Anadolunun milyon illik tarixi – FOTOLAR

20 Fevral 2021 00:00    1122 Baxış   
Anadolunun milyon illik tarixi –  FOTOLAR

Direktor müavini: “Muzey Qurtuluş müharibəsi ərəfəsində yaradılıb”

Xəbər verdiyimiz kimi, bir qrup azərbaycanlı jurnalist Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyə Resbuklikasına işgüzar səfər edib. Azərbaycanlı jurnalist heyəti İstanbul şəhərindən sonra ikinci səfərini Türkiyənin paytaxtı Ankara şəhərinə edib. Səfərin ilk günü jurnalistlər Nazirliyin əməkdaşları ilə Türkiyə və Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məkanları ziyarət ediblər. Ziyarət edilən məkanlardan biri də Türkiyənin ən böyük tarix və mədəniyyət muzeyi olan Anadolu Mədəniyyətlər Muzeyi olub.

Anadolu Mədəniyyətlər Muzeyi paytaxt Ankaranın Altundağ rayonunda yerləşir və ölkənin ən böyük milli tarix və arxeologiya muzeyi sayılır. Muzeydə Anadolu bölgəsinin 1,2 milyon il bundan əvvəl və bu günə qədər olan arxeoloji əsərləri xronoloji ardıcıllıqla sərgilənir və muzeyi ziyarət edənlərə bu barədə ətraflı məlumatlar verilir.

Anadolu Mədəniyyətlər Muzeyi əvvəllər sadəcə bölgənin ilk dövləti olan Hettlər dövrünə aid əsərləri sərgiləsə də, daha sonra digər sivlizasiyalara aid əsərlərə də yer verib ve muzey artıq Hettlər Muzeyi yox, Anadolu Mədəniyyətləri Muzeyi adlandırılmağa başlayıb.

Həmçinin, muzey 1997-ci ilin 19 aprelində İsveçrənin Lozanna şəhərində Avropa İttifaqının nəzdində yer alan Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən tədbirdə 68 ölkəyə məxsus muzeyləri qabaqlayaraq, “Avropada İlin Muzeyi” mükafatına layiq görülüb və Türkiyədə bu mükafatı qazanan ilk muzey kimi tarixə düşüb.

Ziyarət əsnasında Anadolu Mədəniyyətlər Muzeyinin direktor müavini Murad Yıldırım AYNA-ya özəl müsahibə verib.

- Murad bəy, Türkiyənin ən böyük tarix və mədəniyyət muzeyi olan Andolu Mədəniyyətlər Muzeyi Türkiyə üçün nə qədər əhəmiyyət kəsb edir?

- Anadolu Mədəniyyətlər Muzeyi Türkiyə Cümhuriyyətinin ilk muzeyidir və əsası 1921-ci ildə qoyulub. Muzey Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün bilavasitə istəyi və təlimatları ilə qurulub və muzeyin qurulma qərarı hələ Türkiyənin Qurtuluş müharibəsi apardığı zaman verilib. Yəni, Türkiyənin Sakarya müharibəsi, Qurtuluş müharibəsi aparadığı zamanlarda verilən qərarla bu muzey təsis edilib və ona görə də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir.

- Muzeyin quruluşu ilə bağlı nə deyə bilərsiz?

- Muzey Ankara qalasının çöl divarlarının Cənub-Şərq sahilində, yeni funksiya verilərək tərtib edilmiş iki Osmanlı quruluşunda yer alır. Bu quruluşlardan biri Vəli Mahmud Paşa tərəfindən tərtib edilən Mahmud Paşa karvansarayı, digəri isə Rum Mehmet Paşa tərəfindən tərtib edilən Qurşunlu Xandır. Mehmet Paşa Xan əsas idarə binamız, Mahmud Paşa karvansarayı quruluşu isə əsərlərin yer aldığı binadır. Hər ikisi də Osmanlı dövrü Ankarasının monumental quruluşlarındandır. Əsərlərin yer aldığı Mahmud Paşa karvansarayı binası Sultan Mehmet Fatehin baş vəzirlərindən olan Mahmut Paşa tərəfindən qurulub. Hər iki bina da çox önəmlidir.

Əslində, muzeyimiz əvvəlcə bu iki binada qurulmayıb. Belə ki, muzey əvvəlcə Ankara qalasının sığınacaq kimi fəaliyyət göstərən Akkale hissəsində qurulub və ondan sonra Anadolunun bir çox bölgəsindən muzeyə əsərlər gətirilib. Lakin Akkale əsərlərə ev sahibliyi etməyə yetərsiz olduğu üçün yeni bina axtarışına başlanılıb və vaxtı ilə bu binanın yerində yerləşən karvansarada muzeyin qurulmasına qərar verilib. Düzdür, karvansara o vaxt dağınıq vəziyyətdə olub. Çünki 1881-ci ildə karvansarada meydana gələn yanğından sonra karvansara sahibsiz qalıb. Lakin bina 1938-1968-ci illərdə əsaslı restavrasiyadan sonra əsərlərə qucaq açıb və Malatyadan, Qaziantepdən, Kahramanmaraşdan, Çorumdan tapılan əsərlər buraya toplanmğa başlanılıb.

Daha sonra da Anadoluda arxeoloji qazıntılar davam edib və aşkarlanan tarixi tapıntılarla birlikdə yeni tərtib meydana gəlib. Əsərlərimiz insanlığın ilk illərindən ta bu günə qədər olduğu üçün ekspoziyalardan ibarət olan tərtibatımız da tarixlərə görə xronoloji ardıcıllıqla muzeydə yer alır. Yəni, muzeyimizdə bizim eradan, təxminən 1.2 milyon əvvələ aid əsərlər var. Xronologiya insanların ilk dəfə mağaralarda yaşamağa başladığı dövrlərdən insanların ilk dəfə sənaye modelinə keçdiyi neolit dövrü ilə davam edir və daha sonra dövrlər dəyişdikcə, yəni, tunc dövrləri, ticarət koloniyaları, krallıq zamanı, Hettlər dövrü, həmçinin Firigiya və Urartu dövrləri ilə xronoloji ardıcıllıq davam edir. Bir də yeni istifadəyə verilmiş salonumuz var ki, burada da dövrlər ərzində Ankarada arxeoloji qazıntılar nəticəsində əldə edilən əsərlər sərgilənir. Bununla yanaşı, digər bir salonumuzda da dövrlərə görə sikkələr kolleksiyamız sərgilənir.

- Muzeydə yer alan tarixi əsərlər daha çox Türkiyənin hansı şəhərlərindən əldə edilib?

- Türkiyənin hər şəhərindən olmasa da, hər bölgəsindən əsərlərimiz var. Belə ki, həm Antalyadan, həm İstanbuldan, həm Ağsaraydan, həm Adanadan, həm Qaziantepdən, həm Malatyadan, həm Vandan, həm Ağrıdan və həm də Anadolunun bir çox yerlərindən əsərlər buraya gətirilib və milli muzey ərsəyə gətirilib. Bununla yanaşı, araşdırmalarımız hələ də davam edir və yeni kolleksiyalarla muzeyimizi inkişaf etdirməyə davam edirik. Yəni, hələ də muzeyimizə əsərlər gəlir və qeydiyyata alınaraq sərgilənir.

- Keçmiş Anadolu və yeni Türkiyə mədəniyyətləri arasında hansı fərqlər var və bu mədəniyyətlər tarixlərə görə necə dəyişib?

- Əslində, mədəniyyət dinamik bir konsepsiyadır. Yəni, tarixin ilk insanları min illər əvvəl fərqli bölgələrdə yaşasalar da, eyni həyatı yaşayıblar. Elə bu gün də dünyada bənzər bir tablo var. Yəni, fərqli bölgələrdə bənzər mədəniyyətlər yaşanır. Amma dediyim kimi, mədəniyyət cəm şəkildə olan bir nəsnədir. Anadolu mədəniyyəti üçün də bunu deyə bilərik. Ki, türklər Anadoluya böyük köç şəklində gəlməyə başladıqdan sonra mövcud Anadolu mədəniyyəti ilə də qaynayıb-qarışaraq daha güclü quruluş meydana gətiriblər. Anadolunun bu qədim kültürlərini də bu gün muzeyimizdə görə bilərik.

- Türkiyə xaricində ən çox hansı ölkələrin mədəniyyətləri sizi daha çox cəlb edir və izləyirsiz?

- Azərbaycan bizim qardaş ölkəmiz olduğu və istər şəxsi, istərsə də dövlət siyasətində “Bir millət, iki dövlət” şüarı ilə yaşadığımız üçün, həm də arada qardaşlıqdan da əlavə yaxın qonşuluq əlaqələri olduğu üçün, Azərbaycan tarixi və mədəniyyəti bizi daha çox cəlb edir. Təbii ki, Azərbaycan və Türkiyə bir çox şeyi paylaşır, yaxşı gündə də, pis gündə də bir-birinin yanında olur. Ona görə də Azərbaycandakı bütün irəliləyişlər bizim üçün ön sırada yer alır.

- Bir müddət əvvəl Azərbaycan və Türkiyə hökumətləri arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında saziş imzalandı. Bunu necə dəyərləndirirsiz?

- İmzalanan saziş hər iki ölkənin dövlət siyasətidir və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin çapında dəyərləndirilməli olan bir mövzudur. Təbii ki, qəbul edilən bu qərar bizi sevindirir və bunu müsbət qarşılayırıq.

Fotoları təqdim edirik:


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar