İnsan yaşadığı müddətdə tək öz tarixini yazmır...

29 İyun 2021 11:37    1387 Baxış   
İnsan yaşadığı müddətdə tək öz tarixini yazmır...


İnsan özünü dərk edəndən ta həyatının sonunadək ömür kitabının səhifələrini zənginləşdirməyə, çevrəsi və özündən sonrakılar üçün bir tarix yazmağa çalışır. Hərə də buna bir cür nail olur. Kimi daha zəngin, kimi də öz elmi və fiziki gücünə uyğun bir ömür yaşayır, tarix yazır. Elələri də olur ki, verilən ömrü tamamilə hədər yaşayır.

Əgər ömür vəfa etsəydi o, şərəflə yazdığı ömür tarixini daha zəngin edə bilərdi. Özü də o yazdığı ömür kitabı tək bir nəslin, səcərənin tanıtımı üçün deyildi. O tarixdə minlərlə gəncin elmi potensialı, gələcəyə baxışı, həyata hazırlanması tamamlanırdı və hələ bu yolun sonu haqqında düşünmək kimsənin belə ağlına gəlmirdi.

Azərbaycan Dövlət Aqrar Universitetin müəllimi İlham Kərimovu deyirəm. Ömür vəfa etsəydi iyun ayının 29-da onun 60 yaşı tamam olacaqdı. Həmin gün ailəsi də, iş yoldaşları da, ümumiyyətlə tanıyanların hər biri onun yubileyini özü olmadan qeyd edəcək, haqqında fikirlər bildirəcək, və Allahdan rəhmət diləyəcəklər. İlham müəllim az yaşadı. Amma ləyaqətlə, qürurla, içindəki insanlıqla yaşadı. Cəmiyyətə yararlı oldu. Gənclərin dostuna, sirdaşına çevrildi, kadr hazırlığında sözünü deyə bildi. Öz üzərində daim çalışdı. Yenilikləri usanmadan öyrəndi. Öyrəndiyi qədər də tələbələrinə öyrədə bildi. Onun keçdiyi yola qısaca nəzər salmaq kifayətdir ki, yarımçıq qalan ömrün əslində tam bir ömrə bərabər olduğu anlaşılsın.

İlham Cəmil oğlu Kərimov 1961-ci ildə Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhərində 4 nömrəli pilot məktəbinə birinci sinifə gedib, 1978-ci ildə məktəbi qızılı medal ilə bitirib. Həmin ildə Azərbaycan Kənd Təsərrüfatı institutunun ( indiki ADAU ) kənd təsərrüfatının elektrikləşdirilməsi fakültəsinə daxil olub. 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib və mühəndis-elektrik ixtisasını alıb. İnstitutu bitirdikdən sonra təyinat üzrə Abşeron mərkəzi biolaboratoriyasında baş mühəndis-energetik vəzifəsində çalışıb. Həmin ildə istehsaltdan ayrılmaq şərti ilə AzETKTMEİ-nun aspiranturasına qəbul olub. 1987-ci ildə oranı bitirib, həmin institutda elmi işçi vəzifəsinə qəbul edilib və orada müxtəlif vəzifələrdə işləyib. 1989-cu ildə Rusiya Federasiyasının Çelyabinsk şəhərindəki K/T-nın Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun ixtisaslaşdırılmış şurasında müvəfəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək “05. 20. 02 Kənd təsərrüfatı istehsalatının elektrikləşdirilməsi” ixtisası üzrə texnika elmləri namizədi alimlik dərəcəsini alıb. 1995-ci ildə AKTA-nın (ADAU) “Elektrik enerjisinin kənd təsərrüfatına tətbiqi” kafedrasına assistent vəzifəsinə işə götürülüb. 1997-ci ildən dosent əvəzi, 1999-cu ildən dosent, 2006 – 2008-ci illərdə kafedra müdiri vəzifəsində çalışıb. 2011 – 2012 –ci ildə dekan muavini, 2012 – 2015 – ci illərdə kafedra müdiri vəzifəsində də özünü təsdiq edə bilib. Vəfatınadək ADAU-nun “Aqrar istehsalatının enerji təminatı” kafedrasının dosenti olub.

2018-2019-cu illərdə Estoniya, Tartu Aqrar Universiteti rəhbərliyi həmin tədqiqat sahəsində dəyərli bir alim olduğu üçün danışıqlar aparıb İlham Kərimovu Avropa Birliyi layihəsinə dəvət edib. Tədqiqat bitdikdən sonra əldə olunan uğurlu nəticələrə, gösətdiyi performansa və dəyərli bir alim olduğuna görə Avropa Birliyi tərəfindən İlham Kərimova 5 illik oturum izni (yaşamaq və çalışmaq hüququ) verilib və İsveçrə bankında hesab açılıb. Proyektin mövzusu isə “Buğdanın qurudulmuş hava ilə qurudulmasının və onun əsasında buğdanın yığımdan sonra emalı və saxlanmasının yeni texnologiyasının tədqiqi” olub. Estoniyada çalışdığı müddətdə Rusiya, Cexiya, Polşa, Slovakiya, Sloveniya, Xorvatiya, Avstriya və Macarıstan Respublikalarına işgüzar səfərlər edib. 90-na yaxın elmi məqalənin və bir neçə dərslik və dərs vəsaitin müəllifidir.

İlham Kərimov 2021-ci ilin fevral ayında haqqın rəhmətinə qovuşub.

İlham müəllim ziyalı ailəsində dünyaya gəlib, formalaşıb, elmə təhsilə marağını püxtələşdirib. Atası Cəmil Kərimov 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. 1954-cü ildə kənd məktəbini qurtararaq Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universitetinə) qəbul olumuş, 1965-ci ildə Aspiranturanı bitirərək dissertasiya müdafiə etmiş, kənd təsərrüfatı elmlər namizədi alimlik adı almışdır. 1965-1966-cı illərdə Azərbaycan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. 1966-cı ildən ömrünün sonuna qədər Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) elmi işçi, assistent, dossent, Həmkarlar Komitəsinin Sədri və Xalq Nəzarət Komitəsinin Sədri vəzifələrində işləmişdir.

60-dan çox elmi məqalənin və bir neçə dərs vəsaitin müəllifi olmuşdur. Bir neçə aspirantın rəhbəri kimi onların alim kimi yetişməsində böyük rol oynamışdır.

İlham Kərimov həm də bu cəmiyyət üçün iki ləyaqətli övlad böyüdüb. Böyük oğlu Musa Kərimov 2011-ci ildə Sankt-Peterburg Dovlət İqtisadiyyat Universitetinə daxil olub (Bakalavr, Dünya iqtisadiyyatı) 2015-ci ildə bitirib. Hazırda Macarıstanda Kapoşvar Univarsitetində Regional və Ekoloji İqtisadiyyat ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirir.

İkinci oğlu Mehman Kərimov isə 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub (Bakalavr, Mühasibat uçotu və audit) və 2014-cü ildə fərqlənmə diplomu bitirib. 2016-2018-ci illərdə Macarıstanda Kapoşvar Univarsitetində Regional və Ekoloji İqtisadiyyat ixtisası üzrə magistratura pilləsində təhsil alıb. 2018-ci ildən Macarıstanda Kapoşvar Universitetinin Doktoranturasında təhsilini davam edir. (Menecment və təşkilatçılıq elmi). Eyni zamanda Professor assistantı kimi Kapoşvar Universitetində çalışıb. 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mikroiqtisadiyyatdan Bakalavr tələbələrinə dərs keçib. Hazırda ADAU-nun Maliyyə və Nəzəriyyə kafedrasının müəllimi vəzifəsində çalışır.

Bax bütün bunlar bir daha İlham Kərimovun əsil alim, ata, ailə başçısı olduğunu göstərir və ailənin inkişaf təməlinin möhkəm bünövrə üzərində qurulduğunu deyir.

Yeri gəlmişkən, deməliyəm ki, ADAU son zamanlar təkcə yenilikçi təhsil müəssisəsi kimi tarixin yaddaşına yazılmır. Burada böyük səmimiyyət, İşgüzarlıq, bütün məqamlarda bir-birinin yanında olmaq kimi insani amillər də köklü formada höküm sürür. Bu da təbii ki, Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun böyük bir kollektivə əsil insan kimi rəhbərlik etməsindən, fərdi qaydada əməkdaşları ilə maraqlanmasından irəli gəlir. İlham Kərimovun oğlu Mehman Kərimovun atasının ölmündən sonra Universitetə müəllim kimi işə qəbul edilməsi də səmimiyyətin və qayğının təzahürüdür. Az öncə dediyimiz kimi Mehman ADAU-nun məzünu olub və Macarıstanda magistratura pilləsində təhsil alıb. Bu eyni zamanda həm də təhsil müəssisəsində gəncləşmə siyasətinin daim diqqətdə saxlanmağı deməkdir. İndi Mehman atasının və babasının ruhu dolaşan təhsil müəssisəsində müəllim kimi çalışır və bunu da İbrahim Cəfərov idarəetməsinin zirvə nöqtəsi hesab etmək olar.

“Bu gün biz İlham müəllimi tanıyan, onunla birlikdə çalışan iş yoldaşları kimi doğum günündə onu xatırlamağı özümüzə bir vəfa borcu bildik. Allah rəhmət eləsin, ruhu şad olsun.” Bu sözləri Elektirik mühəndisliyi kafedrasının müdiri, dosent Mahir Bağırzadə deyib. Mahir müəllim onu da əlavə edib ki, biz İlham müəllimlə həm Elmi tədqiqat institunda, həm də ADAU-da birlikdə işləmişik. O yaradıcı, elmi axtarışlarını daim artıran bir müəllim idi. Tələbələri onu çox sevirdi. Müəllimlər arasında da xüsusi hörmət qazanmışdı. İlham müəllimlə birlikdə istehsalatda da xeyli iş görmüşük. Ətraf Goranboy, Samux, Şəmkir rayonlarında 3 mindən çox subartezian nasoslarının sayğaclaşmasında bilavasitə iştirak etmişik. Bundan əlavə texnoloji proseslərdə mühafizə aparatlarının sınağı və tətbiqi ilə də məşğul olmuşuq. İlham müəllim elmi texniki yeniliyin tərəfdarı olub, onların tətbiqində fəal iştirak edib. Onun vaxtsız ölümü əslində elmimiz üçün itki idi. Bu onu tanıyanların hamısını sarsıdıb. Söhbət etdiyim digər müəllim yoldaşlarından Eldar Zeynalov, Nemət Hacıyev, Saləddin Hüsynov, Elçin Atayev, Namik Davudov, Əziz Cəlilov da İlham Kərimovun bacarıqlı alim, səmimi insan və tələbənin ən yaxın dostu olduğunu dedilər, ruhu qarşısında ehtiramlarını bildirdilər.

Ölüm haqqdır və bir az tez, bir az gec hamının qapısını döyəcək. Amma insanı yaddaşlara yazan, həmişə xoş münasibətlə xatırladan bir həqiqət də odur ki, nə üçün yaşadığını bilirsən, yaşadığın ömrü yaddaşlara köçürürsən. Belə ömür sahibləri isə Azərbaycanda çoxdur və bu çoxluqda İlham Kərimovun da yeri var.

Ruhun şad, məkanın nurlu, sənsiz keçən 60 yaşın mübarək olsun, İlham müəllim.


Qalib RƏHİMLİ









Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar