Klarnetçalan Rafoşa ömürlük toy tutdular...

03 Avqust 2020 13:36    744 Baxış   
Klarnetçalan Rafoşa ömürlük toy tutdular...
“Ay Rafik, ay Rafik”

Hava soyuq idi. Rəfoş “Dom pioner”dəki otağında oturmuşdu. Pəncərədən yağan qarı seyr edirdi. Cibində pulu da azalmışdı. Toy sezonu olmadığından bütün musiqiçilər kimi Rəfoş da klarnetini və saksafonunu evdə çarpayının altına qoymuşdu. Naxçıvanın darıxdırıcı həyatı onu dilxor edirdi. Bilmirdi, hansı işin qulpundan yapışsın.

Bu vaxt dəhlizdən ayaq səsləri gəldi. Amma bu səs ayaqqabı yox, çəkmə səsinə oxşayırdı. Qapı aramsız döyüldü. Rəfoş diksindi. “Kimdi?” deyən kimi qapını bir rus mayoru ilə “Dom pioner”in müdiri Nizami Həmzəyev açdılar. Mayor başıyla işarə edib soruşdu ki, budur? Nizami müəllim: “Bəli, bəli”, - dedi.
Rəfoşu qorxu basmışdı. Belə səs-küyə öyrəşməmişdi. Nizami müəllim xırıltılı səsiylə dedi: “Rəfoş, səni general Katkov çağırır.” General Katkov Naxçıvandakı Sovet qoşunlarının komandiri idi.

Rəfoş həyəcanlandı. Əfqanıstan müharibəsi təzə başlamışdı. Qorxdu ki, yəqin ora aparacaqlar. Evə zəng vurmaq istədi, qoymadılar. Hərbi “Vilis”ə mindirib yollandılar Rəfoşun evinə, klarneti götürüb sonra diviziyaya apardılar.

Rəfoş diviziyanın qapısına çatanda “23 fevral” yazısını oxuyub rahatlaşdı. Çünki həyətdə bayram əhval-ruhiyyəsi vardı. Mayor bildirdi ki, həyəcanı kənara qoy, parad olacaq indi: “Rus əsgərlərindən ibarət orkestrimizdə klarnet ifaçısı xəstələnib. Ona görə, təcili səni gətirdik. Sovet hərbi marşları səslənəcək. Sən bizə kömək edəcəksən.”

Rəfoş dərhal not istədi. Mayor not vərəqlərini ona gətirəndən sonra binanın bir küncünə çəkilib züm-zümə etdi. Alınırdı.

Parad başladı. Əsgərlər siravi marşla tribunanın önündən keçirdilər. Rəfoş, özü də bilmədən, sovet hərbi marşlarına muğam rəngləri edirdi. Bunu anlayan general Katkov Rəfoşa tərəf baxdı. Baş barmağı ilə əla işarəsi göstərdi. Rəfoş isə öz işində idi. “Katyuşa” mahnısı ifa olunanda Rəfoş milli barmaqlarla elə şirinliklər edirdi ki, sanki paradda yox, mağar toyundaydı.

Parad bitəndən sonra Rəfoş evə qayıtdı. General Katkov hədiyyə olaraq ona “Krasnıy Moskva” odekalonu və 100 rubl pul vermişdi.

Bu əhvalatdan, təxminən, iki il keçmişdi. Rəfoş anasıgildə həyətdə oturmuşdu. Bu zaman DTK əməkdaşı Qibləli qapını açdı. Rəfoş onu tanıyırdı.

Qibləli içəri keçib salamsız-sabahsız oturdu Rəfoşun yanında. Rəfoş dinmirdi. Qibləli qrafindən stəkana su süzdü. Qurtuldada-qurtuldada içdi, sonra masanın üstündəki içli kökədən dişlədi və dedi.

- Gedək.

Rəfoşu sanki tok vurdu. “Hara?” deyə bilmədi. Qibləli gözüylə işarə etdi ki, evdəkilər bilməsin, dur gedək.

Rəfoşu DTK-nın binasına gətirdilər.

Uzun kabinetdə balacaboy komitə sədri oturmuşdu. Rəfoş içəri daxil olan kimi DTK sədri Nəriman Şamoyeviç qışqırdı: “Sən Katkovu hardan tanıyırsan?”

Bir anlıq Rəfoş özünü itirdi. Çünki iki il bundan əvvəl görüşdüyü generalın soyadını yaddan çıxarmışdı. Komitə sədri elə hey çığırır, onun Katkovla nə əlaqəsi olduğunu öyrənmək istəyirdi.

Rəfoş anidən xatırladı:

- Yoldaş sədr, mən Katkovla görüşməmişəm. O, burda diviziya komandiri olanda məni orkestrdə klarnet çalmağa çağırmışdılar. Qalanını bilmirəm.

Sədr, köməkçisinə əlində tutduğu məktubu oxumağı əmr etdi. Məktubda Naxçıvanı xeyli tərifləyən Katkov, sonda Rəfalət Kərimovu Çexiyanın Brno şəhərinə dəvət etdiyini yazırdı.

Sədr ayağa qalxdı. Rəfoşa tərəf çevrilib dedi:

- Özün bil, gedirsən get. Amma bir Sovet vətəndaşı kimi bu, gələcəkdə sənə pis təsir edə bilər. Bir də ki, Naxçıvanda toylara gedirsən, “Dom pioner”də işləyirsən, nəyin əskikdir? Başını sal aşağı işlə daa!
Rəfoş məyus halda Böyük bağda Qadirin çayçısında bir stəkan çay içib gəzməyə başladı. Qarşısına Məmməd Abbasov çıxdı. O, Vilayət Partiya Komitəsində şöbə müdiri idi. Rəfoşu yaxşı tanıyırdı. Rəfoş başına gələni ona danışdı. Məmməd müəllim saga sola baxıb Rəfoşa tərəf əyilib “Ay Rəfoş, ağlın olsun, çıx get, bir gün gör” - dedi.

Rəfoş evə qayıtdı. Anası Günəş göyərti arıtlayırdı. Rəfoş ona yaxınlaşıb dilxor-dilxor Brnoya gedəcəyini bildirdi. Günəş göyərtini yerə atıb qışqırdı:

- Bircə bu qalmışdı. Hansı xarabadır ora? Niyə gedirsən? Mən də sənə toy eləməyə hazırlaşıram!!! Ay havarrrrr!!

Rəfoş elə bu cavabı gözləyirdi. Yenə eyni hava çalınacaqdı. Ayağa qalxıb həyətə düşmüşdü ki, birdən qonşuları Camal əmi içəri girdi. O, bel almağa gəlmişdi. Günəş xala Camalı görcək deyinməyə başladı:

- Görürsən bu avaranı? Deyir, gedirəm bilmirəm Brındı nədi, ora.

Camal Rəfoşdan nə baş verdiyini soruşdu. Rəfoş ona hər şeyi başa salandan sonra Camal əmi üzünü tutdu Günəşə:

- Ay Günəş, imkan ver, getsin, uşağın bəxtini bağlama. Əfqanıstanda da müharibə başlayıb. Birdən apararlar. Yaxşısı budur, qoy getsin o Brındı haradı ora.

Bir ay sonra Rəfoş Brnonun “Turjanı” hava limanında idi.

Çexiyanın Brno şəhəri. Rəfoş Naxçıvanın tozlu-torpaqlı küçələrindən keçərək ayaqqabısında gətirdiyi palçığı Brno şəhərinin təmiz asfaltına tökəndə başa düşdü ki, hardan hara gəlib.

General Katkov Rəfoşu otağında qəbul etdi. Naxçıvandan danışdılar. General, Rəfoşun klarnet ifasına vurulduğunu bildirdi. Hərbi marşları muğam üstündə ifa etməsindən danışıb xeyli gülüşdülər. Axırda da Rəfoşu hərbi orkestrə rəis təyin etdilər.

Gözəl və bəxtəvər günlər başladı.

Çexiyanın həyat tərzinə öyrəşmək, təbii ki, çətin idi, amma Rəfoş tezliklə uyğunlaşdı. Hərbi orkestrin rəhbəri kimi tez-tez tədbirlərdə olur, festivallara qatılırdı, geri – Naxçıvana qayıtmaq heç ağlına da gəlmirdi.
Beləcə, iki ilin necə keçdiyini hiss eləmədi Rəfoş. Ta ki…

Bir gün polkovnik Padarov Rəfoşu yanına çağırıb general Katkovun onu görmək istədiyini söylədi. Rəfoş qəbul otağına yaxınlaşanda generalın katibəsi Lyüdmila Vasilyevna ona tərs-tərs baxıb dodağının altında: “Ay Rafik, ay Rafik”, - dedi. Heç nə anlamayan Rəfoş müəmma içində generalın otağına daxil oldu. Hərbi geyimdə olmasa da, generalın ciddiyyətini görüb qeyri-iradi hərbi salam verdi.

General:

- Ay Rafik (general ona Rafik deyə müraciət edirdi), bilirsən ki, səni çox istəyirəm. Sənətkarlığını isə xüsusən. Səni ucqarlardan gətirdim.

Rəfoş:

- Çox sağ olun, yoldaş general.

General:

- “Sağ ol”unu saxla. Mənim “sağ ol”a ehtiyacım yoxdu. Sizin bir dramaturqunuz var. Onun cəmi bir əsərini oxumuşam, özü də filminə baxandan sonra. Nə idi onun adı?..

Rəfoş:

- Yoldaş general, bilmədim kimi deyirsiniz.

General:

- Hə tapdım - Axundov. “Dərviş Parisi partladır.” Baxmısan, yəqin, o filmə.

Rəfoş:

- Bəli.

General:

- Mən düşünürdüm ki, siz bir daha onun qəhrəmanlarının gününə düşməzsiniz. Ancaq, sən demə, davam edirsiniz… - Bir qədər pauza verdi. - Nə isə. Keçək əsas məsələyə.

Rəfoş dilxor olmuşdu. Nə səhv etdiyini fikirləşdi. General qarşısındakı “Göy göl” konyakını qədəhlərə süzdü. Rəfoşa da təklif edəndən sonra sözünə başladı:

- Rafik, Naxçıvandan hər ay məktub gəlir.

- DTK-dan?

- Yox, əşiii. Ordan gəlsəydi nə vardı ki… Sizin evdən. Anan yazır. Mən iki ildi, bunları gizlədirdim, səni işindən, xoşbəxt həyatından qoparmaq istəmirdim, ancaq artıq dözə bilmədim. Anan hər məktubunda məni tənqid və təhqir edir. Deyir ki, oğlumu əlimdən almısan.

- Yoldaş general!

- Dayan. Konyakını iç. Sonuncu məktubda da yazıb ki, əgər oğlumu qaytarmasan, neft töküb özümü yandıracam. Hətta SSRİ Müdafiə naziri yoldaş Ustinova yazacağını deyir. Ən çox da ondan qorxuram ki, anan Axundovun əsərindəki kimi falçı tapıb Brnonu partladar.

General gülümsəyərək siqaretini yandırdı. Pəncərəyə yaxınlaşdı.

- Rafik, mən 5 il Naxçıvanda komandir oldum. Sizləri yaxşı tanıyıram. Ailəyə çox bağlısınız. Mənim bir övladım var – Yelena. Sən də tanıyırsan. Keçən dəfə ad günündə görmüsən. Sözümə qulaq as. Gəl sizi evləndirim. Nəyim varsa, sənin olar. Amma sən bir də oralara qayıtma. Moskvada, Peredelkinoda bağ evimi də sənə verəcəm. Hələ istəyirəm, səni Praqa Konservatoriyasına qəbul etdirim.

Rəfoşu tər basmışdı. Hətta generalın son cümlələrini belə eşitmədi, dilxor vəziyyətdə, icazə almadan otağı tərk etdi.

Dəhlizdə generalın katibəsi Lyüdmila Vasilyevna dodağının altında deyinirdi: “Ay Rafik, ay Rafik”…

Əslində, general gümanında yanılmırdı. Hər ay qonşunun oğlu Məşəbaşıya məktub yazdırıb poçtla göndərən Günəş xala, Rəfoşdan xəbər çıxmadığını görəndə əlacsız qalıb qonşu Zümrüd arvadla “baxıcı” Hüseynə üz tutmuşdu. Hüseyn kişi də Quranı ora-bura çevirib demişdi ki, oğlun yaxın günlərə qayıtmasa, elə bir dua yazacam ki, o Brnodu nədi, oranı alt-üst edəcəm. Günəşin ürəyi rahatlamışdı.

Bir ay sonra polkovnik Padarov Rəfoşa yaxınlaşdı. Qoltuğundakı qovluğu ona uzadaraq “yoldaş general sənin Naxçıvana qayıtmağını istəyir”, - dedi. Rəfoşun anası sonuncu məktubu öz adından yazmamışdı. Məktub qonşusunun bacısı qızı Məhsətinin adından idi. Məshəti, Günəşin artıq fikirdən öldüyünü yazırdı. Əlacsız qalan general Rəfoşu birdəfəlik Naxçıvana göndərmək qərarına gəlmişdi.

Rəfoş Naxçıvana qayıtdı. Dəmir yolu vağzalında onu məhlə uşaqları Qırıx, Qudan, Cını, Qiya, İli, Dımıqi və Məşabaşı qarşıladı. Rəfoş anasını soruşa-soruşa ağlayırdı. Çuxur məhəlləsinə çatıb uzaqdan mağarı görəndə hönkürtüsünü saxlaya bilmədi. Amma taksidən düşəndə mollanın səsi əvəzinə başqa səslər eşitdi, qarşısında yas əvəzinə başqa mənzərə açıldı. Klarnetçi Əkusta, nağaraçı Pənah, qarmonçu Ələs ucadan vağzalı çaldılar. Günəş xala sapsağlam mağardan küçəyə atılıb oynaya-oynaya Rəfoşun qarşısında süzdü. Rəfoş qorxudan bilmədi neynəsin.

Rəfoşu evləndirdilər və bir də harasa getməyi ağlının ucundan belə keçirməsin deyə, ömürlük toy tutdular.

Tahir Tahiroviç



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar