Mediasiya sahəsində növbəti səmərəli əməkdaşlıq qurulur

20 Oktyabr 2022 15:55    3002 Baxış   
Mediasiya sahəsində növbəti səmərəli əməkdaşlıq qurulur

18 oktyabr 2022-ci ildə Xəzər Universiteti ilə Bakı 15 saylı Mediasiya Təşkilatının arasında görüş keçirilib.

Görüşdə Xəzər Universitetinin rektoru İradə Xəlilova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Mediasiya Şurasının üzvü, Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev və Mediasiya üzrə milli təlimçi Natiq Məmmədov iştirak ediblər.

Görüşdə tərəflər biznesin aktual problemlərinin həllində rol oynaya biləcək yeni ixtisasların açılmasına dair araşdırmaların aparılması məqsədi ilə qarşılıqlı informasiya, bilik və təcrübə mübadiləsi həyata keçirdilər. Müxtəlif statuslu elmi və elmi-texniki konfransların keçirilməsi və seminar, forum, layihə və sərgilərdə birgə iştirak edilməsi üzrə qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi ətraflı formada müzakirə edilib.

Görüşün sonunda Xəzər Universiteti ilə Bakı 15 saylı Mediasiya Təşkilatı arasında mediasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair memarandum imzalanıb.

Memoranduma əsasən, biznes mühitində mediasiya ənənələrinin yaranması, dünyanın qabaqcıl mediasiya nailiyyətlərinin yerli sahibkarlığın inkişafına tətbiq edilməsi, bu sahədə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına köməklik göstərilməsi məqsədilə həyata keçirilən elmi və elmi-praktiki konfrans, seminar və forumlarda Universitetin elmi heyəti ilə Mediasiya Təşkilatının mütəxəssisləri müvafiq təcrübənin öyrənilməsi və elmi əsaslarının formalaşdırılmasında birlikdə çalışacaqlar.

Həmin memorandum çərçivəsində Mediasiya Təşkilatı Universitetin mediasiya, iqtisadiyyat, maliyyə, biznes və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələrinin tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının Təşkilatın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndirməsi üçün şərait yaradacaq.
Razılaşmaya əsasən, dünyanın tanınmış universitetləri ilə tərəfdaşlıq əsasında mediasiya, iqtisadiyyat, biznes və idarəetmə ixtisasları üzrə rəqabət qabiliyyətli yerli kadrların hazırlanması məqsədilə universitet tələbələri Mediasiya Təşkilatında biznes konfliktlərində danışıqlar və mediasiya təcrübəsini öyrənəcək, günlük seminar və təcrübə proqramlarında iştirak edəcəklər.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar