ermənilər reintiqrasiya da daxil olmaqla, mövcud bütün problemlərin həllində maraqlıdırsa, görüşə qarşı çıxmamalıdırlar və Azərbaycan paytaxtına səfərə razılıq verməlidirlər. Əks haldasa, onların Rusiya sülhməramlı qüvvələrin himayəsi altında müzakirələri manipulyasiya etməyə çalışdıqları növbəti dəfə təsdiqlənəcək.



Onu da qeyd etmək lazımdır ki, Rusiyanın bu prosesdən kənarlaşdırılması olduqca vacibdir. Birincisi, Xankəndi və ətraf bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu bölgə ilə bağlı istənilən məsələnin həlli də məhz Azərbaycanın daxili işidir. Yəni, bu məsələnin Rusiya da daxil olmaqla, heç bir xarici ölkəyə aiddiyyatı yoxdur.

Ona görə də, Rusiyanın bu prosesdə hər hansı formada iştirakı və ya vasitəçilik cəhdi yolverilmıəzdir. Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələrin hər hansı təmaslarda vasitəçilik statusuna malik olmaq səlahiyyəti yoxdur. Və bütün bunları da nəzərə aldıqda, rəsmi Bakının Rusiyanın iştirakı olmadan Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərlə müzakirələr aparmaq niyyəti tamamilə başadüşüləndir.

Ancaq müşahidələr göstərir ki, Kreml və rəsmi İrəvan hadisələrin belə inkişafından qətiyyən məmnun deyillər. Hətta rəsmi Bakının prinsipial və qətiyyətli addımlarına qarşı ortaq müqavimət cəhdləri göstərdikləri diqqətdən yayınmır. Bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın yenidən Rusiya prezidenti Vladimir Putinə telefinla zəng etməsi qətiyyən təsadüfi deyil.

Kremldən yayılan məlumata görə, “hərbi müttəfiqlər” – V.Putin və N.Paşinyan üçtərəfli anlaşmaların yerinə yetirilməsinin praktiki aspektlərini müzakirə ediblər. Azərbaycan-Ermənistan sərhəd bölgəsində sabitliyin və təhlükəsizliyin təmin edilmə yolları, eləcə də, sülh sazişinin hazırlanması ətrafında fikir mübadiləsi aparıblar. Kreml sahibi V.Putin “Qarabağda yaranmış problemlər”in rus sülhməramlılarla təmas qurmaqla, konstruktiv şəkildə həll edilməsinin vacibliyini vurğulayıb.



Məsələnin ziddiyyətli tərəfi də məhz Rusiya prezidenti V.Putinin dediklərində gizlənir. Çünki hazırda Cənubi Qafqazda qeyri-sabitliyə hədəflənmiş təxribatlar elə Rusiya və Ermənistan tərəfindən ortaq şəkildə törədilir. Artıq uzun müddətdir ki, Rusiya sülhməramlı qüvvələri Ermənistandan Azərbaycanın Qarabag regionuna erməni separatçı-terrorçular üçün silah-sursat və hərbi texnika daşıyırlar. Və Azərbaycan Müdafiə Nazirliyinin sərt reaksiyasına baxmayaraq, erməni-rus təxribatları davam edir.

Digər tərəfdən, Kremlin və rəsmi İrəvanın tez-tez istinad etdiyi üçtərəfli anlaşmaların tələblərinə zidd olaraq, Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazilərindən çıxarılmayıb, qeyri-qanuni erməni separatçı-terror dəstələri tərksilah olunmayıb. Yəni, Rusiya və Ermənistan ortaq şəkildə üçtərəfli anlaşmaları kobud şəkildə pozurlar. Rus-erməni ortaq təxribatlarının həmin sənədlərin hüquqi qüvvəsini şübhə altına saldığı da artıq inkaredilməz reallıqdır.

Ona görə də, Kreml sahibi V.Putinin “Qarabağda yaranmış problemlər”in rus sülhməramlılarla təmas qurmaqla, konstruktiv şəkildə həll edilməsinin vacibliyini vurğulaması tamamilə absurd görünür. Hər halda, Ermənistandan erməni separatçı-terrorçulara silah-sursat və hərbi texnika daşıyan rus sülhməramlılarla təmasların hansı problemin konstruktiv şəkildə həllinə imkan verə biləcəyini məhz Kreml sahibi izah etməlidir. Yəqin ki, belə bir situasiyada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanmasının mümkünlüyünə Kremldəkilərdən başqa heç kim inanmaz və ciddi yanaşmaz.(müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar