Haqqın qatlanmaz dizi var, hər gecənin gündüzü var...

07 Sentyabr 2020 11:06    1345 Baxış   
Haqqın qatlanmaz dizi var, hər gecənin gündüzü var...
Dominant.az Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin (Mərcanlı) yei şeirlərini təqdim edir:

HARAN AĞRIYIR, VƏTƏN...

Üzüm gəlmir deyəm sənə
Yaran var ki ağrımasın?!
Əzilməyən, tapdanmayan
Haran var ki ağrımasın?!
Məlhəmin yad əlindədir,
Sinəsi yaralı Vətən!
Dərbənddən əli üzülən,
Təbrizdən aralı Vətən!
Dərəliyəzdə gülmür üzün,
Borçalı dərdin göynəyir.
Qılıncı qında paslanan
Ərənin-mərdin göynəyir.
Zəngəzurda ovxalanıb,
Göyçədə xar olan Vətən!
Oba-oba itirilən,
Meydanı dar olan Vətən!..
Murov, Hocaz, Kirs vüqarlı
Qeyrət simvolun dipdiri!
Şuşaya boylanıb baxan
Cığırın-yolun dipdiri!
Qarabağın nalə çəkir,
Bitməyib cəngin-savaşın.
Qana-qan, ölümə-ölüm
Deyir hər dağın, hər daşın...
Dalğalansın oba-oba
Üç rəngli bayrağın, Vətən!
Könülləri şad eləsin
Hər yanda növrağın, Vətən!..
Hələ yaxan yad əllərdə,
Qövr eləyən yaran dərin.
Bircə himə bənddir elə,
Yaralı şirə bənzəyən
Batmanqılıc ərənlərin!..
Axı, indi necə deyim,
Haran ağrıyır, ay Vətən?!
Canım sənə fəda olsun,
Bilirəm, zəfər soraqlı
Yaran ağrıyır, ay Vətən!..
ÖMÜRDÜ DƏƏ… YAŞAYIRAM

Əzəlindən, axırından halıyam,
İç üzündən, paxırından halıyam.
Gəlirindən, çıxarından halıyam -
Tərifləyib, satası ki deyiləm!

Ürəyimə yol tapmayıb hər dinən,
Nə sirrimi var bölüşmüşəm mərdinən.
Doğulandan qol-boyunam dərdinən -
Bəxtin əlvan butası ki deyiləm!

Gedən getdi… vay halına qalanın,
Tamah dişi çox itidir talanın…
Dili pəltək, gözü qıpıq yalanın -
Kölgəsində yatası ki deyiləm!

Gizli-aşkar ötən anlar çox yeyin,
Ümu-küsü uşaq kimi ərköyün.
Boz sifətli məzəmmətin, gileyin -
Zülmətində batası ki deyiləm!

Boş xülyalar solğun üzlü saçaqmış,
Xatirələr tüstülənən ocaqmış.
Yamanlığın bir ayağı qaçaqmış -
Ha qovsam da, tutası ki deyiləm!

Mənimkidir yaxşısı da, pisi də
Canımdadır tüstüsü də, hisi də.
Çox şirindir avandı da, tərsi də -
Bəxtin səhvi, xətası ki deyiləm!..

Nə nisgilin köləsiyəm, nə ahın
Ətəyindən tutmamışam günahın.
Şairliyim töhfəsidir Allahın -
Sözə haram qatası ki deyiləm!

Tanıyıram, həm sevincdir, həm qəhər,
Həyat ona gah bal qatıb, gah zəhər.
Ömürdü dəə, yaşayıram birtəhər -
Tapdalayıb atası ki deyiləm!
SANMAYIN YETƏN ÖLƏCƏK

Artıb-çoxaldıqca qiymət-qədir
Biləcəyik sevgi nədir.
Torpaq bir dolu təknədir,
Nə sünbül, nə dən öləcək.

Haqqın qatlanmaz dizi var,
Hər gecənin gündüzü var.
Taleyin min bir üzü var,
Kim bilir nədən öləcək?

Tanrının qadir əlləri
Qoruyacaq yenə yeri.
Ruhumuz qalacaq diri,
Ölsə də bədən öləcək.
Dərd nə bir, nə də ikidir,
Həyar hər şeyin ilkidir.
Ölüm haqqı bizimkidir,
Əcəli yetən öləcək...
YAMANCA KÜR İMİŞSƏN HA

Xoş sözdür yadında qalan,
Dilinə yatmayıb yalan.
Deyəsən dili lal olan
Gizli bir sirr imişsən ha!

Hələ bəxtin ötməz gendən,
Çəkinmirsən səsdən-ündən.
Xəyalında əzəl gündən
Sevgiylə bir imişsən ha!

Halallıq ismətin-həyan,
Yad baxışlar sənə ayan.
Yetənin əli çatmayan
Saf inci-dürr imişsən ha!

Axı, nədir ki, günahın,
Köksünə sığmayır ahın?
Bir dili yanmış bədxahin
Gözündə tir imişsən ha!

Çatmısan ömrün yazına,
Hər söz yatmır avazına.
Dözmək çətindir nazına,
Yamanca “kür” imişsən ha!..
QOYMADILAR

Hər anım yarpaq tökümü,
Kəsdilər dibdən kökümü.
Öz əlimlə öz yükümü
Daşımağa qoymadılar.
Kəsdi qarşımı naşı da,
Gördüm cəngi-savaşı da.
Gücüm çatan bir daşı da,
Aşımağa qoymadılar.

Gah batırdılar səsimi,
Gah kəsdilər nəfəsimi.
Öldürdülər həvəsimi,
Yaşamağa qoymadılar.
ÜŞÜSƏN, YERİNİ DE

Kim sənə səmt düşə bilər,
Kəsmişəm bəndi-bərəni.
Bu gecə yaman soyuqdur,
Açıq qoyma pəncərəni.

Quruca nəfəsim qalıb,
Nəyim var ki, verim sənə?
Üşüsən bildir yerini,
Qəlbimi göndərim sənə.
GƏLDİM

Dünyanın hər üzünə
Olmadım halı, gəldim.
Nə atlı, nə dəvəli,
Nə barxanalı gəldim.

Şaxtalı qışı gördüm,
Qarı-yağışı gördüm.
Eniş-yoxuşu gördüm,
Dolandım yalı, gəldim.

Təzə arzu-həvəsdim,
Yaşamağa tələsdim.
Zülmət qarşımı kəsdi,
Azadım yolu, gəldim.
Üstümə yağanda daş,
Bildim nəymiş cəng-savaş.
Dünyaya əlləri boş,
Ürəyi dolu gəldim.
VAXT

Yalan bir anlıq tufandı,
Üzülən ürəkdi-candı.
İşin də tərsi-avandı -
Yükün də əyən vaxtı var.

Kölgəsi nə gəzir külün,
“Xəncəri” itidir dilin.
Möhlət bitəndə əcəlin -
Qapını döyən vaxtı var.

Rəngi dəyişəndə səsin,
Qar yağır üstə həvəsin.
Bələkdən sonra hər kəsin -
Kəfəni geyən vaxtı var.

Məqam var ki, susmaq ayıb,
Qorxağı kim igid sayıb?
Böhtanın qana susayıb -
Kimisə yeyən vaxtı var.

Hər kəlmədə bal olmur ha,
Ələmdə sağ-sol olmur ha...
Vaxt həmişə kal olmur ha -
Vaxtın da dəyən vaxtı var.
ŞAİR

Sevgisi qəlbi coşduran,
Gəlini-qızı çaşdıran.
Baxışı göz qamaşdıran-
Yetənə vurulan şair.
Tüstülənər hər yaşında,
Tapar dilini daşın da.
Bir qəfil söz savaşında-
Düyməsi qırılan şair.

Gizlətməz başını qında,
Bənd olan deyil heç yanda.
Tək bircə göz qırpımında-
Bulanıb-durulan şair.

Qədrini nə bilir naşı,
Qəzəbi də ər savaşı.
Nadanla getsə yanaşı-
Usanıb yorulan şair.

Ömrü-günü verməz bada,
Ağzı sözlə gələr dada.
Sınmayır dar ayaqda da-
İçindən qırılan şair.



Qeyd edək ki, İsmayıl İmanzadə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Rayonun işğalından sonra müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. İyirmi səkkiz kitab müəllifidir. “Səni soraqlaram” adlı ilk şeirlər kitabı 1980-ci ildə “Gənclik” nəşriyyatında çap olunub. Qırxa yaxın şeirinə mahnı yazılıb. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün nəşr olunan müntəxəbatda yer alıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar