Südabəyə dəyən “İMAM ŞİLLƏSİ”

06 Sentyabr 2020 18:30    572 Baxış   
Südabəyə dəyən “İMAM ŞİLLƏSİ”
O vaxt bizim kənd məscidini təmir edirdilər. Özü də əməlli-başlı. Şiferindən-poluna kimi. Mən hər dəfə məscidin bu yarımtəmirli halını görəndə, üzünü heç vaxt görmədiyim, Təbriz şəhərinin imam-cüməsi Mələkutini xatırlıyıb gülürdüm. Səbəb də o idi ki, Mələkuti adlanan və haqqında bir xeyli anekdotlar dolaşan bu molla həzrətləri eyni bizim kənd məscidi kimi təmir olunan Təbriz məscidlərinin birində moizə deyərkən elan eləmişdi ki: “Şükür xudaya, məscidin kişilər tərəfin qayırdıx qutardıx, qaldı qadınlar tərəf. Onların da gələn həftə əvvəl qabağın, soora da dalını qayırıb bir yollux qurtarışacayıx”. Haqqındakı digər dedi-qodular düşünməyə əsas verirdi ki, Mələkuti bunu bilərəkdən və hayasızlıqdan deyib!

Nəysə ki, bizim məsciddə də, “arvadlar tərəf qayrılmadığından” məscid iki hissəyə ayrılmış, aradan pərdə çəkilmişdi ki, bu ağır əzadarlıq günləri qadınlar da gəlib məsciddə “məylisə”, sinəzənə qulaq assınlar. İmamlarçün sinə vurub, özlərinin dünya günahlarını bağışlatsınlar.

Əslinə qalsa, deyilənə görə, dində belədi ki, qadının ağlamaq səsin kişi eşitməməlidi. Di gəl, təmir söhbəti səbəb kimi bəs edirdi ki, bu illik bu söhbət görməzdən gəlinsin. Kəndin bu bohdana arvadını məscidsiz saxlamaqmı olardı? Ələlxüsus da, məhərrəm ayının bu əziz günlərində.

Molla Mirzə “Quran”ı təzəcə başlamışdı ki, Yüsifəli kişiylə arvadı Südabə məscidin qapısından girdilər. Yüsifəli ha tələsdirsə də, arvadı bu gün “onu da eliyim, bunu da eliyim” deyib, qəsdən yubatmışdı kişini. Əslində, kişi də bu yubanmanın səbəbin bilirdi. Di gəl, üzə vurmurdu. Südabə arvad ərinə İran Culfasından sifariş edib gətirdiyi, qonşusu Zəroş arvada tikdirdiyi “hüştüçiçəyi” (hüştü biz tərəfdə şaftalının başqa adıdı) çadrasını birinci dəfə geyinirdi, ona görə də istəyirdi ki, bütün arvadlar yığışandan, məscid dolannan sora getsin. Bu rəng çadra kənddə heç bir arvadda olmadığından, Südabə uşaq kimi sevinir, həyacanlanırdı.

İstədiyi kimi də oldu. Quran oxunmağına baxmayaraq, bütün arvadlar çevrilib Südabənin çadrasına baxdılar, yerbəyerdən deyilən “can sağlığıynan, toya-şirniyə örtəsən” sözləri Südabənin canına yağ kimi yayılsa da, pərdənin o tərəfində kişiləri, ələlxüsus da Molla Mirzəni narahat elədi. Molla əvvəlcə pauza verdi, sonra isə bayaqkından daha hündür səslə “ ... minəs şeytanir-rəcim...” deyib davam etdi. Pərdənin o üzü “siqnal”ı aldığından, məscid sakitliyə qərq oldu...

Yüsüfəli kişi Südabəynən otuz altı ildi ki, evliydi. “Rituallara əməl edib” Südabə arvadın “sırtından sopanı, qucağından supanı əskik eləməmişdi.” 12 uşaxdan 3-ü ölüb, 9-u qalmışdı ki, bunlar da bir ucu Moskva, bir ucu Bakı-Sumqayıt səpələnmişdilər. Özü də indi də danışanda deyirdi ki, mənim bu arvaddan şikayətim yoxdu. Bircə pis xasiyyəti var ki, hələ mən vurmamış ağlıyır. Şahid olanlar deyirdi ki, Yüsüfəli kişi haqlıdı. Südabə arvad doğrudan da elədi. Elə kişi əlini qovzadımı, ağlıyıb ah-vay edəcəkdi. Yüsüfəli əmi də əsəbləşər, bir vuracaxsa beş vurardı. Vura-vura da, Südabənin rəhmətlik atasını “qəbirdən çıxarıb bir də qəbirə qaytarardı”.
-A qurumsağın qızı nəyə ağlıyırsan? A dədənin kəlləsi belə-belə olsun, niyə zırıldıyırsan? Ay köpəyin balası, mən səni vurmamış niyə hay-küy edirsən? İmkan ver vurum, sonra başla da!

Hərdən də kefinin saz vaxtı, görərdin xahiş edir:

-Südabə, sənnən dönə-dönə xahiş edirəm, sən ölənnəri goru, mən vurmamış ağlama! Gör bir nə baş verir, sonra “zırnavı çal”!

Quran ayələrini bu günlük oxuyub bitirən molla, üzünü Qasım kişiyə çevirib, işarə verdi. Yəni ki, “məylis”i başlaya bilərsən. “Məylis” dediyimiz, Kərbala hadisəsindən bəhs edən hekayət və sonunda da sinəzən idi ki, məhərrəmlik boyunca serial kimi uzanırdı. Qasım əmi “dünənki seriadan özətləri verib, bu günkü bölümə keçdi.” İlk kəliməsi də bu oldu ki:

- İmam yaxınlaşdı atına, atının ipini açdı, ayağını atdı üzəngiyə...

Bahooo... Pərdənin o tayından Südabə arvadın hönkürtüsü məscidi başına götürməzmi...
Yüsüfəli kişi onsuz da hövsələsiz adam idi. Bu gün arvadın həyətdə onu o qədər yubatmağı, “hüştürəngi” çadranın mübarəkbazlıq mərasimi kişini ta bayaxdan “yerindən eləmişdi”. Elə o yığılmış əsəbnən də, yerindən dik qalxıb pərdənin o tayına keçdi, “hüştürəngi çadra” nı bircə saniyədə gözü çaldı və o çadraya tərəf yüyürüb, Südabə arvadı çadraqarışıx saçınna yapışıb qaldırdı. Arda-arda vurulan şillələrlə həmahəng, heca-heca səsi məscidi başına götürdü:

-Sü-da-bə, ay sə-nin də-dəni it çıxartsın, ay qu-rum-sağın qızı, bir im-kan ver görək, bəlkə elə imam atını su-var-mağa a-pa-rır!!!

Çingiz Özgür



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar